Rövnəq Abdullayev Fransa Sahibkarlar Təşkilatının nümayəndə heyəti ilə müzakirə aparıb - Qəbul

img

12-05-2016 [22:59]


Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin baş ofisində Bakıda səfərdə olan Fransa Sahibkarlar Təşkilatının (MEDEF) nümayəndə heyəti ilə görüşdə deyib.

Mia.az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, Rövnəq Abdullayev Azərbaycanda neft işinin qədim tarixindən və neft-qaz sənayesində qazanılan uğurlardan danışıb, ölkəmizin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən beynəlxalq və regional əhəmiyyətli enerji layihələri haqqında ətraflı məlumat verib.

Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini qeyd edən R. Abdullayev SOCAR ilə Fransa şirkətləri arasında uzunmüddətli, səmərəli əməkdaşlığın mövcudluğunu vurğulayaraq, onların Azərbaycanda həyata keçirilən enerji layihələrində yer aldığını qeyd edib. O, "Abşeron” qaz-kondensat yatağının işlənilməsi üzrə Fransa şirkətləri ilə əməkdaşlığın uğurla davam etdiyini söyləyib.

Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyətindən söz açan R. Abdullayev bu layihə üzrə də işlərin cədvələ uyğun şəkildə uğurla irəlilədiyini, həmçinin investisiya layihələri çərçivəsində Fransa bankları ilə səmərəli əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb.

MEDEF-in biznes şurasının prezidenti, SUEZ qrupunun baş direktorunun müavini xanım Mari-Anj Döbon Azərbaycana səfərdən məmnun olduqlarını qeyd edib, ölkəmizdə gedən sürətli inkişaf prosesini böyük maraqla izlədiklərini deyib. O, nümayəndə heyətində 30 şirkətin təmsil olunduğunu, bugünkü görüşdə isə enerji sektoru nümayəndələrinin iştirak etdiyini nəzərə çatdırıb.

Prezident İlham Əliyev və bir sıra nazirlərlə keçirdikləri görüşlər haqqında təəssüratını bölüşən xanım Döbon Azərbaycan və Fransa dövlət başçıları arasında mütəmadi görüşlərin iki ölkə arasında münasibətlərin inkişafında xüsusi rol oynadığını diqqətə çatdırıb. Qonaq Fransa biznes dairələrinin Azərbaycanla əlaqələri daha da inkişaf etdirməyə, hazırda həyata keçirilən və gələcək üçün planlaşdırılan investisiya layihələrində iştiraka hazır olduqlarını deyib.

MEDEF nümayəndə heyətinin başçısı Bakıda fəaliyyət göstərən Fransız Liseyi Təhsil Kompleksində olduqlarını, Fransa-Azərbaycan əməkdaşlığının məhsulu olan belə yüksək səviyyəli məktəbin ərsəyə gəlməsində və idarə olunmasında SOCAR-ın xüsusi rol oynadığını və buna görə SOCAR rəhbərliyinə təşəkkürünü bildirib.

Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Görüşdə iştirak edən "TOTAL E&P Europe & Central Asia Limited”, "ENGIE”, "SUEZ” və digər fransız şirkətlərinin nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA