Prezident gəmiqayırma zavodunun təməlqoyma mərasimində iztirak edib

img

19-03-2010 [02:52]


Martın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun yaxınlığında inşa olunacaq müasir standartlara cavab verən gəmiqayırma zavodunun təməlqoyma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Zavodun eskiz layihəsi ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, Xəzər dənizi hövzəsində yeganə olacaq bu zavodda ildə 25 min ton metal konstruksiya hazırlamaq, 15 min ton yükgötürmə qabiliyyəti olan 4 tanker (və ya 60-70 min ton yükgötürmə qabiliyyəti olan 2 ?Caspian Max? tipli tanker) və 4 yedək-təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkün olacaq. Ötən ilin noyabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Sinqapurun ?Keppel Offshore & Marine? şirkəti arasında zavodun inşasına və istismarına dair Anlaşma Memorandumu imzalanmışdı. Layihədə ARDNŞ 65, AİŞ 25, ?Keppel Offshore & Marine? şirkəti isə 10 faizlik iştirak payına sahibdirlər. İlkin hesablamalara görə, layihənin dəyəri təxminən 300-350 milyon ABŞ dolları təşkil edəcəkdir. Zavodun tikintisinin 2,5-3 ilə başa çatdırılması nəzərdə tutulur. Müəssisə işə düşəndən sonra ilkin mərhələdə burada min, 3-5 ildən sonra isə 1700-2000 nəfər işlə təmin olunacaqdır. Prezident İlham Əliyev zavodun maketinə və monitorda layihə görüntülərinə baxdı. Dövlətimizin başçısı mərasimdə çıxış edərək, Xəzərdə ilk belə müasir zavodun tikintisinin Azərbaycanın dəniz donanması üçün yeni gəmilərin tikintisində və mövcud gəmilərin təmirində xüsusi əhəmiyyətə malik olacağını bildirdi. Sinqapurun xarici işlər naziri Corc Yonq-Bun Yeo mərasimdə çıxış etdi. Sonra Prezident İlham Əliyev gilizi təmələ buraxdı, beton qarışığı tökdü.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA