Vüqar Bayramov: ?Sahibkarların izinə yersiz müdaxilələrə son qoyulması ilə bağlı prezident fərmanına ehtiyac var?

img

16-03-2010 [04:25]


Ölkə başçısı İlham Əliyevin dövlət strukturlarına sahibkarların işinə yersiz müdaxilələrinə son qoymaları barədə xəbərdarlığı müzakirə mövzusu olaraq qalır. Xatırladaq ki, İ.Əliyev məlum bəyanatı Bakı Bisnez Mərkəzində keçirilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına həsr olunan konfransda verib. Azərbaycanın iqtisadi imkanlarının getdikcə genişləndiyini vurğulayan prezident bildirib ki, sahibkarlara dövlət dəstəyi artırılmalı və onların işinə əsassız müdaxilələrə son qoyulmalıdır. O həmçinin deyib ki, icra orqanları sahibkarlara kömək etməlidirlər. Onların işinə qarışmamalıdırlar. Dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdır: ?Buna ehtiyac yoxdur, artıq Azərbaycanda iqtisadi islahatlar sahəsində böyük işlər görülüb, biz şəffaflığa nail ola bilmişik. Belə olan halda yersiz yoxlamalar, müdaxilələr əsassızdır. Buna son qoyulmalıdır. Əlbəttə ki, sahibkarlar dövlət və xalq qarşısında öz vəzifə borclarını şərəflə yerinə yetirməli, vergiləri vaxtı-vaxtında ödəməlidir?. Nəzərə çatdıraq ki, bu gün doğurdan da dövlət strukturlarının sahibkarların fəaliyyətinə müdaxiləsi özəl sektorun inkişafına mane olan başlıca amillərdəndir. Belə ki, ayrı-ayrı mərkəzi və yerli icra hakimiyyəti, vergi, gömrük, hüquq-mühafizə və sanitar-epidemioloji xidmət orqanları sahibkarların işinə yerli-yersiz müdaxilələr edirlər. İş məhkəmə çəkişməsi səviyyəsinə qədər gedib çatdıqda isə iqtisadi mübahisələrin həllində süründürməçiliyə yol verilir, qeyri-obyektiv qərarlar qəbul olunur. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, müdaxilələrin qarşısını almaq məqsədi ilə prezident tərəfindən növbəti fərmanın verilməsinə ehtiyac var: ?Bir tərəfdən qlobal maliyyə böhranı sahibkarların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanını məhdudlaşdırıb, digər tərəfdən isə müdaxilələrin qalması, bəzi hallarda artması onların fəaliyyət göstərməsinə, eləcə də fəaliyyətlərini genişləndirməsinə imkan vermir. Monitorinqlərimiz də göstərir ki, qlobal maliyyə böhranı başladıqdan sonra sahibkarlıq subyektlərinin fəaliyyətinə müdaxilələr artıb?. Vüqar Bayramov bildirib ki, sahibkarlığın inkişafına mane olan bürokratik əngəllərin, müdaxilələrin qarşısının alınması haqqında hüqüqi sənəd, yəni fərman sonuncu dəfə 2002-ci ilın 28 sentyabrında imzalanıb. Düzdür, bundan əvvəl də prezidentin ?İstehsalat, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə? 1996-cı il 17 iyun tarixli 463 nömrəli və ?Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında? 1999-cu il 7 yanvar tarixli 69 nömrəli fərmanları, o cümlədən 1997-ci il 24 iyun tarixli 610 nömrəli fərmanı ilə təsdiq edilmiş ?Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramı (1997-2000-ci illər)? olub. Lakin 2002-ci ildə verilən fərmanda müdaxilələrin aradan qaldırılması üçün konkret müddəalar nəzərdə tutulurdu. Məsələn, həmin sənədə əsasən Daxili İşlər Nazirliyinin İqtisadiyyatda Cinayətkarlıqla Mübarizə İdarəsi ləğv edildi. Rabitə Nazirliyinə, Səhiyyə Nazirliyinə və digər aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə bu qurumlar tərəfindən aparılan qanunsuz yoxlamaları və sahibkarlara törədilən maneələri aradan qaldırmaq tapşırıldı. Ekspertin sözlərinə görə, sahibkarlıq subyektlərinin fəaliyyətinə müdaxilələrin artması səbəbindən əvəllər sahibkarlıqla məşğul olanlar arasında 2009-cu ildə fəaliyyətlərini dayandıranlar olub: ?Respublikanin şimal bölgəsində apardığımız monitorinqlər göstərir ki, kənd təsərrüfatında çalışan sahibkarlıq subyektlərinin xərclərinin təxminən 31, yəni 30 faizindən artığını onların fəailiyyətinə yaradılan yersiz müdaxilələr nəticəsində yaranan qeyri-rəsmi ödənişlər təşkil edir. Bu ödənişlərin bir qismi hüquq mühafizə orqanlarına, dıgər qismi yerli icra orqanlarına, eləcə də dövlət qurumlarına çatır. Praktiki olaraq,yersiz müdaxilələr sahibkarlıq subyektlərinin xərclərinin artmasına gətirib çıxarır. Eyni zamanda onların işləmək imkanlarını məhdudlaşdırır. Azərbaycanda sahibkarlıq subyektlərinin fəaliyyətinə müdaxilələrin başqa dövlətlərlə, MDB ölkələri ilə müqasədə spesifikasi bizdə qeyri-rəsmi ödənişlər və ya rüşvəti əksər hallarda sahibkarlıq subyektinın öz işini keçirmək, hər hansı işı tezləşdirmək istədiyi üçün verməsindən ibarətdir. Bəzən isə qeyri-rəsmi ödənişi ona görə edilir ki, dövlət qurumu və ya icra hakimiyyəti orqanı sahibkarın işinə müdaxilə etməsin. Bölgələrdə hüquq mühafizə orqanlarına qeyri-rəsmi ödənişlərin edilməsi heç də sahibkarlıq subyektinin öz işini reallaşdırmaq və ya prosesi sürətləndirmək məqsədi ilə bağlı deyil.Sadəcə bunu o səbəbdən edirlər ki, hüquq mühafizə orqanları onların işinə müdaxilə etməsinlər?. Mütəxəsssis deyir ki, paytaxtda problem daha böyükdür:? Nəzərə alsaq ki, qlobal maliyyə böhranının 2010-cu ildə də davam etməsi gözlənilir və bunun nəticəsində sahibkarlıq subyektlərinin öz fəaliyyətlərini genişləndirmək imkanları məhdud olacaq, yəni manatın möhkəmlənməsi ilə qonşu ölkələrdə devalvasiya proseslərinin getməsi nəticəsində ixracla məşğul olan sahibkarlıq subyektlərinin ixrac imkanları məhdudlaşıb, qanunsuz müdaxilələrin aradan qaldırılması üçün prezident tərəfindən fərman imzalanmasına ehtiyac var?. V. Bayramov bilidirir ki, sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin aradan qaldırılması üçün hər bir dövlət qurumu ?Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Daxili İşlər Nazirliyi, Rabitə Nazirliyi, Səhiyyə Nazirliyi o cümlədən Dövlər Gömrük Komitəsi üzrə konkret vəzifələr müəyyənləşdirilməlidir: ?Qurumlar üzrə sahibkarlara qarşı müdaxilələri aradan qaldırmaq istiqamətində konkret tapşırıqlar qeyd olunmalıdır?. Ekspert hesab edir ki, sahibkarlara qarşı madaxilələrin aradan qaldırılması üçün hüqüqi bazanın möhkəmləndirmək üçün müəyyən qanunuvericilik aktlarına dəyişikliklər də vacibdir: ?Sahibkarlıq fəaliyyətinə lisenziya verən, nəzarət edən qurumların yanında qaynar xətlərin fəaliyyəti o qədər də səmərəli deyil. Adətən bölüşdürücü qurumlarda, komitələrdə olan qaynar xətlərə edilən mürtacıətlər bir sıra hallarda cavabsız qalır. Yəni, hər hansı nazirliyə onunu əməkdaşından şıkayət olunursa bu cavabsız qalır. Amma Nazirlər Kabineti üst qurumdur. Nazirlər Kabinetinin yanında qaynar xəttin yaradılması daha səmərəli olar. Bundan əlavə görülməli tədbirlərdən biri də səyyar vergi yoxlamalarının 2010-cu ilin sonunadək təxirə salınması olmalıdır. Çünki, 2009-cu ilin yekunları göstərir ki, bir sıra sahibkarlıq subyektləri ötən ili heç də uğurla başa vurmayıblar. İqtisadi İnkişaf Nazirliyi süni qiymət artımlarına qarşı uğurlu mübarizə aparsa da bu qurumun yanında fəaliyyət göstərən Sahibkarlara Kömək Milli Fondunun kreditlərin bölüşdürülməsi prosesinı şəffaf həyata keçıirməsi üçün tədbirlər hazırlanmalıdır. Kreditlərin şəffaf bölüşdürülməməsi sahibkarlığın inkişafını stimullaşdırmır. Dövlət Gömrük Komitəsi gömrük orqanları tərəfindən sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə hallarına son qoyulması təmin olunmalıdır. O cümlədən məhkəmələrə iqtisadi və sahibkarlıq fəaliyyətinə dair mübahisələrin həlli ilə bağlı qərarların qəbulunda qanunun aliliyini təmin etmək, mübahisələrin baxılmasında süründürməçilik hallarına yol verməmək tövsiyyə edilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA