"Kənd təsərrüfatı naziri dövlətin maliyyə fondunu dağıtmaqla məzğuldur"

img

21-02-2010 [04:08]


[b]Cümşüd Nuriyev: "Kənd təsərrüfatı naziri, o tərəfdən nəqliyyat nazirinin yürütdüyü siyasət camaatı prezidentdən narazı salmağa yönəlib" [/b] Bir müddət əvvəl Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar zamanı dövlət büdcəsindən fermerlərə verilən subsidiyalarda mənimsəmə halları aşkarlandı. Təbii ki, fermerlərə ayrılan subsidiyaların müəyyən hissəsinin mənimsənilməsi kənd təsərrüfatının inkişafına ciddi maneədir. Bu və ya digər məsələlərlə bağlı müsahibə verən kənd təsərrüfatı nazirinin keçmiş müavini, tanınmış iqtisadçı Cümşüd Nuriyev isə həm kənd təsərrüfatı naziri, həm də digər hakimiyyət mənsubları ilə bağlı kəskin tənqidlər səsləndirdi: - Azərbaycan keçid mərhələsini başa vurmaq üzrə olan ölkə olduğuna görə, təbii ki, dövlət həm sahibkarlığı inkişaf etdirmək, həm daxili bazarı qorumaq, həm də keyfiyyətli qida məhsulları istehsal etmək üçün dotasiya verir. Amma Maliyyə Nazirliyi həmin dotasiyanı Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi hesab əsasında gündəmə gətirir. Çox təəssüf ki, bizim kənd təsərrüfat nazirinin xəbəri yoxdur ki, ölkədə hansı proses gedir. Əksər rəqəmlərin arxasında kənd təsərrüfatı naziri durduğuna görə, Maliyyə Nazirliyi ona uyğun hərək edir. Amma bu vəsait hamının olduğuna görə Maliyyə Nazirliyi təbii ki, bununla maraqlanmalıdır. Onu da qeyd etməliyəm ki, bu məlumatın verilməsi təsadüfi deyil. Bu, əslində dövlətin maliyyə dəstəyinin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən mənimsənilməsi kimi gündəmə gəlir. Maliyyə Nazirliyi də bunun qarşısını almaqdan ötrü bu addımı atır. Amma bu dotasiyalar kəsilsə, Azərbaycan bunun ağır fəsadları ilə qarşılaşa bilər. [b]- Belə təklif səsləndirənlər də var ki, dövlət kənd təsərrüfatına subsidiyalar deyil, güzəştli kreditlər versin. Çünki bu subsidiyalar ünvana çatana qədər yerli icra orqanları tərəfindən mənimsənilməyə məruz qalır... [/b] - Əslində güzəştli yox, faizsiz kredit versələr yaxşı olar. Onda dövlət ikitərəfli qazanar. Subsidiyaların geri gəlmək etimalı yoxdur, amma faizsiz kredit ayırsa, şapka sistemi ləğv olunsa, daha səmərəli olar. İkinci bir yolu da var ki, dövlət yerlərdə aqrolizinqlər açmaqla, öz hesabına aldığı vəsaitləri aşağı qiymətlə versin. Çox təəssüf ki, Kənd Təsərrüfatı Nazirliyinin sistemi ötən əsrdən qalan səviyyədən də aşağıdır. Yəni Azərbaycanda aparılan bütün islahatlara baxmayaraq, Kənd Təsərrüfatı Nazirliyi bütün səviyyələrdə, istər maddi-texniki, istər maliyyə dəstəyi, istərsə də digər elmi-texniki səviyyələrdə Qırğızıstanda da aşağı səviyyədədir. Bu nazirliyin hələ indiyə qədər bir dəfə ağıllı siyasət yürütdüyünü heç kəs görməyib. Görməsi də mümkün deyil. Çünki nazirliyə bu işdən xəbəri olmayan bir adam rəhbərlik edir. Əslində kənd təsərrüfatı dövlət üçün çox strateji sahədir. Çünki Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirmək üçün hər bir addımı atır. Azərbaycanda aqrar sahədəki bütün uğurlarda kənd təsərrüfatı nazirinin rolu sıfırdır. Biz Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəyirik və bu, reallaşan kimi subsidiya, dotasiya, - hamısı ləğv olunacaq. Belə bir şey Azərbaycanı hazırlıqsız yaxalansa, fəsadları ağır olacaq. İsmət Abbasov kimi kənd təsərrüfatı naziri ilə ÜTT-na üzv olanda Azərbaycanın halına ağlayan lazım olacaq. Bu nazir əldə etdiyimiz bütün nailiyyətləri batıracaq. Ona görə də bu adam o posta saxlanılmamalıdır. [b]- İsmət Abbasov istefaya göndərilsə, bu problemlər həll olunacaq?[/b] - İsmət Abbasov təkcə istefaya getməməlidir, o, etdiklərinə görə cavab verməlidir. Bəli, kadr hər şeyi həll edir. Azərbaycanda bazar münasibətlərini bilən, aqrar sistemi dərk edən, ən azı yeni düşüncə tərzinə malik bir adam kənd təsərrüfatı naziri olmalıdır. O nazirliyin əksəriyyətinin düşüncə tərzi ən azı cəmiyyətdən 50 il geri qalır. [b]- Deyirsiniz ki, İsmət Abbasov əməllərinə görə cavab verməlidir. Nəyi nəzərdə tutursunuz? [/b] - Yəni İsmət Abbasov elədiklərinə görə məsuliyyətə cəlb olunmalıdır. Əgər bir məmur dövlətin yürütdüyü siyasətin həyata keçirilməsinə nəinki kömək eləmir, mane olursa, bu adamı məsuliyyətə cəlb edirlər. Dünyanın hər yerində belədir. Bunlar əkin sahəsində aldadırlar, lizinq sistemində aldadırlar, rüşvət baş alıb gedir, aşağı keyfiyyətli traktorları, texnikanı alırlar, keyfiyyətliləri isə kənarda qalır. Baxın, Azərbaycan bazarına lazım olmayan Çinin, Malaziyanın kənd təsərrüfatı texnikasını alırlar. Bundan başqa, Azərbaycan şəraitinə uyğun olmayan toxum, cins mal-qara gətirilir, geni modifikasiya olunmuş ərzaq məhsullarının ölkəyə gətirilməsinə şərait yaradılır. Kənd təsərrüfatı naziri dövlətin maliyyə fondunu dağıtmaqla məşğuldur. Eyni zamanda ən qorxulusu genefonddur, Azərbaycanın milli genefondu məhv olmaq üzrədir. Bu nazirlik isə başda rəhbəri olmaq şərtiylə rüşvət yığmaqla məşğuldur. [b]- Kənd təsərrüfatı naziri bildirmişdi ki, Azərbaycanın taxıl problemi yoxdur və xaricdən taxıl alınmayacaq. Hətta bir müddət öncə İsmət Abbasov çörəyin qiymətinin də aşağı salınmasını təklif etmişdi...[/b] - Əvvəla onu deyim ki, onu bəyan edən nazir çox gülməli bir vəziyyətdədir. Dünyada taxıl problemini həll edən bir neçə dövlət var, həmin siyahıda Azərbaycan yoxdur, olma ehtimalı da sıfıra bərabərdir. Əgər İsmət Abbasov Azərbaycanın taxıl problemini həll edibsə, nədən ərzaq təhlükəsizliyində taxılla təminetmə faizi 2/3 səviyyədə deyil? Ayıbdı, heç olmsa, danışmasınlar, savadsız danışıb özlərini biabır etməsinlər. Azərbaycan son 5-6 ayda 500 min ton taxıl alıb, hələ də bunu davam elətdirirlər. Bunu bilməyən yoxdur, bilməyən yalnız bir adam ola bilər, - o da İsmət Abbasovun özüdür. [b]- Fövqəladə hallar naziri Kəmaləddin Heydərov da xaricdən taxıl alındığını bildirib. Belə çıxır ki, İsmət Abbasov yalan məlumat verir?[/b] - Taxıl Fondu Fövqəladə Hallar Nazirliyinə baxdığına görə, onlar vəziyyəti daha düzgün qiymətləndirirlər. Amma bir adam İsmət Abbasovdan soruşmadı ki, Azərbaycanda kolxoz, sovxoz sistemi yoxdur, o, hektarı nə ilə müəyyən elədi. Bu adamın dediyindən belə çıxır ki, 1,2 milyon əkibsə, 3 milyon taxıl götürülürsə və onun içində bütün dənlilər gedirsə, onda Azərbaycanda taxılın məhsuldarlığı hansı səviyyədədir. Əgər 12 sentner əkirsə, 25 götürmürsə, hansı effektdən danışmaq olar? Axı İsmət Abbasovun bu işlərdən xəbəri yoxdur. Bundan başqa, əgər Azərbaycan taxıl problemini həll etmişdisə, nəyə görə 300-500 milyon dollar vəsait ancaq taxıl alınmasına sərf olunur? [b]- Hesablama Palatasının da kənd təsərrüfatı sahəsində yoxlamalara başladığı bildirilir. Necə düşünürsünüz, bu yoxlamalar nə ilə nəticələnə bilər?[/b] - Vallah, mən İsmət Abbasovun hesabatına baxandan sonra Azərbaycanın kənd təsərrüfatına yararlı əkin sahələrini hesabladım, hətta işğal olunmuş əraziləri də ora qatdım. Məlum oldu ki, onun dediyi rəqəmlərlə Azərbaycanın taxıl istehsalı mümkün olan əraziləri üst-üstə düşmür. Sən demə, İsmət Abbasov "böyük kəşf" edib. Yəni Azərbaycanda o qədər taxıl istehsalı üçün əkinə yararlı torpaq sahəsi ümumiyyətlə, yoxdur. Bu adam Çindəki kimi damda-bacada da taxıl əkib. Bu boyda yalan olmaz axı. [b]- Cümşüd müəllim, başqa bir məsələyə keçmək istərdim. FHN-nin son kollegiya iclasında Azərbaycanda 82 körpüdə qüsurların olduğu bildirildi. Bəzi ekspertlər bunu FHN rəhbəri Kəmaləddin Heydərovla nəqliyyat naziri Ziya Məmmədov arasındakı savaşın nəticəsi kimi dəyərləndirir. Bu barədə Siz nə deyə bilərsiniz? [/b] - Qeyd etdiyiniz məsələləri o müstəviyə çəkmək məncə, düz deyil. Hesab edirəm ki, bunlar nəqliyyat nazirinin maliyyəsi ilə çıxan qəzetlərin informasiyasından başqa bir şey deyil. Əslində Fövqəladə Hallar Nazirliyinin kollegiya iclasında deyilən məsələlər Azərbaycan dövlətinin və xalqının mənafeyinə xidmət edir. Körpülər uçanda, ölüm olanda bəlkə də indiki nəqliyyat naziri olmayacaq. Bu problemlər indidən deyilməlidir ki, həll olunsun. Necə yəni, hamı çox gözəl bilir ki, 20 Yanvar dairəsindəki körpünün iki qanadı "yeyildi". Dünyanın heç bir yerində körpü qanadı "yeyilməmişdi", onu da Azərbaycanda elədilər. [b]- Bu məsələləri birbaşa Ziya Məmmədovla bağlamaq olarmı?[/b] - Hazırda vəzifədə Ziya Məmmədovdur və bu işə məsuliyyəti də o daşıyır. Ona görə də əgər körpülərin inşasında bu qədər qeyri-professionallıq, təhlükə varsa, nədən bu deyilməməlidir? Düşünürəm ki, bunu hansısa savaş müstəvisinə çəkmək lazım deyil. Normal dövlətlərdə Fövqəladə Hallar Nazirliyinin dediyi məsələləri media dəstəkləyir. Amma bizdə tərsinədir. Hər hansı bir nazirlik çatışmazlığı deyəndə, onu başqa müstəviyə çəkirlər. [b]- Ancaq təkcə bu məsələdə deyil, həmişə hakimiyyət daxilində çəkişmələrin olduğu bildirilir... [/b] - Bu il parlament seçkiləri ilidir, müəyyən rəqabət mühiti yaranır. Bundan başqa, Azərbaycan Türkiyənin yürütdüyü səhv siyasətin bir növ girovuna çevrilib. Dağlıq Qarabağla bağlı məsələdə Azərbaycan problemi həll etmək ərəfəsində olanda Türkiyə Qərbin təkidi ilə Azərbaycanı növbəti siyasi tələyə saldı. Bu tələ də Ermənistanla Türkiyə arasında imzalanmış protokoldur. Həmin protokol da Azərbaycan üçün bir bəlaya çevrildi. Hazırda Qərb və ABŞ Azərbaycanı öz nüfuz dairəsinə çəkmək istəyir, Rusiya da buna çalışır. Onların da Azərbaycanda olan yardımçıları bu və ya digər formada dövlət daxilində qruplaşmalara meyl edirlər. Bunlar da dövlətin siyasətinə ziddir. [b]- Deputat Qüdrət Həsənquliyev də deyir ki, hakimiyyətdə elə məmurlar təmsil olunur ki, prezidentin göstərişlərinə əməl etmir, hətta üstüörtülü də olsa, əleyhinə kampaniyalar aparırlar...[/b] - Mən də o fikrimdə qalıram ki, bəli, hakimiyyət daxilində elələri var. Elə qeyd etdiyim kimi, kənd təsərrüfatı naziri, o tərəfdən nəqliyyat nazirinin yürütdüyü siyasət camaatı prezidentdən narazı salmağa yönəlib. Yəni bu, qruplaşmadan çox, harınlaşmağa çevrilib. Bu gün nazirlər yalquzaq canavar kimi ağız-ağıza yatırlar. Belə götürəndə onlar dövlət siyasəti yürütmədiklərinə görə ölkə bütövlükdə ziyan çəkir. Hakimiyyətdaxili qruplaşmalar bu gün daha çox kürsülərini qorumağa yönəlib. Çox təəssüf ki, bizim nazirlərin əksəriyyəti ancaq şəxsi mənafelərini güdən, bir də pulun "temperatur"una dözməyən xəstələrdir. Azərbaycan nazirlərinin harınlamağı o səviyyəyə çatıb ki, bunların övladları da, özləri də bilmirlər ki, nə etsinlər. Pul bunları çaşdırıb. Pulun çaşdırdığı insanlar isə nə dövləti, nə hakimiyyəti, nə də prezidenti görmək istəyir. Daha doğrusu, hazırda özünü prezident görmək istəyən nazirlərimiz yavaş-yavaş "cücərir"lər. [b]- Ad çəkə bilərsinizmi? [/b] - Məni ada-zada salma. Hamı kimin nə istədiyini yaxşı bilir. Azərbaycanın ən böyük faciəsi odur ki, arxasında partiya duran liderlərdən biri də adnan danışmır, ümumi şəkildə "filankəs filan işi edir",- deyir. Hamı gözəl bilir ki, kim dövlət üçün, hansı nazir özü üçün çalışır. O nazirlər ki, bilavasitə dövlətin xəttiylə dövlətə yox, özünə çalışır, özünü daha yuxarıda görür, həmin nazirlər bu dövlətin də, xalqın da düşmənidir. [b]- Bu günə kimi iki iqtisadi inkişaf nazirini tənqid etmisiniz, hər ikisi də istefaya göndərilib. Şahin Mustafayevin fəaliyyəti barədə nə deyə bilərsiniz?[/b] - Vallah, hələ mən onun işini görməmişəm. Nə iş görüb ki, fəaliyyətinə də qiymət verim? Bu barədə bir az keçəndən sonra danışmaq olar. [b]- Niyə ki, xeyli vaxtdır nazir təyin olunub? [/b] - Hələ ortada ağıllı bir şey görmürəm. Əslində bu gün Tarif Şurasının fəaliyyəti yoxdur. Azərbaycanın daxili bazarında bu və ya digər formada qiymət tənzimlənməsi görünmür. Dövlətin nəzarətində olan qiymət sektorunda tənzimlənmə yoxdur. Yəni ən azı səmərəli təklif, iqtisadiyyatda innovasiya yoxdur. Azərbaycanın bir neçə sənaye sahəsi ümumiyyətlə məhv olub. Elektronika, neft-kimya, kimya sənayesi pis vəziyyətdədir. İqtisadi İnkişaf Nazirliyinin ən böyük borcu Azərbaycanı dünya bazarında təmsil etmək və yeni ticarət markasını tanıtmaqdır. Amma indiyə qədər Azərbaycanın dünya bazarında yeni ticarət markasını görməmişəm. Bütün bunlar olmayandan sonra o nazirliyin fəaliyyətinin nəyindən danışım? Bu gün Azərbaycanda tələb təklifə uyğun deyil, bütün bazarları alverçilər götürüb. Hələ bu da azmış kimi, ölkənin daxilində qaçaqmal istehsalı çox güclüdür. [b]- Ötən il - 2009-un sonunda, 2010-un əvvəlində ciddi kadr islahatlarının aparılacağını bildirmişdiniz. Amma hələ də ciddi dəyişiklik yoxdur. Necə düşünürsünüz, bu il hansısa dəyişikliklər olacaqmı? [/b] - Mən, daha proqnoz verməyəcəyəm. Çünki Azərbaycanda qəribə bir tendensiya formalaşıb. Media hansı naziri tənqid edirsə, onu daha çox qorumağa çalışırlar. Bakı şəhərini tari-mar edən Hacıbala Abutalıbova hələ dəyməyiblər. Bu mənada proqnoz verməyi düşünmürəm. Amma bütün hallarda Azərbaycan bir növ kadr siyasətinə hamilədir. Artıq proqnozsuz həyata keçirilən ssenari olmalıdır. Hər halda ölkədəki vəziyyət bunu diktə edir. Yəqin ki, dövlət başçısı bunu çox gözəl anlayır və lazım olan addımları atacaq. [b]Zaur ƏHMƏD[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA