31-01-2010 [05:48]
[b]"Neftin, qazın ixracının yüksək səviyyədə olması, alternativ boru kəmərlərinin tikilməsi Azərbaycan hökumətində arxayınlıq yaradıb" [/b]
Davosda dünya iqtisadiyyatı ilə bağlı müzakirələr zamanı ekspertlər yenə də həyəcan təbili çalaraq, qarşıda dünyanı silkələyəcək iqtisadi krizisin olacağını proqnozlaşdırıblar. Ekspertlər hesab edirlər ki, iqtisadi böhranın növbəti dalğası ölkələrin iqtisadiyyatına ciddə zərbə vuracaq. Fikirlərini bizimlə bölüşən Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, tanınmış iqtisadçı Vahid Əhmədov da ciddi problemlərin olacağını düşünür.
- Öncə onu deyim ki, qlobal maliyyə böhranı qurtarmayıb, davam edir. Bu böhranın nə qədər davam edəcəyi hələ sual altındadır. 2009-cu ildə iri dövlətlərin bir araya gələrək ortaq məxrəcə gəlmələri baş vermədi. Hesab edirəm ki, iqtisadi böhranın birinci dalğası özünü göstərib. Dünya ölkələrinin demək olar ki, hamısı bu böhrandan əziyyət çəkməyə başladılar. Hazırda da bu böhran davam edir. Ona görə də mən də o fikirdəyəm ki, böhranın ikinci dalğası gəlir. Düşünürəm ki, ikinci dalğa təxminən mart ayında dünya bazarında qiymətlərin dəyişməsi ilə hiss olunacaq. Bu böhranın qarşısını almaq üçün dövlətlər indidən müəyyən işlər görməyə başlamalıdırlar.
[b]- Bəs, bu prosesdə Azərbaycanı nə gözləyir? [/b]
- Azərbaycan 2009-cu ildə bu böhrandan uğurla çıxdı. Mərkəzi Bankın atdığı addımlar, dövlət başçısının verdiyi qərarlar bu böhranın qarşısını müəyyən qədər aldı. Təbii ki, Azərbaycan da əziyyət çəkdi. Məsələn, kreditlərin verilməsində banklarda problemlər yarandı, tikinti bazarında sıxıntılar oldu. Amma yenə də qeyd edirəm, aparılan siyasətin nəticəsində çox az zərər gördük. Onu da qeyd edim ki, Azərbaycanın ixrac potensialı yüksək olduğu üçün dövlətlər arasında ən az əziyyət çəkənlərdən oldu.
[b]- Vahid müəllim, birinci dalğadan Azərbaycanın zərərsiz çıxdığını deyirsiniz, bəs ikinci dalğadan necə, zərərsiz çıxa biləcəkmi?
[/b]
- Əvvəla onu deyim ki, Azərbaycanın ehtiyatı var. Nəzərə almaq lazımdır ki, Azərbaycanın valyuta ehtiyatı təxminən 20,4 milyard dollardır, bu da böyük məbləğdir. Digər tərəfdən, Azərbaycan öz ixracını davam elətdirir. Amma bütün bunlara baxmayaraq, dünya bazarında neftin qiymətinin vəziyyəti, birdən-birə azalması, əlbəttə ki, dövlət bücdəsinə, həm də insanların həyat səviyyəsinə təsirini göstərə bilər. İnanmıram ki, 2010-da Azərbaycanda ciddi problemlər yaşansın. Zamanında tədbirlər görülsə, hazırlıqlı olarıq. Bunun üçün kənd təsərrüfatına, sənayeyə, ümumiyyətlə, qeyri-neft sektorunun inkişafına diqqəti artırmaq lazımdır. Bu istiqamətdə müəyyən işlər görülür. Yəni çalışmaq lazımdır ki, Azərbaycanda ehtiyatlardan çox istifadə olunmasın. Bununla yanaşı, manatın məzənnəsini qoruyub saxlamaq lazımdır. Düzdür, bu, Azərbaycan hökumətinə təxminən 1,5 milyard dollara yaxın məbləğə başa gələcək, amma buna baxmayaraq, əhalinin həyat səviyyəsini, alıcılıq qabiliyyətini saxlamaq üçün manatın məzənnəsinin qorunması ən vacib məsələlərdəndir.
[b]- Bəs, hökumətin qarşıdan gələn iqtisadi böhranın növbəti dalğası ilə bağlı hər hansı planı varmı? [/b]
- Hökumətin bununla bağlı planı var, yoxdur, deyə bilmərəm. Amma bilirəm ki, Mərkəzi Bank bir neçə dəfə bununla əlaqədar təkliflər planı hazırlayıb, görünür, özlərinin planları var. Yəqin ki, hökumət də müəyyən planlar hazırlayır. Çünki bu yaxınlarda dövlət başçısı Azərbaycan hökumətinin hesabatını dinləyəndə göstəriş verdi ki, 2010-cu illə bağlı proqram hazırlansın. Xatırladım ki, 2009-cu ildə yalnız investisiya layihələrinə 9,2 milyard vəsait qoyulub. Bu, böyük vəsaitdir və bunun 80 faizi daxili vəsait hesabınadır. Yəni böhran dövründə bu vəsait ayrılıb.
Bizi narahat edən məsələlərdən biri də bankların vəziyyətidir. Düzdür, 2009-cu ildə Azərbaycanda faktiki olaraq, heç bir bank bağlanmadı, amma dövriyyə vəsaitinin az olmasından ola bilər ki, 2010-da bir sıra banklar birləşsin, ya da müəyyən qədər pis vəziyyətə düşsün. Dünyada belə təcrübə var ki, banklar normal işləyirsə, normal kredit siyasəti aparırsa, orada iqtisadi böhran az təsir edir. Amerika kimi dövlətdə 2009-cu ildə 150-yə yaxın bank bağlandı. Düzdür, Amerikada 2 minə yaxın bank var, amma 150-yə yaxın bank da az deyil, üstəlik, bu proses davam edir. Amerikada maliyyə bazarına trilyondan çox vəsait xərcləndi, amma hələ də ortada ciddi inkişaf yoxdur. Bu yaxınlarda ABŞ prezidenti bəyanat verdi ki, əgər bankın 50 milyon dollardan yuxarı gəliri varsa, ona əlavə vergi tətbiq olunsun. Yəni bu, bir daha onu göstərir ki, dünyada gedən proseslər müsbətə doğru yönəlməyib.
[b]- 2009-da iqtisadi böhranla bağlı Azərbaycanda bir sıra istehsal müəssisələri, ən çox da tikinti sektoru zərər gördü. Krizisin qarşıdan gələn dalğası daha hansı sektora zərbə vura bilər?[/b]
- 2010-cu ildə də tikinti sektorunda müəyyən dirçəlişin olacağını gözləmirəm. Bu ildə əsasən 2009-cu ildən qalmış investisiya layihələri həyata keçiriləcək. Dövlət büdcəsini təsdiq edəndə neftin qiymətini 45 dollar təsdiqlədilər. Amma mən demişəm ki, neftin qiyməti 50-55 dollardan aşağı olmayacaq. Yəni büdcəyə əlavə vəsaitlər daxil olacaq. Ola bilər ki, may-iyun aylarında büdcəyə yenidən baxılsın və müəyyən vəsaitlər artırılsın. Büdcədən maliyyələşən təşkilatların, müəllimlərin, həkimlərin maaşlarına, pensiyaların baza hissəsinə baxılsın. Ümumi götürəndə, dövlət büdcəsi neftdən asılı olduğu üçün qeyri-neft sektoruna diqqəti artırmaq lazımdır. Məsələn, 2009-cu ildə kənd təsərrüfatında müəyyən artım olsa da, pambıqçılıq, tütünçülük, çayçılıqda artım olmadı, əksinə, azalma baş verdi. Bu sahələrə fikir vermək lazımdır. Artıq iri fabrik və zavodların tikilməsinin zamanı çatıb. Misal üçün, neft maşınqayırma sahəsi ilə əlaqədar məsələlərə diqqət etmək lazımdır. Elə sahələrə yatırım qoymaq lazımdır ki, orada insanlar çalışsınlar və işlə təmin olunsunlar. Bu gün biz neft avadanlıqlarını xaricdən gətiririk, amma Azərbaycanın imkanı var ki, bunu özü istehsal eləsin.
[b]- Ölkədə qiymət artımının olacağı ilə bağlı fikirlər səslənir. Hətta yanacağın qiymətinin artacağını proqnozlaşdıranlar da var... [/b]
- İnanmıram ki, Azərbaycanda yanacağın qiymətində artım olsun. Çünki qazın da, neft məhsullarının da qiyməti qalxıb, yenidən qiymət artımına ehtiyac yoxdur. Əgər insanların əmək haqları, yaşayış minimumu, pensiyanın baza hissəsi artırılmayıbsa, qiymət artımına da ehtiyac yoxdur. Amma gedən proseslərdən hiss edirəm ki, yanacağın qiymətində müəyyən artımlar ola bilər. Gedən söz-söhbətlər, danışıqlar onu göstərir ki, dünya bazarında neftin qiyməti ilə əlaqədar problem yaranarsa, onda yanacağın qiymətinə baxılar.
[b]- Yanacağın qiyməti qalxanda digər məhsulların qiymətinə təsir etməyəcəkmi? [/b]
- Təbii ki, yanacağın qiyməti qalxan kimi paralel olaraq bütün qiymətlər qalxacaq. Çnüki bütün məhsulların maya dəyərində yanacağın qiyməti oturur. Bu baxımdan, demək olar ki, 2010-da qiymət artımı baş verəcək.
[b]- 2009-cu il arxada qaldı. İqtisadçı kimi 2009-cu ildə hökumətin fəaliyyətini necə dəyərləndirirsiniz? [/b]
- Azərbaycanın dövlət başçısının 2009-cu ildə apardığı siyasət müsbətdir. Yəni hökumət tərəfindən qabaqlayıcı tədbirlər görüldü. Böhranın ciddi şəkildə təsir etməməsi də bununla bağlıdır. Hesab edirəm ki, ümumiyyətlə, 2009-cu ildə Azərbaycan hökuməti deməzdim ki, yüksək səviyyədə, orta həddə fəaliyyət göstərdi.
[b]- Ancaq ölkədə qiymət artımı da var, işsizlik problemi də qalır... [/b]
- Fikir versəniz, bütün dünyada, hətta inkişaf etmiş Avropa ölkələrində də işsizlik günü-gündən artdı. 2008-ci ilin sentyabrından başlayan böhran 2009-cu ilin axırına qədər davam elədi, bu gün də davam edir. Azərbaycanda isə rəsmi statistikaya baxsaq, işsizliyin səviyyəsi 13 faizdən 11 faizə düşüb. Amma yenə də problemlər var. Açığı, Azərbaycanda işsizliklə əlaqədar problemlər o vaxta kimi davam edəcək ki, iri sənaye müəssisələri, fermer təsərrüfatları yaradılacaq. Niyə Azərbaycanda bir dənə metalurgiya komleksi tikilmir, halbuki buna potensial var. Niyə biz nefti yalnız xammal kimi ixrac etməliyik? Yəni bu sahədə Azərbaycanda görüləsi işlər çoxdur.
[b]- Neçə vaxtdır ki, bu problemləri qaldırırsınız, amma hökumət bu istiqamətdə hər hansı addım atmır. Səbəbini bilirsinizmi? [/b]
- Mənə elə gəlir ki, neftin, qazın ixracının yüksək səviyyədə olması, alternativ boru kəmərlərinin tikilməsi Azərbaycan hökumətində arxayınlıq yaradıb. Ona görə də qeyri-neft sektoruna diqqət göstərilmir. Düzdür, 2009-cu ildə xırda emal müəssisələrinin istehsalı oldu. Biz deyirdik ki, meyvələrin saxlanılması üçün soyuducu kameralar tikilsin. Hazırda bölgələrdə 20-yə yaxın soyuducu kameralar tikilib, istifadəyə veriləcək. Yəni iş gedir, amma bu istiqamətdə hökumət ləng siyasət aparır.
[b]- Avronun məzənnəsinin düşməsi də son dövrlər müzakirə olunan məsələlərdəndir... [/b]
- Avronun qiymətdən düşməsi Avropada gedən proseslərlə əlaqədardır. Almaniyada, İngiltərədə, Fransada və digər ölkələrdə iqtisadi krizisdən çox əziyyət çəkdilər. Bir sıra iri müəssisələr sıradan çıxdı. Bunların hamısı bir-iri ilə əlaqədar olan məsələlərdir. Ona görə də avro yavaş-yavaş ucuzlaşmağa başladı. Hesab edirəm ki, avronun ucuzlaşması 2010-cu ildə də davam edəcək. Onu da qeyd edim ki, bunun dünya iqtisadiyyatına ciddi təsirləri var.
[b]- Azərbaycana bunun hansı mənfi təsiri ola bilər?[/b]
- Təbii ki, bunun Azərbaycana da mənfi təsirləri var. Çünki Azərbaycanın saxlanınlan valyuta ehtiyatlarının müəyyən hissəsi avrodadır. Əlbəttə, onun məzənnədən düşməsi Azərbaycanın marağına ziddir.
[b]- Bəs, valyuta ehtiyatları hansı valyuta ilə saxlanılmalıdır? [/b]
- Son vaxtlar həm Mərkəzi Bank, həm Neft Fondu tərəfindən ehtiyat valyuta fondu normal saxlanılır. Yəni hamısı eyni valyutada deyil. Özü də heç kim təminat verə bilməz ki, müəyyən müddətdən sonra avro hansı vəziyyətdə olacaq, dollar necə olacaq. Ona görə də necə ki, indi bir neçə valyuta ilə saxlayırlar, eləcə də davam etdirmək lazımdır.
[b]Zaur ƏHMƏD
[/b]