Laçın Qız Yatağında məhdud resurslardan səmərəli istifadə ilə bağlı layihə hazırlanıb

img

14-01-2010 [12:26]


Ötən il İsveçrənin HEKS-EPER təşkilatı ilk dəfə olaraq Azərbaycanda inkişaf yönümlü layihələrin dəstəklənməsi çağırışını bəyan etdi. Ardınca təşkilatın Qafqaz üzrə nümayəndəliyi ölkədə potensial imkanların araşdırılmasına başladı. Bu istiqamətdə keçirilən görüşlərin nəticəsi olaraq təşkilat Azərbaycanda Aqro İnformasiya Mərkəzi (AİM) ilə birgə layihələr həyata keçirmək marağını rəsmən elan etdi. Əməkdaşlıq layihəsindən irəli gələn fəaliyyətlər artıq həyata keçirimədəkdir. Layihədə başlıca məqsəd Laçın Qış Yatağında məskunlaşmış kənd təsərrüfatı ilə məşğul olan məcburi köçkünlərin imkanlarını genişləndirmək, onların məhdud resurslardan səmərəli istifadə bacarıqlarını artırmaqdır. Bu məqsədlə məcburi köçkünlər qruplarda təşkilatlanaraq birgə fəaliyyət göstərəcəklər. Hazırda qrup üzvləri iştirakçılıqla planlaşdırma, problemlərin birgə həlli, səfərbərlik, qrup liderinin seçimi kimi mövzularda təlimat alır. Bundan sonra qruplarla birgə bitkiçilik və heyvandarlıq sahəsində nümayişetdirmə sahələri yaradılacaq. Bitkiçiliklə bağlı nümayişetdirmələrdə qapalı sahədə yüksək keyfiyyətli tərəvəz bitkilərinin əkilməsi və istixanada damcı suvarma sisteminin tətbiqi diqqət mərkəzində olacaq. Quşçuluq və heyvandarlıqda isə əsas mövzu yemçiliyin idarə olunmasıdır. Layihə dövründə mənfəətçilər fəaliyyət istiqamətlərinə görə texniki mövzularda təlimatlandırılacaq. Ümumi torpaq sahəsinin ən azı 10%-indən götürülmüş nümunələr analiz olunacaq və nəticədə qruplara gübrələməyə dair tövsiyələr veriləcək. Həmçinin hər qrupda şoranlaşmış 0.5 ha ərazidə duzadavamlı bitkilərin əkiləcəyi nəzərdə tutulur ki, bu da qrup üzvlərinə istifadəyə tam yararlı olmayan torpaqlardan istifadə təcrübəsi qazandıracaq. Məcburi köçkünlərin yerli fermerlərin təsərrüfatlarına təcrübə mübadiləsi səfərləri də planlaşdırılır. Layihədə önəm verilən məsələlərdən biri mənfəətçilərin bazar yönümlü məhsul istehsalına istiqamətləndirilməsidir. İstehsalçı qruplar bazar məlumatları ilə təchiz edilməklə yanaşı, ərzaq zənciri, işgüzar danışıqaparma, yığımsonrası fəaliyyətlər kimi mövzularda təlimatlandırılacaq, onların bazar zəncirinin ayrı-ayrı iştirakçıları ilə əlaqələrinin genişləndirilməsinə dəstək göstəriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA