ADP hökumətin yarıtmaz iqtisadi siyasətini qətiyyətlə pisləyib

img

16-11-2009 [05:54]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər və bələdiyyə seçkiləri məsələləri əsas müzakirə obyekti olub. Parlamentdəki büdcə müzakirələrinə diqqət çəkən İdarə Heyəti üzvləri büdcə xərclərinin ayrı-ayrı istiqamətlər üzrə bölünməsində elm, təhsil və səhiyyə sahələrinə yetərli maliyyə vəsaitinin ayrılmamasından narahat olduğunu və bu cür yanaşmanın Azərbaycanın iqtisadi inkişaf fəlsəfəsinə və əhalinin sağlamlığının qorunmasında götürülən öhdəliklərə zidd olduğunu bildirib. Həmcinin qlobal iqtisadi böhranın davam etdiyi bir mərhələdə büdcədə əhaliyə sosial yardımların məhdudlaşdırılması, aztəminatlı və təqaüdçülər üçün minimum yaşayışın tələb etdiyi səviyyədən də aşağı hesablamalara yol verilməsi İdarə Heyəti üzvlərinin narahatlıqla izlədiyi məsələlər sırasına daxil olub və hökumətin bu sahədəki yarıtmaz iqtisadi siyasəti qətiyyətlə pislənilib. Beynəlxalq demokratik təşkilatların ciddi narahatçılığı ilə qarşılanan bloqçular A.Hacızadə və E. Millinin həbsini bir daha diqqətə çəkən toplantı iştirakçiları bu həbsi siyasi motivli həbs kimi dəyərləndirib və Azərbaycanda siyasi həbslərin davam etdiyi dövrdə Avropa Şurasının siyasi məhbuslar üzrə məruzəçisinin hələ də ölkəyə gəlib fəaliyyətə başlamamasının anlaşılan olmadığını bildirib. Eyni zamanda ADP İH-ti Avropa Şurasının rəhbərliyini öz qərarlarına hörmətlə yanaşmağa və siyasi məruzəçinin fəaliyyətə başlaması üçün tədbir görməyə çağırıb. İdarə Heyəti YAP- dan olan deputat A.Həsənovun parlament tribunasından növbəti seçkilərin təxirə salınması ilə bağlı səsləndirdiyi bəyanatı Respublika Konstitusiyasına açıq-aşkar hörmətsizlik kimi dəyərləndirib və bu cür çağırışların ölkənin imicinə ciddi zərbə vurduğunu qeyd edib. Ölkə başçısının Belarus və Bolqarıstana səfərlərinə münasibət bildirən İdarə Heyəti üzvləri bu cür səfərlərin dövlətlər arasında qarşılıqlı iqtisadi və siyasi münasibətlərin inkişafı baxımından normal qiymətləndirib. Bununla yanaşı hesab edilib ki, bu səfərlər zamanı diqqəti daha çox Azərbaycanın ərazi bütövlüyünün bərpası, Dağlıq Qarabağın işğaldan azad edilməsi və ermənilərin Xocalıda azərbaycanlılara qarşı soyqırım həyata keçirməsi haqqında xarici dövlətlərin başçılarının bəyanatlar verməsinə yönəltmək lazımdır. Son vaxtlar İran və Türkiyə dövlətləri ilə vizasız rejimə keçilməsi barədə qarşı dövlətlərin səsləndirdiyi bəyanatlara mövqe bildirən toplantı iştirakcıları bu qaydanın tətbiq edildiyi halda Azərbaycandakı demoqrafik vəziyyətə və dövlətin təhlükəsizliyinin qorunmasını təmin edən digər vacib şərtlərə ciddi təsir göstərə biləcəyindən narahat olduğunu bildirib və iqtidarı bu sahədə həssas və düşünülmüş addımlar atmağa çağırıb. ABŞ prezidenti B.Obamanın Cinə səfərinə diqqət yetirən İH üzvləri, onun bu səfər zamanı hüquqlarının rəsmi Cin hökuməti tərəfindən kütləvi şəkildə pozulan, qətlə yetirilən və repressiyalara məruz qoyulan Uyğur xalqı ilə bağlı heç bir münasibət bildirməməsini bu ölkənin insan hüquqlarına ikili standartla yanaşmasının təsdiqi kimi qiymətləndirib. İH-də bələdiyyə seçkilərinin gedişi ilə əlaqədar müzakirələr də aparılıb və bir sıra dairələrdə partiyanın namizədlərinə süni maneələrin yaradılması pislənilib

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA