çörək istehsalında ciddi nöqsanlara yol verilir

img

12-11-2009 [06:20]


?Son dövrlər aparılan monitorinqlər zamanı daha çox ölkəyə idxal olunan süd məhsullarında saxtakarlıq faktları aşkarlanıb. Uşaq qidaları ilə bağlı isə hər hansı problem yoxdur?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (DSMPDK) mütəmadi keçirilən monitorinqlərin yekunlarına həsr edilən mətbuat konfransında qurumun ərzaq məhsullarına dövlət nəzarəti sektorunun müdiri Mənsim Babayev bildirdi. Onun sözlərinə görə, son 10 ay ərzində idxal olunmuş ərzaq məhsullarının monitorinqi aparılıb: ?213 təsərrüfat subyektində aparılan monitorinq zamanı məlum olub ki, onların 112-də istehsal olunan və satış göndərilən məhsulların keyfiyyətində ciddi problemlər var. Həmin müəssisələrə qarşı 418 manat məbləğində cərimə tətbiq olunub. 39 müəssisədə isə məhsulun istehsalı və satışı qadağan edilib?. M.Babayev dedi ki, çörək məhsullarının həm istehsalı texnologiyasında, həm də daşınmasında ciddi problemlər qalmaqdadır: ?Çörək məhsullarının istehsal texnologiyasına demək olar ki, əməl olunmur. Çatışmazlıqlar çörək sexlərində bişirilməsindən tutmuş, qablaşdırılmasına, daşınmasına və saxlanmasına qədər bütün parametrlər üzrə standartlar gözlənilmir. Bu müəssisələrdə ümumiyyətlə mütəxəssis çatışmazlığı müşahidə edilir?. Kolbasa istehsalına gəlincə, şöbə müdiri qeyd etdi ki, müəssisələrdə son texnologiyalardan istifadə olunur və bu sahədə elə də ciddi problem yoxdur. O, respublikamızın müxtəlif bölgələrində, xüsusən də cənub rayonlarında erməni mənşəli məhsulların satılması məsələsinə də aydınlıq gətirdi və dedi ki, Ermənistandan Azərbaycana birbaşa məhsul gətirilmir. ?Ancaq məhsulların üzərində erməni dilində də məlumatlar var. Bu isə istehsalçı müəssisənin məhsulları müxtəlif ölkələrə idxal etməsi ilə bağlıdır. Bu günədək Ermənistandan Azərbaycana hər hansı məhsulun gətirilməsi ilə bağlı konkret fakt aşkarlanmayıb?. M.Babayev qeyd etdi ki, məhsullarının satışı və istehsalı qadağan olunan müəssisələr başqa hüquqi ünvanlarda fəaliyyət göstərməyə çalışır. ?Komitə bu hala qarşı mübarizə aparır. Amma alkoqollu içkilərin istehsal olunduğu müəssisələrdə belə neqativ hallar aşkarlanmayıb. Bunun da səbəbi həmin ərazilərdə dövlət komitəsinin postlarının olmasıdır?. Son illər qazla işləyən məişət avadanlıqlarının istifadəsi zamanı ölkədə baş vermiş bədbəxt hadisələrin təhlili aparıldığını qeyd edən komitə rəsmisi vurğuladı ki, faciələrin əsas səbəbləri cihazların keyfiyyətsizliyi və istismar qaydalarına riayət edilməməsidir: ?Bu istiqamətdə aparılan monitorinqlərin nəticələri bir daha sübut edib ki, əhaliyə realizə edilən bu malların əksər hissəsi müəyyən olunmuş təhlükəsizlik tələblərinə cavab vermir. Əksər satılan cihazların keyfiyyətini və təhlükəsizliyini təsdiq edən uyğunluq sertifikatları, istismar qaydalarını Azərbaycan dilində açıqlayan təlimatlar və texniki pasportlar, mənşə sertifikatları və digər zəruri sənədlər mövcud deyil. Komitə tərəfindən bütün hallarda təhlükə mənbəyi hesab edilən belə malların satışı qadağan edilib və ticarət şəbəkələrindən çıxarılıb. Lakin, bunlara baxmayaraq bütövlükdə pozuntuların qarşısını almaq mümkün olmamış, mənşəyi, keyfiyyəti və təhlükəsizliyi müəyyən olunmayan məişət, qaz avadanlıqlarının satışı hələ də davam edir. Keyfiyyətsiz mallar əsasən Çindən gətirilir. Payız-qış mövsümündə bu cihazlara tələbat artdığından təsirli tədbirlərin görülməsinə ehtiyac var. Hazırda Komitə tərəfindən Polşanın ?Termet?, Çexiyanın ?Moro-top?, Türkiyənin ?Bayvak?, ?Kuturami?, İtaliyanın ?Roka? nişanlı avadanlıqlarına, İran İslam Respublikasının ?Jahan Afrooz?, ?Qaynar Xəzər? və ?Şoreh-Tos? nişanlı qaz sobalarına uyğunluq sertifikatları verilib?. M.Babayev respublikaya idxal olunan avtomobillərlə bağlı deyib ki, xaricdən gətirilmiş işlənmiş avtomobillərə sertifikat verilmir. Onun sözlərinə görə, komitə yalnız təzə avtomobillərə sertifikat verir. Şöbə müdiri vurğuladı ki, Azərbaycanda ?donuz qripi? ilə bağlı tələb olunan qaydalara da əməl olunmur. Belə ki, sexlərdə, istehsal müəssisələrində və satış məntəqələrində çalışan insanlar qoruyucu vasitələrdən istifadə etmirlər. Konfransda çıxış edən komitənin aparıcı məsləhətçisi Ələsgər Həsənov isə uşaq oyuncaqları barədə məlumat verdi. O dedi ki, əvvəllər Azərbaycana Çindən keyfiyyətsiz oyuncaqlar gətirilirdi. Ancaq son vaxtlar bu məhsullar əsasən, Dubaydan gətirilir. Bunun üçün bir neçə hüquqi şəxsə sertifikat da verilib. Onun sözlərinə görə, Dubaydan gətirilən məhsullar Çindən gətirilən məhsullardan 10 dəfə keyfiyyətlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA