"Hökumətin istefasını tələb edirik"

img

08-11-2009 [07:46]


[b]"Bu büdcə oğurlanıb, talan olunub, korrupsiyaya şərait yaradıb" [/b] Hazırda Azərbaycanın ictimai-siyasi gündəmini 2010-cu ilin büdcə layihəsinin müzakirəsi tutub. İqtidarlı, müxalifətli hər kəs ana maliyyə sənədini müzakirə edir. Qeyd edək ki, budəfəki büdcənin ötən illə müqayisədə ciddi şəkildə azalması, müxtəlif sahələrə ayrılan vəsaitlərin azaldılması narazılıqla qarşılanıb. Hətta hakimiyyətyönlü bəzi deputatlar da narazılıqlarını ifadə edirlər. Gələn həftə isə büdcə layihəsi Milli Məclisin plenar iclasına çıxarılacaq. Müsahibimiz Müsavat Partiyasının başqan müavini, millət vəkili Arzu Səmədbəyli 2010-cu il büdcə layihəsinin hakimiyyətin yanlış iqtisadi siyasəti nəticəsində bu şəkildə formalaşdığını düşünür. - 2010-cu ilin büdcə layihəsi ilə bağlı öncə onu demək olar ki, hər hansı bir irəliləyiş yoxdur. Hazırda Milli Məclisin komitəsində müzakirə olunur, yəqin ki, plenar iclasda daha pafoslu çıxışlar olacaq. Biz də soruşuruq ki, bu hakimiyyətin iqtisadi siyasəti bu cür ardıcıl davam edirdisə, necə oldu ki, indiyə qədər ilk dəfə olaraq, büdcədə bu qədər azalma baş verdi? Əgər hakimiyyətin siyasəti doğru idisə, artım olmalıydı. Amma buna cavab vermirlər. [b]- Büdcə xərcləri ilə bağlı ciddi narazılıq var... [/b] - Bəli. Yenə də büdcə xərclərinə heç bir aydınlıq gətirilmir. Elə yerlər var ki, məsələn, bir çarpayı üçün ayrılan vəsait göstərilib, amma daha çox korrupsiya ehtimalı olan böyük məbləğlərin hara, nə üçün xərclənməsi ayrıntıları ilə göstərilməyib. Biz dəfələrlə bu məsələ ilə bağlı parlamentdə çıxış eləmişik və bu məsələyə aydınlıq gətirilməsini istəmişik. Amma hökumət bizi ya populizm də ittiham edir, ya da deyirlər ki, bu rəqəmləri sadalamaqla nəyəsə nail olmaq mümkün deyil. Unudurlar ki, parlament siyasi mərkəzdir və bura təkcə büdcənin rəqəmlərini hesablamağa gəlmirlər. Ölkənin taleyi ilə bağlı qanunlar parlamentdə qəbul olunursa, deməli, o parlament həm də bir siyasi fikir bölüşdürmə mərkəzidir. Amma bu insanlar azad olmadıqlarına görə, onlara elə gəlir ki, yuxardan hansı göstəriş gəlirsə, parlament yalnız onu komitələrdə müzakirə edib, qəbul etməklə məşğul olmalıdır. Normal ölkələrdə isə büdcəni qoltuqlarına vurub gələn hökumət nümayəndələri parlamentarilər qarşısında cavab verməli olurlar. Təbii ki, həmin o parlamentarilər doğrudan də xalq tərəfindən seçilibsə, hökumət nümayəndələri ora böyük həyəcanla gəlirlər. [b]- Bizim parlamentdə necədir ki? [/b] - Bizim parlamentə diqqət eləsəniz, görərsiniz ki, əksər deputatlar büdcəni müzakirə edib, onun çatışmazlıqlarını göstərmək əvəzinə, bəytərifi deyirmiş kimi, növbəyə dururlar. Hərəsi ora gələn nazirlərdən bir məsələni xahiş edir. Hərəsinin bir biznes sahəsi var və buna görə də hökumət üzvlərinə məddahlıq edirlər. Belə səbəblərdən də hökumət üzvləri çox rahatlıqla Milli Məclisə gəlir, büdcəni prosedur qaydası kimi təqdim etməkdən çəkinmirlər. Biz isə etirazımızı bildirəndə, tənqid edəndə, bizi siyasi məqsəd güdməkdə şantaj edirlər. Əslində vaxtiylə bizim təkliflərimizi nəzərə alsaydılar, indi bu cür vəziyyət yaranmazdı. Dedik ki, dünyada böhran yaranıb, bunun üçün krizis masası yaradaq və ora iqtisadçı ekspertlər dəvət olunub, vəziyyətdən çıxış yolları tapılsın. Amma bunlar dedilər ki, krizisin Azərbaycana təsiri yoxdur, olmayacaq. Bu gün isə nəticə göz qabağındadır. Yəni belə siyasətlə, əlbəttə ki, büdcədə azalma da, kataklizmlər də olacaq. Hökumətin bu cür siyasəti ilə Azərbaycan insanına firavan həyat bəxş eləmək mümkünsüzdür. [b]- Arzu bəy, hakimiyyətyönlü deputatların büdcə ilə bağlı "bəytərifi" deyəcəyini bildirirsiniz, ancaq bəzi YAP-çı deputatlar da büdcədəki ayırmalardan narazıdır...[/b] - Bu cür çıxışlar hər zaman olub. Hakimiyyətyönlü deputatlar dedikdə, mən bunların hamısının bəytərifi söylədiyini demirəm. Əlbəttə, onların da tənqidi fikirləri olub. Amma bu çıxışlara diqqət yetirsəniz görərsiniz ki, hakimiyyətin yuxarı eşelonunda oturanların mənafeyinə toxunmamaq şərti ilə sahəvi tənqidlər səsləndirirlər. Biz deyirik ki, bu büdcə oğurlanıb, talan olunub, korrupsiyaya şərait yaradıb. Mən, komitənin iclasında da dedim ki, büdcəyə nəzarət mexanizmi yaradılmalıdır. Normal ölkələrdə büdcə xərclərinin necə xərclənməsi ilə bağlı proses bilgisayara otuzdurulur və sıravi vətəndaş evdə oturub büdcəsinin hara getməsi ilə bağlı bilgi əldə edir. Mən, təklif etdim ki, Milli Məclisin komitələrindən bir nəfər olmaqla, büdcə xərclərinə nəzarət qrupu yaradılsın. Amma bu təklifin heç bir faydası yoxdur. Əlbəttə, səhiyyə, təhsil və digər sahələrlə bağlı o qədər tənqid olunası dəhşətli faktlar var ki, siz dediyiniz çıxışlar epizodik xarakter daşıyır. Rəbiyyət Aslanova da elm və təhsil sahəsinə ayrılan vəsaitlərlə bağlı tənqidi çıxışlar elədi. Amma fundamental çıxış tamamiylə fərqlidir. [b]- Necə düşünürsünüz, həmin deputatlar Milli Məclisin plenar iclasında da tənqidi fikirlər səsləndirəcəklərmi? [/b] - Sahəvi tənqidlər olacaq. Tərifləyənlərin özləri də gözdən pərdə asmaq üçün xırda tənqidlər edirlər. Mən həmin tənqid edənlərdən soruşmaq istəyirəm: əgər doğrudan da bu büdcəni təqdim edən hökumətin fəaliyyətindən narazılıq varsa, doğrudan da çatışmazlıqlar varsa, bu, onları qane etmirsə, niyə büdcənin geri qaytarılmasını və yenidən işlənməsini tələb etmir, bu büdcənin əleyhinə səs vermirlər? Nəticədə hamısı tənqid etdikləri həmin büdcənin lehinə səs verirlər. Buna nə ad vermək olar? Məncə, bütün bunlar epizodik çıxışlardır. Plenar iclas da epizodik çıxışlar olacaq, amma sonda onlar büdcənin lehinə səs verəcəklər. [b]- Bəzən müxalifətçi deputatlar da əleyhinə danışdıqları layihələrə səs verirlər... [/b] - Sizinlə qətiyyən razı deyiləm. Düzü, bilmirəm ki, müxalifət deyəndə kimləri nəzərdə tutursunuz. Bu gün Milli Məclisdə müxalifət funksiyasını Müsavat Deputat Qrupu yerinə yetirir. Bu günə kimi elə bir prinsipial məsələ, xüsusən də büdcə və hökumətin hesabatı müzakirə olunanda, biz, yekdilliklə onun əleyhinə səs vermişik. Elə bir prinsipial məsələ olmayıb ki, orada öz fikrimizi bildirib, tənqidlərimizi səsləndirməyək. Bu baxımdan sizin iradınızın bizə aidiyyatı yoxdur. [b]- Parlamentdə 10-a yaxın müxalifətçi deputat var, pensiya yaş həddinin qaldırılması ilə bağlı layihənin əleyhinə isə cəmi 2 nəfər səs verdi... [/b] - İki nəfər ona görə əleyhinə səs verib ki, Nəsib bəylə mən Həbəşistanta olmuşuq, İltizam bəy də xəstə olduğu üçün həmin iclasda iştirak etməyib. İkram bəylə Pənah bəy iclasda iştirak edib, onlar da əleyhinə səs veriblər. Biz də orda olsaydıq, təbii ki, onun əleyhinə səs verərdik. [b]- Sözünüzdən belə anlaşıldı ki, Milli Məclisdə Müsavat Deputat Qrupunun üzvlərindən başqa müxalifətçi yoxdur... [/b] - Mən elə demirəm. Orda özünü müxalifət hesab edən xeyli sayda insan var. Mən də sizin sualınızın qarşılığında sual verirəm. Necə ola bilər ki, hökumətin hesabatının lehinə səs verəsən, yeni zamanda da müxalifətçi olsan? Necə olur ki, büdcə ilə bağlı tənqidi fikir səsləndirəsən, müxalifət olduğunu deyəsən, sonda yenə də lehinə səs verəsən? Məncə, burada hər şey aydın görünür. Təbii, hər kəsin haqqı var ki, özünü müxalifətçi hesab eləsin. Amma mənə elə gəlir ki, müxalifətin kim olduğunu kənardan yaxşı görürlər. Biz müxalifət statusunu bu cəmiyyətdən almışıq. Baxmayaraq ki, bizim 50-dən yuxarı millət vəkilimiz seçilmişdi, amma onlardan beşinin haqqı tanındı, o insanlar da müxalifətçilik mövqelərini sözdə də, əməldə də göstəriblər. Mən o müxalifəti başa düşmürəm ki, adını müxalifət qoyub, prinsipial məqam gələndə isə iqtidar deputatları ilə eyni mövqedən çıxış edir. [b]- Büdcə layihəsi plenar iclasa çıxarılanda Müsavat Deputat Qrupu hansısa konkret proqramla çıxış edəcəkmi?[/b] - Sözsüz ki, bununla bağlı müəyyən proqramlarımız var. Bu məsələdə Müsavat Deputat Qrupu olaraq, bizim iş bölgümüz mövcuddur. Biz indiyə qədər büdcə müzakirəsində fəal, prinsipial olmuşuq. İndi də belədir, hazırlıqlarımız davam edir. Büdcə müzakirələrində əlbəttə ki, ayrılan vaxt azaldılmasa, deyəcəyimiz çox söz var. Biz, bu büdcənin əleyhinə olacağıq. Yəqin ki, Müsavat Deputat Qrupunun üzvlərinin tənqidi çıxışlarının şahidi olacaqsınız. Səsvermənin nəticələrini izləməyi də tövsiyyə edirəm. [b]- Narazılıqlarınız konkret olaraq, hansısa sahəyə yönələcək, yoxsa hansısa nazirin istefasını tələb edəcəksiniz? [/b] - Biz, ümumilikdə, bu hökumətin istefasını tələb edirik. Ola bilər ki, ayrı-ayrı nazirliklərin işi bir-biri ilə müqayisədə daha yarıtmaz olsun. Amma biz, hökumətin hesabatında da, büdcə müzakirəsində də hesab edirik ki, bu hökumət istefaya getməlidir. Bunu tələb edirik və büdcənin də, hökumətin hesabatının da əleyhinə səs veririk. Milli Məclisdə 2010-cu il büdcəsinin müzakirəsində də hökumətin istefasını tələb edəcəyik. Çünki Azərbaycan iqtisadiyyatının bu vəziyyətə gəlib çıxmasında təkcə hansısa bir, yaxud iki nazirlik deyil, ümumilikdə hökumət təqsirkardır. Ona görə də hökumətin bütövlükdə istefaya getməsini daha məqsədəuyğun sayırıq. [b]- Budəfəki büdcə layihəsində neftin qiyməti 45 dollar götürülüb, hazırda isə qiymət 70 dollar civarındadır. Bəzilərinin iddiasına görə, hökumət belə bir addım atır ki, gələn il həmin artıq 25 dolların hesabına əmək haqlarını və pensiyaları artıraraq, seçkiöncəsi dividentn qazansın. Bu barədə nə deyə bilərsiniz?[/b] - Bunu əsassız saymıram. Bu məsələyə müxtəlif cür yanaşmalar var, bu da onlardan birisidir. İndiki halda məncə, neftin qiymətini 55-60 dollar götürmək mümkündür. Gələn il parlament seçkisi ilidir. Hakimiyyət də xalq arasında dayaqlarını və nüfuzunu itirməkdə davam edir. Ola bilər ki, siz deyən ehtimal da nəzərə alınsın. Yəni neftin qiymətinin 40 dollar götürülməsi siyasi məqsəd də daşıya bilər. Amma bunun mənfi təsmirləri mütləq olacaq. O yerdə ki, düzgün iqtisadi-siyasət yürüdülməyəcək və hakimiyyətin siyasi məqsədləri üçün istifadə olunacaqsa, təbii ki, onun ziyanlı təsiri olacaq. Bunun ən çox zərərini isə Azərbaycan xalqı çəkəcək. [b]- Büdcəni xalqın cibi kimi nəzərə alsaq və onun da azaldığını göz önünə gətirsək, narazı kütlənin daha da artacağını və müxalifətə tərəf yönələcəyini demək mümkündürmü? [/b] - Bu iqtidarın dayaqları və nüfuzu ildən-ilə azalmaqdadır. Hesab edirəm ki, bu iqtidar belə siyasətlə heç vaxt xalqın dəstəyini qazanmayacaq. Siz xalqın güzəranına nəzər yetirsəniz, ildən-ilə xalqın vəziyyətinin pisləşdiyini, narazı kütlənin artığını görərsiniz. Əgər ölkədə normal demokratik seçki keçirilərsə, bu hakimiyyətin xalqdan yetərincə səs almayacağına əminəm. Ona görə də bu cür siyasət yürüdülür, ölkədə keçirilən bütün seçkilər saxtakarlıqla müşayiət olunur və bu xalqa öz büdcəsinə nəzarət imkanı yaradılmır. Yəni ölkədə bir polis rejimi var və bu rejim özünün dəyənəyi altında xalqı qorxu içərisində saxlayır. Mən, bu proseslərin sonunda yenə də bu narazı kütlənin onun sözünü deyəcək müxalifətin tərəfində olacağına daha çox inanıram. Bu xalq onun büdcəsini talayan, haqqını yeyən hakimiyyətə qarşı etirazını bildirəcək. [b]- Bu cür bəyanatları neçə vaxtdır ki, səsləndirirsiniz. Bu fikirləriniz nə zaman reallığa çevrilə bilər? [/b] - Nə zaman ki, millət, xalq öz haqqını tamamiylə əxz edəcək və onun yeyilən haqqına qarşı etirazı formalaşacaq, o zaman da dediklərim reallaşacaq. Təbii ki, burada bir çox amillər mövcuddur, amma bu, o zamana qədər davam edəcək ki, bu hakimiyyət xalqdan təpkisini görəcək. Mənə elə gəlir ki, getdikcə bu etirazlar formalaşmaqdadır. Hakimiyyət də bunu anlayır və getdikcə narahat olmağa başlayıb. Əlbəttə, siyasi düşərgə də hakimiyyətin yarıtmaz siyasətini xalqa aşılamalı və onu mübarizəyə sövq etməlidir. [b]Z.MƏMMƏDLİ[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA