?2010-cu ilin dövlət büdcəsindən sosial yönümlü ayırmalar qənaətbəxz deyil?

img

03-11-2009 [01:17]


Azərbaycanın ?2010-cu ilin dövlət büdcəsi haqqında? Qanun layihəsi Milli Məclisdə müzakirə edilib. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov Müstəqil İnformasiya Agentliyinə açıqlamasında bildirib ki, 2009-cu illə müqayisədə 2010-cu ilin dövlət büdcəsi daha çox reallığa uyğundur: ?Yadınızdadırsa, 2009-cu ilin dövlət büdcəsində neftin qiyməti 70 dollar götürülmüşdü. Ona görə də proqnozlarda çox ciddi qüsurlara yol verilmişdi. 2010-cu ilin dövlət büdcəsində isə neftin qiyməti 45 dollarla götürülüb. Hesab edirəm ki, bu normal bir qiymətdir. Apardığımız təhlillərə görə, 2010-cu ilində neftin qiyməti dünya bazarında 50 dollar civarında olacaq. Neftin qiymətinin 45 dollardan götürülməsi birbaşa olaraq dövlət büdcəsinin gəlir hissəsinə təsir edib. Hardasa 2,3 milyarda yaxın az vəsait dövlət büdcəsinə daxil olacaq. 2010-cu ilin dövlət büdcəsində də investisiya layihələri azaldılıb. Əsasən yarımçıq qalmış layihələr həyata keçiriləcək. Büdcə kəsiri də əmələ gəlib ki, bu da ümumdaxili məhsulun 3,9 faizini təşkil edir. Bu o qədər də böyük rəqəm deyil və bizi narahat edən məsələlərdəndir. Büdcə kəsirinin yaranması neftin orta qiymətindən asılıdır. Nəzərinizə çatdırım ki, neftin qiyməti 45 dollar götürüldüyünə görə büdcə kəsiri yaranıb. Ancaq büdcə kəsirinin olması o qədər də ciddi problemlər yaratmayacaq. Çünki Azərbaycanın bu günə olan ehtiyatı 19,1 milyard dollardır?. İqtisadçı onu da bildirib ki, 2010-cu ilin dövlət büdcəsinin 50 faizə yaxını Dövlət Neft Fondunun transfertləri hesabına formalaşırsa, bu, çox ciddi problemdir: ?Azərbaycanın əsas ixracı neftlə bağlıdır. Ona görə ordan gələn gəlirlər mütləq trasfert edilməlidir ki, dövlət büdcəsində müəyyən məsələləri həll etmək mümkün olsun. Təbii ki, Dövlət Neft Fondundan transfert o qədər də müsbət bir hal deyil. Maliyyə orqanları tərəfindən transfertlərin çox edilməsi də məqbul sayılmır. Biz həmişə bunun əleyhinə olmuşuq. Ancaq ümumilikdə dünyada maliyə böhranının hələ də davam etdiyinə görə, bu başadüşüləndir?. Millət vəkilinin qənaətincə, ümumilikdə 2010-cu ilin dövlət büdcəsindən sosial yönümlü ayırmalar qənaətbəxş deyil: ?Yaşayış minimumu təxminən 3-4 manat artırılıb. Yəni, 2009-cu ildə 84 manat idisə, indi 87 manatdır. Bundan başqa, ünvanlı sosial yardım 60 manat idisə, indi 65 manat olacaq. Bu bizim kəskin narazılığımıza səbəb olub. Ünvanlı sosial yardım da təxminən 200 milyon manata yaxın vəsaitdir. O vəsaitlərin əhaliyə çatdırılmasında müəyyən problemlər var. Həm Maliyyə Nazirliyi, həm də aidiyyatı orqanlar bu məsələyə ciddi nəzarət etməlidirlər. Bundan əlavə, investisiya layihələri üzərində nəzarət mexanizmi çox ciddi deyil. Burada rüşvətxorluq və korrupsiya halları baş alıb gedir. 2010-cu ilin dövlət büdcəsindən təhsil, elm və səhiyyəyə ayrılan ayırmalar azalmalar var. Əgər 2009-cu ildə elmdə 105 milyon idisə, indi 98 milyon manat vəsait nəzərdə tutulub. Dəfələrlə demişik ki, digər sahələrə ayrılan vəsaitlərin bir qismi elmə ayrılsın. Lakin təhsil və səhiyyədə isə qismən azalmalar, əsasən sabit saxlanılıb?. Hərbiyə ayrılan vəsaitlərə gəlincə, iqtisadçı bunun sabit səviyyədə saxlanıldığını vurğulayıb: ?2010-cu ilin dövlət büdcəsindən hərbiyə ayırmalarda cüzi miqdarda artım var. Təxminən 0,7-0,8 faizdir. Azərbaycan müharibə şəaitində olan ölkədir. Ona görə də bu sahəyə vəsaitlərin ayrılması məqbul sayılmalıdır?. V.Əhmədov onu da bildirib ki, gələn ilin dövlət büdcəsindən kənd təsərrüfatına müəyyən ayırmalar var. Ancaq ayrılan vəsaitlər yetərli deyil: ?Kənd təsərrüfatına diqqəti artırmaq lazımdır. Bu sahəyə ayrılan kreditlər və ya Sahibkarlığa Kömək Fondu tərəfindən güzəştli kreditləri artırmaq zəruridir. Belə olmadığı halda çətin ki, kənd təsərrüfatımız durğunluqdan yaxa qurtara bilsin. Bir çox regionlarda, xüsusən Şimal və Cənub bölgələrində insanlar istehsal etdikləri məhsulu sata bilmirlər. Onu da qeyd edək ki, satılmayan malları saxlamağa anbarlar da yoxdur. Düzdür, bir çox yerlərdə anbarlar tikilir. Bundan əlavə, aldığımız məlumata görə, həmin anbarlarda da malı saxlamaq çox baha qiymətə başa gəlir. Deyilənə görə, malın tonunu saxlamaq üçün 600 manatından keçməlisən. Bu ciddi məsələdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA