02-11-2009 [02:26]
Milli Məclisdə ?Əmək pensiyaları haqqında? Qanuna edilən əlavə və dəyişikliklər Azərbaycanda pensiyaların məbləğinin artımına, ayrı-ayrı sosial qruplar arasında narazılığın aradan qalxmasına və sosial ədalətin bərpa olunmasına gətirib cıxaracaq.
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundam Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bu dəyişikliklər ölkədə həyata keçirilən sığorta-pensiya islahatlarının növbəti mərhələsidir və bu mərhələdə atılan addımlar ?2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı?nda da yer alıb.
Qanuna edilən əlavə və dəyişikliklərin ən mühümü keçmiş dövrdə qazanılmış əmək pensiyası hüququnun məbləğinin müəyyənləşdirilməsi ilə bağlıdır. Bu dəyişiklik pensiya təyinatında yanlış hesablama qaydasını aradan qaldıracaq, bununla həm də sistemdə böyük bir şəffaflıq təmin olunacaq.
Belə ki, pensiya təyinatı zamanı əsas problemlər 2006-cı ilə qədər olan dövr üçün pensiya məbləğlərinin müəyyən olunması metodikası ilə bağlıdır. Hazırda həmin qayda 2004-2005-ci illərin (və ya bundan əvvəlki istənilən ardıcıl 60 ayın) əmək haqqı arayışına istinadən hesablamaların aparılmasına əsaslanır və göstərilən tarixdən zaman keçdikcə vətəndaşlar bu arayışların əldə edilməsində daha çox problemlərlə üzləşirlər. Bu isə müxtəlif subyektiv amillərə şərait yaradır. Bununla yanaşı elm, təhsil, səhiyyə, mədəniyyət və s. sahələrdə uzun müddət əmək stajına malik şəxslərin əmək haqqı göstəricilərinin bəzən digər aşağı əmək stajlı şəxslərin əmək haqqı göstəricilərindən az olması səbəbindən yaranan fərqli pensiya hesablanması halları pensiyaçılar arasında haqlı narazılığa səbəb olur. Bununla bağlı 2006-cı ilin 01 yanvarınadək mövcud olmuş pensiya sistemi sosial sığorta prinsiplərinə əsaslanmadığından, həmin dövrdə qazanılmış pensiya hüquqlarının müəyyənləşdirilməsində əmək haqqına istinadın aradan qaldırılması, hesablamaların vahid prinsiplə əmək stajı göstəricisinə əsasən aparılması qərara alınıb.
Yeni qaydaya əsasən sığortaolunanların (pensiya təyin edilməmiş şəxslərin) 2006-cı ilin 1 yanvarınadək olan dövrə aid ümumi iş stajının hər ili üçün 170 manat pensiya kapitalının hesablanması nəzərdə tutulur. Göstərilən yeni sadələşdirilmiş qaydanın tətbiqi bütün sığortaolunanlar üzrə 2006-cı ilin 01 yanvarınadək qazanılmış pensiya hüquqlarının ilkin pensiya kapitalı şəklində fərdi hesablarda qeydiyyatının aparılmasına imkan verəcək ki, bu da gələcəkdə vətəndaşlardan heç bir sənəd almadan müasir Avropa standartlarına uyğun avtomatlaşdırılmış pensiya təyinatına şərait yaradacaq. Bundan əlavə, tətbiq olunacaq qaydanın aşağıdakı digər üstünlükləri də var:
- 01.01.2006-cı ilədək olan dövrdəki ən yüksək orta aylıq əməkhaqqı (2004-2005-ci illər) götürülüb və bütün fəaliyyət dövrünə şamil edilib (baxmayaraq ki, 2004-2005-ci illərdən əvvəlki dövrün orta aylıq əməkhaqqı məbləğləri xeyli aşağıdır).
- Sosial sığorta 1992-ci ildən tətbiq olunsa da vətəndaşın bütün işlədiyi dövrə sığorta kapitalı hesablanır ki, bu da əvvəlki dövrdə qazanılmış hüquqların (əmək stajlarının) sığorta-pensiya sisteminə tam inteqrasiyası deməkdir.
- Nəzərə almaq lazımdır ki, bu qayda 01.01.2010-cu il tarixdən sonra pensiyaya çıxanlara şamil ediləcək ki, bu da yeni təyin olunan pensiya məbləğlərinin artımı deməkdir. Təklif olunan qaydanın tətbiqi nəticəsində minimum məbləğlə pensiya təyinatı aradan qaldırılacaq.
Yeni qaydaya görə,
1) pensiyaya çıxan hər bir şəxsin əmək kitabçası üzrə 2006-cı ilə qədər əmək stajının hər ilinə 170 manat pensiya kapitalı veriləcək. Alnan məbləğin üzərinə son 4 ilin inflyasiya faizləri gəlinərək 144-ə bölünəcək. Bundan sonra şəxsin son 4 ildə fərdi hesabına yığılan sığorta kapitalı da 144-ə bölünərək, alınan məbləğlər toplanacaq. Bununla pensiyanın sığorta hissəsi müəyyən olunacaq.
2) Pensiyanın sığorta hissəsinin üzərinə baza pensiyası əlavə olunacaq və cəmi pensiya məbləği müəyyənləşəcək.
Burada 170 manat ?Əmək pensiyaları haqqında? Qanunun qəbul olunduğu 01.01.2006-cı ilə qədər olan ən yüksək orta aylıq əməkhaqqına görə fərdi hesaba toplanmalı olan illik sosial sığorta məbləği (pensiya kapitalı), 144 isə gözlənilən pensiya ödənişi müddətidir (12 il, yəni 144 ay).
Bu hesabla 2006-cı ilə qədər 12 il iş stajı olan şəxs azı 90 manatdan yuxarı pensiya ala biləcək.
Məsələn, 2010-cu ildə pensiyaya cıxacaq 40 il stajı olan şəxsin pensiyasını hesablasaq, bunun 36 ili 2006-cı ilə qədər olan köhnə, 4 ili yeni sistemə düşür. Bu zaman 36 il 170-ə vurulur, üzərinə gəlinir 2006, 2007, 2008-ci illərin inflyasiya faizləri, yəni- 8,3 faiz, 16,7 faiz, 20,8 faiz. Alınan 9434 manat 144-ə bölünür. Alınır 65 manat.
Şəxsin son 4 ildə 300 manat maaşına tətbiq olunan sosial sığorta haqları əsas götürməklə fərdi hesabında yığılan sığorta kapitalına görə sıgorta hissəsini də hesablasaq, bu 20 manat edir. Beləliklə, cəmi sığorta hissəsi 65+20 =85 manat edir. Üzərinə gəlinir pensiyanın baza hissəsi, yəni 75 manat. Cəmi edir 160 manat.
Halbuki statistik göstəricilərin təhlili göstərir ki, yüksək əmək stajlarının olmasına baxmayaraq, son illər təyin olunmuş pensiyaların 60,8%-i minimum məbləğdə (yəni 75 manat) təyin olunub.