"2010-nun büdcə layihəsi qeyri-zəffaf, korrupsiya tutumlu bir sənəddir"

img

01-11-2009 [05:16]


[b]Pənah Hüseyn: "Bu sənəd hakimiyyətin apardığı sosial-iqtisadi siyasətin bərbad vəziyyətdə olduğunu ortaya qoydu" [/b] Yaxın günlərdə 2010-cu ilin Dövlət Büdcəsi layihəsi Milli Məclisin İqtisadi Siyasət Komitəsində müzakirə olunaraq, plenar iclasa çıxarılacaq. Növbəti ilin büdcəsinin 2009-cu ilin büdcəsindən az olması, yəni bəzi xərclərin azaldılması narahatlığa səbəb olub. Müsavat Deputat Qrupunun üzvü, keçmiş baş nazir Pənah Hüseynlə söhbətimizə də büdcə layihəsi ilə başladıq. - Azərbaycanda büdcə məsələsi xeyli dərəcədə yıpranıb. Yəni öz əhəmiyyətini itirib. Çünki "Büdcə sistemi haqqında" Qanuna ötən il də daxil olmaqla, elə dəyişikliklər edilib ki, artıq büdcə layihəsi ciddi bir sənəd olmaqdan çıxıb. O mənada ki, ayrılan vəsaitdən nazirliklər, yaxud Nazirlər Kabineti istədiyi kimi istifadə edir, qrafaları dəyişə bilir. Bütün dünyada büdcə elə məsələdir ki, oradakı hər bir nöqtəyə, hər bir bəndə gərək, parlamentdə dəyişiklik edilsin. Amma bizdə bu, formal xarakter daşıyırdı, indi isə qeyd etdiyim dəyişiklikdən sonra parlamentdəki müzakirələr qanun baxımından da formal olur. [b]- Konkret olaraq, təqdim olunan sənədlə bağlı fikirləriniz necədir? [/b] - Büdcənin gəlir hissəsi də, xərc hissəsi də azaldılıb. Xərc hissəsinin azaldılmasına gəldikdə, ümumiyyətlə, gözlənilirdi ki, investisiya xərcləri tədricən azaldılacaq. Əlbəttə, diqqəti cəlb edən odur ki, təhsil, səhiyyə, digər sosial sahələrdə xərclərdə azalma var. İndi biz onun hansı paraqraflar üzərində azalmasını da öyrənirik. Əslində bu, uzun müddətdən bəri inkişaf haqqında hökumətin iddialarının doğru olmadığını göstərir. Müstəqil iqtisadçıların, ekspertlərin, o cümlədən müxalifətin də dediyi kimi, aparılan sosial-iqtisadi siyasətin neftin qiymətindən asılı vəziyyətə düşməsi büdcədə dalğavari hərəkətə səbəb olur. Onu da qeyd edim ki, sosial təminat sahəsinə ayrılan vəsait də azaldılıb. Gözləniləndir ki, bu, hətta inflyasiyanı da kompensasiya etməyəcək. [b]- Ancaq hökumət nümayəndələri sosial sahəyə ayrılan vəsaitin azaldılmayacağını bildirirdilər...[/b] - Bilirsiniz ki, bu il iqtisadi böhranla bağlı inflyasiya bir qədər aşağı olmuşdu. Amma beynəlxaq təşkilatlar gələn ildən güclü inflyasiya dövrünün başlanacağını proqnozlaşdırırlar. Bu mənada 2010-cu ilin büdcəsində bu da nəzərdə tutulmalı idi, amma tutulmayıb. Ona görə də mən, büdcə layihəsini dövlətin ana maliyyə sənədi kimi əhəmiyyətli sənəd hesab etmirəm. Xüsusən də nəzərə alınsa ki, burada Prezidentin Ehtiyyat Fondundan, Nazirlər Kabinetinin, Maliyyə Nazirliyinin ehtiyyat fondlarından xeyli sərbəst xərclərə imkan verilir. Nəticədə icra hakimiyyətinin əlində sərbəst maliyyə siyasəti aparmaq və bu barədə formal da olsa, Milli Məclisdən asılı olmamaq xəttinin reallaşdığını görürük. Bu isə onu göstərir ki, əvvəl-axır bu, olduqca ciddi təzadlara gətirib çıxarır. Təbii ki, çıxışlarımızda öz fikirlərimizi bildirəcəyik. Açığı, 2010-cu ilin büdcə layihəsi yenə də qeyri-şəffaf, korrupsiya tutumlu bir sənəddir. Ötən il büdcə müzakirələri zamanı, mən, diqqəti xərclərdən başqa gəlir hissəsinə yönəltməyi təkid etmişdim. Çünki bizim fikrimizcə, büdcənin az qala yarısı qədər vəsait mənimsənilib, talan olunub. İri vergi ödəyiciləri faktiki olaraq, 20-30 faiz vergi ödəyirlər ki, onun da səbəbi oradakı korrupsiyadır. Xüsusən də gömrük sistemindəki idxalat üzərində cinayətkar monopoloya büdcəyə çatası bir milyard vəsaiti kənarda qoyur. Bütün bunlar faktlarla, rəqəmlərlə göstərilib. Amma bunla bağlı hər hansı tədbir görülmür. Verginin özündə də fiziki və hüquqi şəxslərin gəlir məsələsi qaranlıqdır. Bu məsələlər büdcənin bir tərəfindən götürüb digər tərəfinə qoymaqla həll olunur. Amma o məsələlər ki, normal, mütərəqqi vergi siyasəti tələb edir, burada bir xərac sistemi tətbiq edilir. Yəni ildə iki dəfə gəlib müəyyən olunmuş vəsaiti toplayırlar, onun da əksər hissəsi mənimsənilir, çox cüzi hissəsi büdcəyə daxil olur. Demək istəyirəm ki, ana maliyyə sənədinin ciddi əhəmiyyətə malik olacağını güman etmirəm. Amma bir maliyyə sənədidir, ən azı vəsaitin 30-40 faizinin hara xərclənəcəyi, yaxud təminatları müzakirə olunur. Yəni bu müzəkirələrdə nəsə fövqəladə bir şey olacağı qənaətində deyiləm. Bu sənəd hakimiyyətin apardığı sosial-iqtisadi siyasətin bərbad vəziyyətdə olduğunu ortaya qoyur. [b]- Necə düşünürsünüz, hökumət nümayəndələri Sizin qeyd etdiyiniz məqamları əsaslandıra biləcəkmi? [/b] - Elə maraqlısı bunun necə əsaslandırılması olacaq. Çünki hakimiyyət analoqu olmayan iqtisadi inkişafdan danışır, büdcədə isə azalmalar var. Sözün doğrusu, hökumət nümayəndələrinin əsaslandırmaları maraqlı ola bilər. [b]- Pənah bəy, bir milyarda yaxın büdcə kəsirinin olduğu bildirilir. Bu, hansı problemlər yarada bilər?[/b] - Ümumiyyətlə, büdcə kəsiri adətən olur. Azərbaycanda normal iqtisadi sistem olmadığına görə, büdcə kəsiri məsələsi simvolik xarakter daşıyır. Əgər büdcənin 50 faizə yaxını Neft Fondundan transfert hesabına formalaşırsa, burada büdcə kəsirinin olub-olmamasından danışmaq yersizdir. Yəni Neft Fondundan bir milyard da artıq vəsait transfert edirlər və büdcə kəsiri olmur. Bunun neftin qiymətindən asılı olub-olmaması da xeyli dərəcədə əhəmiyyətini itirib. Azərbaycanda normal büdcə sistemi də yoxdur, bu səbəbdən bizdə məsələlərə bir qədər fərqli yanaşmaq lazımdır. Başqa bir məsələyə toxunum. Bəzən büdcədən ayrılan pulları da qənaət adıyla kəsirlər. Məsələn, ötən il büdcədə guya xaricə göndərilən tələbələr üçün ayrılan vəsaitin cəmi 10 faizi xərclənmişdi. Sual olundu ki, bu vəsaitin 10 faizi xərclənəcəkdisə, niyə ayrılırdı? Cavab verirlər ki, guya gedən yoxdur. Mən onlarla adam tanıyıram ki, Təhsil Nazirliyinə müraciət ediblər ki, dünyanın aparıcı məktəblərinə daxil olduqları üçün onlara pul ayrılsın, amma ayrılmayıb. Bir misal çəkim, Kamil Vəlinin oğlu Harvad səviyyəsində olan təhsil müəssinəsinə - "London Economy School"a daxil olmuşdu. O, Təhsil Nazirliyini müraciət eləmişdi, pul ayırmadılar. Yəni demək istəyirəm ki, bu kimi hallar var və ayrılan vəsait öz ünvanına çatmır. Hətta əlillərə, yetimlərə ayrılan pullara da qənaət edirlər, vermirlər. Bu da onu göstərir ki, bu kəsirlər bizdə simvolik xarakter daşıyır. Çünki Azərbaycanda "kölgə"də dövr edən o qədər nəhəng pul kütləsi var ki, büdcə kəsirinin iqtisadiyyata, inflyasiyaya göstərə biləcək təsir onun yanında heç nədir. Bizdə banklardan nəğd şəkildə götürülən pulların həcminə, büdcə hesabına maaşa, pensiyaya və s. ayrılan pullara baxdıqda bu, cüzi bir hissəni təşkil edir. Amma 4-5 il sonra belə vəziyyət iqtisadi uçurum səviyyəsinə gəlib çıxa bilər. Əgər vəziyyət belə davam edəcəksə, 4-5 il sonra bunun ağır fəsadları olacaq. [b]- Milli Məclisin ötən iclasında pensiya yaş həddinin qaldırılmasına Siz də daxil olmaqla, bir neçə deputat narazılığını bildirdi, amma sonda iki nəfər əleyhinə səs verdi... [/b] - [i](Sözümüzü kəsir)[/i] Vallah, siz bunu səs verməyənlərdən soruşsanız yaxşı olar. Əvvəla onu deyim ki, bu məsələyə çox ciddi önəm verilmişdi. Xüsusən də KİV-də bu layihənin əleyhinə təbliğat getmişdi, o cümlədən mənim mübahisələrim olmuşdu. Həmin gün Milli Məclisin iclasında iştirak edən jurnalistlər fikir versəydilər görərdilər ki, adətən günün o vaxtında olduğundan xeyli çox deputat var idi. Yəni adətən həmin vaxt çox az deputat iclasda iştirak edir. Bu da yuxarıdan tapşırığın olduğunu göstərirdi. Əli Məsimli çox arqumentli çıxış eləmişdi, hökumətin islahat kimi təqdim etdiyinin əslində anti-islahat olmasını və arqumentlərin əsassız olduğunu bildirmişdi. Amma nəticədə Əli Məsimli də tamamiylə əsassız saydığı layihənin lehinə səs verdi. Mənim məlumatıma görə, hətta iclasın gedişində də deputatlara təzyiqlər davam etdirilib və tapşırılıb ki, layihəyə mütləq səs verilməlidir. Əlbəttə ki, bu, çox ağrıdıcı məsələdir. Təbii ki, bu qanun layihəsi prezidentin imzası ilə gəldikdən sonra keçəcəkdi. Amma əleyhinə çıxan deputatların nəticədə bu sənədin lehinə səs verməsi ağrıdıcı səhnə idi. Mən, ən azı bu sənədin əleyhinə 7-8 səs gözləyirdim. Bildiyiniz kimi, gələn il parlament seçkisidir. Yəqin ki, bəziləri bu məsələni də nəzərə alırlar. Hər halda çox təəssüf doğuran bir vəziyyət idi. [b]- Onu soruşmaq istəyirəm ki, büdcə layihəsinin müzakirəsi zamanı da eyni səhnə yaranacaq?[/b] - Məncə, gözlənilməz bir şey olmayacaq. Hər bir kəs öz vicdanı qarşısında cavab verir. Vicdan ona deyirsə ki, sən belə çıxış elə, o da ona uyğun çıxış edir. Yəni mənim anlamımda ümumi siyasi münasibət bir tərəfə, ən azı bəzi deputatlar öz fikirini bildirə bilər. Hətta kommunist dövründə heç bir müxalifət filan olmurdu, mən xatırlayıram, bəzi məsələlərin müzakirəsi zamanı tənqidlər səslənirdi. İndi isə çox faciəvi vəziyyət yaranıb, yəni vəziyyətin hətta kommunist dövründəkindən də pis olduğunu görürük. Düşünmək lazımdır ki, nə üçün hadisələr bu istiqamətdə davam edir. Amma mənə elə gəlir ki, bu, artıq sondur, bu şəkildə davam edə bilməz. [b]- Qeyd etdiniz ki, qarşıdan parlament seçkiləri gəlir, ona görə də bəzi deputatlar...[/b] [i]- (Tələsik)[/i] Mən belə güman edirəm. Yəni mən başa düşdüm ki, orada ya məsləhət olub, ya da işarə ediblər ki, bu qanunun əleyhinə olmaq lazım deyil. Hər halda bir qanunun əleyhinə kəskin şəkildə danışasan, ona qarşı olasan, sonra da onun lehinə səs verəsən, bunun başqa bir izahı yoxdur. [b]- Sözlərinizin konkret olaraq, kimlərə ünvanlandığını deyə bilərsinizmi?[/b] - Bəy, burda daha böyük məsələlərdən danışırıq. Düzdür, sizin öz jurnalist maraqlarınız var, amma bunlar xırda məsələlərdir. [b]- Başqa mövzuya keçək. Bələdiyyə seçkilərinə çox az vaxt qalıb, təmsil olunduğunuz Demokratiya Uğrunda İttifaq (DUİ) bu istiqamətdə hansı işləri görür? [/b] - Biz elan etmişik ki, ittifaqa daxil olan partiyalar bələdiyyə seçkilərində sərbəst iştirak eləsin. Sözün doğrusu, bələdiyyə seçkilərinə maraq çox aşağıdır. Xüsusən də bələdiyyələr birləşdikdən sonra imkanlardan istifadə edib seçilmək də olduqca çətinləşib. Kimsə öz yaşadığı ərazidə qohumlarını, tərəfdarlarını səfərbər edirdisə, indi beş-altı yaşayış məntəqəsi birləşib. Belə bir şəraitdə namizədlik irəli sürüb, qalib gəlmək də çətinləşib. Bir məsələni də deyim, diqqət yetirdinizsə, bələdiyyələrin birləşdirilməsinə müxalifət elə də təpki göstərmədi. Bunun da səbəbi odur ki, bələdiyyələr icra hakimiyyətinin əlavəsi kimi bir şeydir. Üstəlik, bələdiyyələr bu iqtidarın dayağıdır. Yerlərdə iqtidarın "drujina dəstəsi" rolunu oynayırdı. Bələdiyyələrin birləşdirilməsi hardasa, 70 faizi bu "drujina"dan xilas elədi. Bir də ki, azad, ədalətli seçki olmadığına görə, prosesə qatılmaq o qədər də əhəmiyyətli görünmür. Mən, DUİ-dəki partiyaların, həm də üzvü olduğum Xalq Partiyasının üzvləri ilə əlaqə saxladım, onların böyük bir hissəsi bələdiyyə seçkilərinə qatılmamaq tərəfdarıdırlar, çox güman ki, seçkiyə də getməyəcəklər. Digər tərəfdən, xeyli bürokratik əngəllər də var. Bu mənada düşünürəm ki, bələdiyyə seçkiləri faktiki olaraq, boykot olunmasa da, müxalifətin əsas qüvvəsi bu seçkidə iştirak etməyəcək. Məlumatıma görə, yalnız Müsavat partiya şəklində prosesə qatılır. [b]- Niyə ki, digər partiyalar da prosesə partiya şəkilində qatılırlar...[/b] - Bu, artıq seçkiyə partiya şəklində qatılmaq deyil, hakimiyyətin özünün quraşdırdığı mozaikadır. Yəni ümumi vəziyyət bu cürdür. [b]- Bir müddət öncə müxalifətin seçkiyə birgə getmək istəyi var idi...[/b] - Elə indi də var. [b]- Axı seçkiyə birgə gedən olmadı? [/b] - Siz hansı birliyi deyirsiniz? [b]- Qarabağ və Respublika Uğrunda Hərəkatı...[/b] - Mənə elə gəlir ki, həmin birliyin parçalanması, yaxud seçkiyə birgə gedə bilməməsi ilə bağlı məsələlərə onlar özü cavab versə, yaxşı olar. [b]- Bəs, ümumi birlik niyə mümkün olmur? [/b] - Ümumi birlik çox nadir hallarda ola bilər. Çünki müxalifət böyük bir spektrdir. Burada ideoloji və taktika cəhətdən də mövqeləri üst-üstə düşməyən təşkilatlar var. Bir də ki, nəyə görə hamı bir olmalıdır? Bəli, bunların seçkidə əməkdaşlığı arzuolunan və zəruridir. 2005-ci il parlament seçkilərində belə bir birlik yaranmışdı. Düşünürəm ki, 2010-da da hansısa birlik, əməkdaşlıq mərkəzi olacaq. Bunun vahid siyahı, yoxsa namizədlərin əlaqələndirilməsi ilə olacağını isə zaman göstərəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA