Almaniyanın Bədbəxt Hadisələrdən Sosial Sığorta Təzkilatının nümayəndə heyəti Azərbaycana gəlir

img

16-10-2009 [02:14]


20-24 oktyabr 2009-cu il tarixlərində Almaniya Federativ Respublikasının Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının icraçı direktoru, Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) komissiya sədri, Beynəlxalq Reabilitasiya Təşkilatının Avropa bölməsinin vitse-prezidenti İoakim Bröyerin və BSTA-nın xüsusi komissiyasının sədri, Almaniya Maşınqayırma, Elektrik və Toxuculuq sənayesində Bədbəxt Hadisələrdən İcbari Sığorta Təşkilatının İdarə Heyətinin sədri Olaf Petermannın daxil olduğu nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq. Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə həmçinin Almaniya Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının Beynəlxalq əlaqələr departamentinin direktoru Stefan Zimmer, Maşınqayırma, Elektrik və Toxuculuq sənayesində Bədbəxt Hadisələrdən İcbari Sığorta Təşkilatının idarə heyətinin katibi xanım Gülcan Miyanyedi daxildir. Səfərdə məqsəd Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu ilə əlaqələri daha da inkişaf etdirmək və yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan birgə tədbirlərlə bağlı müzakirələr aparmaqdır. BSTA-nın xüsusi komissiyası və BSTA-nın texniki komissiyası çərçivəsində 2010-cu ilin yazında Azərbaycanda birgə beynəlxalq seminarların keçirilməsi məsələsi də səfər zamanı diqqət mərkəzində olacaq. Qeyd edək ki, ölkəmizdə belə bir seminarın keçirilməsi təklifi ilə BSTA rəsmiləri çıxış etmişlər. Seminarın ilkin mövzusu kimi ?Enerji sektorunda peşə xəstəliklərinin qarşısının alınması, sığortalanma və reabilitasiyanın təminatı? irəli sürülüb. Eyni zamanda, Avropada bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sığortalanma sahəsində cari problemlərinin icmalı və başqa bu kimi məsələlərin də seminarın müzakirəsinə çıxarılması təklif olunur. BSTA rəsmilərinin Azərbaycana planlaşdırılan səfəri zamanı, həmçinin Azərbaycan və Almaniya arasında əlaqələrin daha da möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Nazirlər Kabinetində və bir sıra digər nazirliklərdə görüşlərin keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, 2004-cü ilin sentyabrında ölkəmiz BSTA-nın büro üzvü seçilmiş, Assosiasiyanın Avropa toplantısı 2005-ci ilin sentyabrında Bakıda keçirilmişdir. 2007-ci ildə ölkəmizin inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilməsi və yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malik olması, Komitənin iclasının 2008-ci ilin 2 iyul tarixində Bakı şəhərində keçirilməsi Azərbaycanın Avropaya inteqrasiyası istiqamətində gerçəkləşdirilən mühüm tədbirlərdəndir. Bu əlaqələrin inkişafının davamı kimi 2008-ci ilin oktyabr ayında Bakıda BSTA-nın və DSMF-nin birgə təşkilatçılığı ilə Assosiasiyanın üzvü olan 16 ölkənin iştirakı ilə beynəlxalq texniki seminar keçirilmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA