Dəyəri 950 min avro olan ?Milli Məclisə dəstək? layihəsinin təqdimati keçirildi

img

25-09-2009 [05:39]


Parlamentdə Avropa Komissiyasının dəstəyi və Litva parlamenti ilə birgə icra olunacaq "Milli Məclisə dəstək" tvinniq layihəsinin təqdimatı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov qeyd etdi ki, layihənin həyata keçirilməsi Azərbaycanla Litva arasında əlaqələrin inkişafına təkan verəcək. Onun sözlərinə görə, layihə ölkə qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur. Bu layihə Azərbaycanın Avroatlantik institutlara inteqrasiya siyasətinə dəstək olacaq. Tərəflər "Milli Məclisə dəstək" layihəsi çərçivəsində dörd istiqamət müəyyənləşdiriblər. Hər bir istiqamət üzrə işçi qrupları yaradılıb. Tədbirdə çıxış edən Litva Seyminin sədr müavini Çaslovas Strançeviçus bildirdi ki, bu layihənin icrası Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində yeni mərhələ olacaq. Onun sözlərinə görə, Avropa İttifaqı 2004-cü ildən başlayaraq Azərbaycanla əlaqələri genişləndirir. Bəzən Avropa İttifaqının Azərbaycanla əlaqələri genişləndirmək cəhdləri qəbul olunmuş proqramların çərçivəsini də aşır. Bu tədbirlər çərçivəsində Azərbaycan tədricən Avropa İttifaqı standartlarına uyğunlaşır. Qonaq qeyd etdi ki, Azərbaycanın zəngin demokratiya ənənələri var. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk müsəlman respublika olub. "Siz fəxr edə bilərsiniz ki, AXC Şərqdə ilk dəfə olaraq qadınlara bərabər seçki hüququ tanıyıb?. O qeyd etdi ki, təqdimatı keçirilən layihə Azərbaycanın qarşısında yeni imkanlar açacaq. Layihə çərçivəsində Litva və Azərbaycan parlamentləri arasında təcrübə mübadiləsi aparılacaq. Parlament və icra hakimiyyəti orqanları arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində addımlar atılacaq. Layihə çərçivəsində çoxsaylı tədbirlərin keçirilməsi də nəzərdə tutulur. İlk belə tədbir bu ilin oktyabrında Bakıda Litva, Polşa və Azərbaycan parlamentarilərinin iştirakı ilə birgə debatın təşkil edilməsi olacaq. Debatda Avropa İttifaqının ekspertləri də iştirak edəcək. Debatda demokratiyanın inkişafı və qanunvericiliyin Avropa standartları barədə müzakirələr aparılacaq. Vitse-spiker əlavə etdi ki, Avropa İttifaqı "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində də Azərbaycanla əlaqələri genişləndirəcək. Avropa Komissiyasının Azərbaycan nümayəndəliyinin təmsilçisi Jan Lui Lavrov Avropa İttifaqının qanunvericilik sahəsindəki təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduğunu bildirdi. Onun sözlərinə görə, Litva parlamentində bu layihə həyata keçirilib və ölkə 2005-ci ildə Avropa İttifaqına üzv olub. Yəni layihə dövlətlərin Avropa İttifaqı standartlarına uyğunlaşdırılmasına xidmət edir. Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirdi ki, Azərbaycanın bu layihədə iştirakı ölkə rəhbərliyinin respublikada parlamentarizmin və demokratiyanın inkişafına necə böyük diqqət yetirməsinin nümunəsi kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, 24 ay davam edəcək layihə çərçivəsində Azərbaycan parlamenti Avropa İttifaqı təcrübəsini öyrənəcək. S.Mirzəyev əlavə etdi ki, Milli Məclisin bu cür layihələri həyata keçirmək təcrübəsi mövcuddur. Qeyd edək ki, layihənin ümumi dəyəri 950 min avrodur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA