Büdcənin səmərəli xərclənməsi ilə bağlı monitorinq aparılır

img

24-09-2009 [04:39]


Bu gün Azərbaycan Media Mərkəzində ?Güzəran? Sosial Araşdırmalar İctimai Birliyinin sədri Qadir İbrahimli Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsilə ?Azərbaycanda büdcə xərclərinin səmərəliliyinin monitorinqi? ilə bağlı mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Qadir İbrahimli 2008-ci ilin ikinci yarısından başlayan qlobal maliyyə böhranının təsirlərinin tam olaraq aradan qalxmadığını və beynəlxalq analitik mərkəzlərinə istinad edərək böhranın ikinci dalğasının gözlənildiyini bildirib: ?Bildiyiniz kimi, dünya bazarında neft büdcədə nəzərdə tutulan baza qiymətindən ucuz satılır. Bu ilin dövlət büdcəsində neftin baza qiyməti 70 dollardan götürüldüyü halda, ilin birinci yarısının yekunlarına görə, Azərbaycan neftinin orta baza qiyməti 48 dollar təşkil edib. Bu da təbii ki, Azərbaycanın büdcə maliyyə sistemi üçün müəyyən risklər və büdcə kəsirinin proqnozlaşdırılan həddi keçməsinə zəmin yaradır. Ona görə də büdcə xərclərinin qənaətlə və səmərəli bölgüsü əsas vəzifələrdən biridir. Qlobal maliyyə böhranı şəraitində hökumət 3 ən vacib məsələnin öhdəsindən gələ bilib: 1. Azərbaycanın Milli valyutası öz dəyərini sabit saxlaya bilib və manatın devalvasiyaya getməsinin qarşısı alınıb; 2. Neft gəlirlərinin azalmasına baxmayaraq, büdcə xərclərinə qənaət edilib və büdcə kəsirinin proqnozlaşdırılan həddi keçməsinə imkan verilməyib; 3. Xarici maliyyə qaynaqlarının qapanmasına baxmayaraq ölkə bankları öz mövcudluqlarını qoruya bilib və bir bank da müflis edilməyib?. Q.İbrahimli onu da bildirib ki, qlobal maliyyə böhranı tam başa çatmadığından arxayınlaşmaq hələ tezdir və büdcə gəlirlərindən səmərli istifadə etmək lazımdır: ?Amerikada işsizlik günü-gündən artır. Çünki sahibkarlarda belə bir psixologiya formalaşıb ki, böhran yenidən gələ bilər. Bu psixologiya artıq bizim sahibkarlara da keçib. Bildiyiniz kimi, tikinti sektoru durğunluq dövrünü yaşayır. Ona görə də sahibkarlar böhranın ikinci dalğası ilə bağlı informasiyaları eşidərək ehtiyat edirlər. Bundan əlavə, böhran nəticəsində ölkədə kimya və alimünium sənayesi sıradan çıxıb. Təkcə Gəncədə Alimünium Zavodunun bağlanması nəticəsində 2300 nəfər insan öz iş yerlərini itirmək məcburiyyətində qalıblar. Həmçinin bunu Sumqayıt şəhərinə də aid etmək olar. Hesab edirik ki, büdcə gəlirlərindən bu məqsədlə bir sıra vəsaitlər ayrılmalıdır. Fikrimcə, Azərbaycanda elə sahələrə vəsait qoyulmalıdır ki, orada davamlı iş yerlərinin yaradılması mümkün olsun?. Q.İbrahimli onu da nəzərə çatdırıb ki, artıq ?Büdcə sistemi haqqında? Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2009-cu il 15 sentyabr tarixdə 2010-cu il üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihəsi və 2010-2013-cü illər üçün icmal büdcənin göstəriciləri Maliyyə Nazirliyi tərəfindən tərtib edilərək, bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan sənədlərlə birlikdə Nazirlər Kabinetinə təqdim edilib. Büdcə paketi sentyabrın 25-dən gec olmayaraq, ölkə başçısına, oktyabrın 15-də isə Milli Məclisin müzakirəsinə təqdim ediləcək. Bununla da ?Güzəran? Sosial Araşdırmalar İctimai Birliyi layihə çərçivəsində büdcə paketinin qəbulu ilə bağlı bütün prosesləri izləyəcək, sənədlə bağlı ilkin, xüsusi və yekun rəyini geniş ictimaiyyətə çatdıracaq. Ekspert qrupunun nümayəndəsi, iqtisadçı Azər Hüseynov isə bildirib ki, dünya ölkələrinin hər birində büdcə sistemi ciddi izlənilir və gündəmdədir: ?Heç kimə sirr deyil ki, Azərbaycanın büdcəsi neftdən gələn gəlirlər hesabına formalaşır. Bizim məqsədimiz də büdcə gəlirlərinin səmərəliliyini təmin etməkdir. Çalışacayıq ki, layihə çərçivəsində bir çox məsələləri araşdıra bilək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA