Avqustda torpaq alqı-satqısında azalma müzahidə olunub

img

14-09-2009 [01:16]


Torpaq sahələrinin ipoteka prosesində girov predmeti kimi qəbul olunmaması daşınmaz əmlak subyekti kimi mülkiyyətin bu növünə olan marağı xeyli zəiflədib. ?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyinin apardığı monitorinqin nəticələrinə görə, 2009-cu ilin avqust ayı ərzində bazara təklif olunan ümumi 820,8 ha torpaq sahəsinin 76,1%-ni boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib. Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası avqust ayında bir qədər də genişlənib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında müvafiq olaraq azalma müşahidə olunub və bazarın aktivliyi əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib. Bazarda torpağın ekspozisiya müddəti əvvəlki ayla müqayisədə 1,3% artaraq 237 günə çatmışdır. Yaranmış vəziyyət əsasən bazarda tələb və təklifin strukturunun tərs mütənasib dəyişməsi və son aylar iqtisadi böhranın ölkənin torpaq bazarına mənfi təsiri nəticəsində meydana çıxmışdır. Bu tendensiya mövsümlə əlaqədar bir qədər də dərinləşib. Ötən aylarda olduğu kimi avqust ayında da Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma müşahidə olunmuşdur. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 7,0% azalaraq 18791 $/sot səviyyəsindən 17474$/sot səviyyəsinə enib. ?ƏBİ? İB-in monitorinq qrupunun araşdırmaları zamanı müəyyən olunub ki, ay ərzində şəhər ətrafı və şəhərdən kənar rayonlarda torpaq üzərində aparılan əməliyyatlar şəhərin mərkəzinə nisbətən çox olsa da, qiymət azalması da əvvəlki aylarda olduğu kimi daha çox III və IV zonalarda qeydə alınmışdır. Şəhərin mərkəzində qiymətlərin həddən artıq yüksək olması I və II zonalarda tələbin aşağı düşməsi ilə paralel qiymətlərin də azalmasına səbəb olub. Amma III və IV zonalarda təklifin çox olması, tikintinin tempinin aşağı enməsi nəticəsində torpağa olan tələbin sürətlə azalması bu zonlar üzrə qiymətlərin daha çox enməsinə təkan vermişdir. Qiymətlərin hələ də real dəyərdən yüksək olması torpağın gəlirliyinə ciddi təsir göstərməsə də, bazarın bu seqmentində ekspozisiya müddətinin artmasına və likvidlik dərəcəsinin düşməsinə səbəb olub. Bütün bunlarla yanaşı, torpaq sahələrinin ipoteka prosesində girov predmeti kimi qəbul olunmaması daşınmaz əmlak subyekti kimi mülkiyyətin bu növünə olan marağı xeyli zəiflədib. Son aylar bazarda baş verən proseslər bazarın bu seqmenti ilə aparılan əməliyyatlarda risk dərəcəsini artırıb. Ən çox qiymət azalması Sabunçu (-11,4%) rayonunda qeydə alınmışdır. Ötən aylardan fərqli olaraq avqustda yalnız Səbail rayonunda torpağın qiymətində artım (3,8%) baş verib. Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Binəqədi və Nərimanov rayonları başçılıq edirlər. Ən passiv rayon isə ötən aylar olduğu kimi Nəsimi rayonudur. Ay ərzində bazara təklif olunan ən bahalı torpaq sahəsi Nəsimi (H.Əliyev sarayının yaxınlığı) rayonunda (250000 min $/sot), ən ucuz torpaq sahəsi isə Suraxanı (Hövsan qəsəbəsi) rayonunda (250 $/sot) qeydə alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA