Bakıda yol hərəkəti qaydalarını pozan piyadalar 10 manat cərimələnəcək

img

10-09-2009 [02:04]


Son zamanlar paytaxtda yol hərəkəti qaydalarının pozulması hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq hərəkət iştirakçıları tərəfindən yol hərəkəti qaydalarına hələ də tam əməl olunmur. Belə ki, yeni yeraltı və yerüstü piyada keçidlərinin inşa olunmasına baxmayaraq, əksər hallarda piyadalar yol hərəkəti qaydalarına riayət etmədən yolun hərəkət hissəsini müəyyən olunmamış yerlərdən keçir, bəzən isə yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxırlar. Bu da öz növbəsində onların həyatını təhlükə altında qoymaqla əksər hallarda piyadaların nəqliyyat vasitələri tərəfindən vurulmaları ilə nəticələnir. Bəzi hallarda isə sürücülər tərəfindən piyada keçidlərinin keçilməsi qaydalarına riayət olunmur, bu səbəbdən piyadalar onlar üçün nəzərdə tutulmuş piyada keçidlərindən keçə bilmirlər və nəticədə yol nəqliyyat hadisələri baş verir. Göstərilənləri nəzərə alaraq, daxili işlər naziri Ramil Usubovun əmri ilə Bakıda təhlükəsizlik aylığına start verilib. Bu gündən başlayaraq, Xətai rayonu ərazisində də ?Diqqət, uşaqlar? devizi altında təhlükəsizlik aylığı keçiriləcək. Tədbir oktyabrın 10-dək davam edəcək. Bu barədə məlumat verən Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) təbliğat inspektoru, polkovnik-leytenant Vaqif Əsədovun verdiyi məlumata görə, təhlükəsizlik aylığı çərçivəsində yeni dərs ilinin başlaması ilə əlaqədar olaraq, məktəb, lisey və uşaq bağçalarının ətrafında yol-hərəkəti qaydalarının təmininin gücləndirilməsi, yol hərəkəti nişanlarının qurulması və digər bu kimi vacib tədbirlər həyata keçiriləcək. Artıq Xətai DYPŞ əməkdaşları bu tədbirlərə start verib və ay ərzində proses davam etdiriləcək. Burada əsas məqsəd yol qəzalarında uşaqların tələfatının sayının azaldılması, uşaqların yol qəzalarının qurbanına çevrilməsinin qarşısının alınması və vətəndaşların maarifləndirilməsidir: ?Artıq məlum məsələdir ki, yol qəzalarının baş verməsindən piyadaların da rolu az deyil. Bəzən yeraltı keçidlər olan ərazilərdə də piyadalar oradan istifadə etmirlər və nəticədə faciəli yol qəzaları baş verir. Biz çalışırıq ki, Xətai rayonu ərazisində vətəndaşların bu sahədə biliklərini artıraq. Bunun üçün təkcə maarifləndirici tədbirlər kifayət etmir. Biz yol hərəkəti qaydalarını pozan piyadaları cəzalandırmağı da nəzərdə tuturuq. Artıq bu qaydaları pozan piyadaları 10 manat məbləğində cərimə edirik. Biz insanların təhlükəsizliyi üçün bu cür addımlar atmaq məcburiyyətindəyik?. ?Diqqət uşaqlar? aylığı çərçivəsində görülən tədbirlərin başlıca tələblərindən danışan Vaqif Əsədov bildirdi ki, piyadalar səki, piyada zolağı, yol çiyinləri, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidir. Həmçinin, dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayırıclarında səki xətti və ya yol çiyini xətləri boyunca keçməlidirlər. V.Əsədov onu da qeyd etdi ki, piyadalar hərəkətin nizamlandığı yerlərdə nizamlayıcının və ya piyada svetoforunun, o olmadıqda isə nəqliyyat svetoforunun işarəsini əsas tutmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA