Prezidentin fərmanı ilə maliyyə naziri Samir Şərifovun səlahiyyətləri artırıldı

img

07-08-2009 [08:50]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 avqust 2009-cu il tarixli fərmanı ilə nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsini təkmilləşdirməyi qərara alıb. Prezidentin fərmanında göstərilir ki, nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan banklarda və bank olmayan kredit təşkilatlarında həmin səhmlərin imkan verdiyi dərəcədə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş məsələlərin həll edilməsində dövlətin adından iştirak etmə hüququ Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilir. Bunla yanaşı Maliyyə Nazirliyinə aşağıdakı səlahiyyətlər verilir: - kredit təşkilatının Müşahidə Şurasının və Audit Komitəsinin (Təftiş Komissiyasının) üzvlərinin seçilməsi və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi; - kredit təşkilatının icra orqanlarının yaradılması və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi; - kredit təşkilatının illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi; - kredit təşkilatının xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi; - kredit təşkilatının reqlamentinin qəbul edilməsi və reqlamentə əlavə və dəyişikliklərin edilməsi; - kredit təşkilatının faiz dərəcələri, aktivlərin yerləşdirilməsi və kateqoriyaları barəsində siyasətinin, habelə bankın ümumi maliyyə, uçot, inzibati və kadr siyasətinin müəyyənləşdirilməsi; - növbəti və tələb olunduğu hallarda növbədənkənar auditin keçirilməsi barədə qərarın qəbul edilməsi və bu məqsədlə kənar auditorun təyin edilməsi; - kredit təşkilatının büdcəsinin qəbul və təsdiq edilməsi; - kredit təşkilatının inzibatçılarının işə götürülməsi müddətlərinin və şərtlərinin müəyyənləşdirilməsi; - Müşahidə Şurası üzvlərinin səlahiyyətləri istisna olmaqla, kredit təşkilatının inzibatçılarının kredit təşkilatı adından və kredit təşkilatı hesabına öhdəliklər qəbul etmək səlahiyyətlərinin və həmin səlahiyyətlərin kredit təşkilatının digər əməkdaşlarına verilməsi hüququnun hədlərinin müəyyənləşdirilməsi; - kredit təşkilatı inzibatçılarının kommersiya maraqlarının açıqlaması haqqında qaydaların və həmin qaydalara dəyişiklik və əlavələrin qəbul edilməsi; - kredit təşkilatının səhmlərinin buraxılması müddətlərinin və şərtlərinin müəyyənləşdirilməsi, habelə mühüm iştirak payının əldə edilməsinə razılıq verilməsi; - kredit təşkilatının kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş illik maliyyə hesabatlarının təsdiq edilməsi, habelə xalis mənfəət hesabına ehtiyatların yaradılması və dividendlərin ödənilməsi barədə qərarın qəbul edilməsi. Fərmana əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi isə Maliyyə Nazirliyinin təklifi əsasında kredit təşkilatının Nizamnaməsinin təsdiq edə və nizamnamə kapitalının miqdarının müəyyən edə, kredit təşkilatının nümayəndəlik və filiallarının yarada və ya ləğv edə bilər. Göründüyü kimi prezidentin bu fərmanı ilə maliyyə naziri Samir Şərifovun də səlahiyyətləri kifayət qədər artırıldı. Bundan sonra nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan banklarda və bank olmayan kredit təşkilatlarına nəzarət S.Şərifovun əlində cəmləşdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA