Sosial Müdafiə Fondunun gəlirləri ötən illə müqayisədə 19 faiz artıb

img

03-08-2009 [12:46]


Dövlət Sosial Müdafiə Fondunun 2009-cu ilin I yarımilliyindəki fəaliyyətinin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə fondun ictimaiyyətlə əlaqələr sektorundan məlumat daxil olub. Məlumata görə, iclası giriş sözü ilə açan Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib ki, müasir inkişaf sitategiyası bazar iqtisadiyyatı mühitində sosial müdafiənin yeni bir modelini formalaşdırılıb. 2009-cu ilin 6 ayı ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən əhalinin pensiya təminatında maliyyə sabitliyinin möhkəmləndirilməsi məqsədilə zəruri vəzifələrin icrası ilə yanaşı sığorta-pensiya sistemində islahatların davam etdirilməsi, ötən dövrlərdə olduğu kimi, diqqət mərkəzində saxlanılıb. İlkin məlumatlara əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2009-cu ilin yanvar-iyun aylarında gəlirləri 759 mln. manat olmuş və keçən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz artıb. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar keçən ilin müvafiq dövrünə nisbətən 25,3 faiz artaraq 490 mln. manata çatmışdır ki, bunun da 56,4 faizi qeyri-büdcə təşkilatlarının payına düşür. Bu təşkilatların ödədikləri sosial sığorta haqlarının məbləği keçən ilin müvafiq dövrünə nisbətən 16,6 faiz artıb. Daxilolmaların səviyyəsi və ilin əvvəlinə Fondun xəzinə hesabında qalıq məbləği pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. İlkin məlumatlara əsasən, 2009-cu ilin 6 ayında Dövlət Sosial Müdafiə Fondun xərcləri 827 mln. manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 206 mln. manat və ya 33,2 faiz çoxdur. Bu vəsaitin 97 faizi və ya 801 mln. manatı əhaliyə ödənişlərə yönəldilib ki, bu da 2008-ci ilin 6 ayına nisbətən 33 faiz və ya 199 mln. manat çoxdur. Sonra çıxış edən Fondun mərkəzi aparatının ayrı-ayrı şöbələrinin müdirləri hesabat dövründə həyata keçirilmiş tədbirlər, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı çıxışlar ediblər. Kollegiya iclasında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş ?2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı? ilə icrası 2009-cu il üçün nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi vəziyyəti müzakirə olunub. Qeyd olunub ki, proqramla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsində sığorta-pensiya sisteminin maliyyə dayanıqlığına nail olunması, sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi xüsusi diqqət mərkəzində saxlanılacaqdır ki, bu istiqamətlərdə Dövlət Sosial Müdafiə Fondu orqanları qarşısında mühüm vəzifələr durur. Kollegiya iclasında həmçinin Fondun yerli orqanlarının 2009-cu ilin yanvar-iyun aylarında fəaliyyəti ətraflı təhlil olunub. Fəaliyyətlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA