Kənd təsərrüfatı sektoru iflic ola bilər

img

02-08-2009 [06:25]


Yay fəsli çoxdan başlasa da, kənd təsərrüfatı məhsullarının qiymətində hər hansı ucuzlaşma müşahidə olunmur. Ötən illə müqayisədə bu il meyvə-tərəvəzin xeyli baha olması payızda qiymət artımının növbəti dalğasının baş qaldıracağını söyləməyə əsas verir. Milli Məclisin iqtisadi-siyasət komitəsinin üzvü Vahid Əhmədov da açıqlamasında kənd təsərrüfatı məhsullarının qiymətinin baha olduğunu deyib. İqtisadçı-deputat bildirib ki, kənd zəhmətkeşləri istehsal etdikləri məhsulu bazara çıxarmağa çətinlik çəkirlər: "Bu günlərdə ölkənin Şimal rayonlarında olmuşam. Orada sahibkarlar yetişdirdikləri ərik və şaftalını sata bilmirlər. Ona görə də dövlət bu məsələyə müdaxilə etməlidir. Fermerin vəzifəsi meyvə-tərəvəzi yetişdirməkdir. Onlar məhsulun satılması haqda fikirləşməməlidirlər. Elə şərait yaratmaq lazımdır ki, fermerlər yetişdirdikləri məhsulu ya "Azərittifaq"ın, ya da Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə sata bilsin. Əgər qiymət baha olsa, bu zaman dövlət bazara müdaxilə edə bilər. Dövlət fermerə məhsulunu bazara çıxarmağa və ondan qazanc götürməyə şərait yaratmalıdır". İqtisadçı bildirib ki, əgər bazarda monopoliya aradan qaldırılmasa, bu sahədə daha acınacaqlı vəziyyət yaranacaq: "Faktiki olaraq, fermer öz malını bazara çıxarıb sata bilmir. Ona görə də çalışır ki, məhsulunu dəyər-dəyməzinə monopolistlərə versin. Həmin adamlar da məhsulu ucuz alıb, bazarda istədikləri qiymətə satırlar. Mən tez-tez bazarda oluram və müşahidə edirəm ki, satıcıların hamısı eyni adamlardı, onların sahibkarlığa heç bir aidiyyatı yoxdur. Bu yaxınlarda Milli Məclis Rəqabət Məcəlləsini üçüncü oxunuşda qəbul etməliydi. Bu məsələnin qəbul edilməsinə də təzyiqlər göstərilir. Rəqabət Məcəlləsində qeyd olunur ki, bazarın 35 faizindən çoxuna nəzarət edən qrup monopolist sayılır və ona qarşı ciddi sanksiyalar tətbiq edilməlidir". Vahid Əhmədovun fikrincə, bu problemə görə təkcə Kənd Təsərrüfatı Nazirliyini qınaq obyektinə çevirmək olmaz: "Kənd Təsərrüfatı Nazirliyi strateji əhəmiyyət kəsb edən dövlət qurumlarından biridir. Bu nazirliyin əsas vəzifələrindən biri strategiyanı müəyyən etməkdir. Bütün məsuliyyəti nazirliyin üzərinə atmaq olmaz. Burada İqtisadi İnkişaf Nazirliyi, eləcə də fermer təsərrüfatına və sahibkarlığa bağlı olan digər qurumlar da məsuliyyət daşıyırlar. Biz neçə ildir deyirik ki, rayonlarda soyuducu kameralar tikilib istifadəyə verilməlidir. Hələ indi tender elan ediblər ki, bu problemi bir-iki ilə yoluna qoysunlar. Bu yaxınlarda soyuducu kamera yalnız Gəncədə tikilib istifadəyə verildi. Ölkənin əsas meyvə-tərəvəz istehsalçısı olan Şimal bölgəsində isə hələ də soyuducu kameralar yoxdur". Deputat deyib ki, Azərbaycanda inhisarçılıq meylləri güclüdür və bəzi qruplar Türkiyədən, İrandan məhsul gətirilməsində maraqlıdırlar: "Bu il Gədəbəy rayonunda xeyli kartof və soğan sahəsi tələf oldu. Xaçmazda fermerlər məcburiyyət qarşısında qalıb, yararsız hala düşən almaları çaya tökdülər. Ötən il Xaçmazda pomidorun yeşiyi 60 qəpiyə satılırdı. Sahibkarları bu cür sıxışdırmaq kənd təsərrüfatı sektorunu iflic edə bilər. Azərbaycanın imkanı var ki, özünü meyvə-tərəvəzlə təmin etsin. Dünyada qəbul olunub ki, özünü 80 faiz ərzaqla təmin edən dövlət təhlükəsiz hesab edilir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA