Kərəm Həsənovun Hacısı və Məzədisi sahibkara zülm edir

img

26-07-2009 [06:41]


[b]Hüquqları pozulan sahibkar isə ona qarşı aparılan ədavətin səbəblərini anlaya bilmir [/b] Redaksiyamıza İmişli rayon sakini, "Fuad" ticarət mərkəzinin sahibi Sadıq Hüseynov tərəfindən şikayət məktubu daxil olub. O, Əmlak Məsələləri Dövlət Komitəsinin ona qarşı haqsızlıqlar etməklə yanaşı, qanuni sahibi olduğu ərazidə tikdirdiyi obyektdə işləyən xeyli ailəni ac saxlamaq istədiklərini yazıb. [b]Sahibkar ərazini necə alıb? [/b] S.Hüseynovun yazdığına görə, keçmiş SSRİ vaxtı İmişlidə aerodrom tikintisi üçün 25 hektar ərazi ayrılıb və müvafiq təşkilat həmin sahədən təyinatı üzrə istifadə edib: "SSRİ dağıldıqdan sonra "Zabrat" aviasiya dəstəsi tərəfindən əvəzsiz olaraq İmişli rayon keçmiş Xalq Deputatları Soveti İcraiyyə Komitəsinə verildi. Sözügedən komitə isə müvafiq qərarla həmin ərazinin çox hissəsini ayrı-ayrı vətəndaşlara fərdi yaşayış evi tikmək üçün verib. Eyni zamanda, 1990-cı ildə İcraiyyə Komitəsi həmin ərazinin 0.10 hektar sahəsini içərisindəki xırda obyektlərlə birlikdə vaxtilə aerodromda müştərək fəaliyyət göstərmiş Kənd Təsərrüfatı Nazirliyinin İmişli Bialoji Bitki Mühafizə Mərkəzinə ayırıb. 2006-cı ildə isə kənd təsərrüfatı nazirinin 26 saylı əmrilə bioloji laboratoriya ləğv edilmiş və onun əmlakı rayon Bitki Mühafizə Mərkəzinə təhvil verilib. Bütün bu faktlar rəsmi sənədlərlə təsdiq edilməklə, surətləri əlimdədir. Bunları sadalamağımda məqqsədim odur ki, mən də həmin ərazidə qanuni sənədlərlə torpaq sahəsi alıb, ev tikmiş vətəndaşların birindən rəsmi qaydada həmin əmlakı almışam. Bununla belə, ona bitişik olan və ümumi sahəsi 0.20 hektar ərazini rəsmi sənədlər əsasında özümünküləşdirmişəm". [b]Məhəmməd Qanbayev sahibkardan nə istəyir? [/b] Sahibkarın yazır ki, qanuni yolla aldığı ərazidə obyekt tikdirmək üçün müvafiq sənədləri, o cümlədən tikintiyə başlamaq üçün rayon İcra Hakimiyyətinin sərəncamını, tikintinin texniki şərtlərini və layihəsini də alıb: "Bu qanuni sənədlərin əsasında tikinti aparmışam. Lakin obyekt istifadəyə veriləndən sonra Əmlak Məsələləri Dövlət Komitəsinin rayon şöbəsinin rəhbəri Məhəmməd Qanbayev əraziyə gələrək, buranın komitənin balansında olduğunu dedi. Mən öz sənədlərimi göstərməklə yanaşı, ondan da sənədləri göstərməsini xahiş etdim. Hələlik bəzi məqamları açıqlamaq istəmirəm. Ancaq aramızda həmin vaxt gedən söz-söhbət böyüdü və o, komitədən nümayəndə çağırdı". Sahibkarın bildirir ki, komitə nümayəndələrinə də sənədlərini təqdim edib və onlar əraziyə baxış keçiriblər: "Əlavə olaraq diqqətə çatdırdım ki, burada 30 nəfər işləyir, əmək haqqı alır və s. Ancaq xeyiri olmadı. Çünki ortada Məhəmməd Qanbayev faktoru var". [b]Komitə nümayəndəsi məhkəmələri də əsir-yesir edib [/b] Sahibkar qeyd edir ki, ilyarımdır Qanbayevin inadı üzündən məhkəmələrə gedib-gəlir: "İl yarım əvvəl keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi məni İmişli rayon Məhkəməsinə verdi. Bu məhkəmə instansiyası mənim haqlı olduğumu təsdiqlədi. Komitənin apellyasiya şikayəti əsasında işə Şirvan Apellyasiya Məhkəməsində də baxılaraq, yenə mənim xeyrimə qərar çıxarıldı. Amma komitə səlahiyyətliləri bu dəfə də sakitləşmədilər. Onlar Ali Məhkəməyə şikayət etdilər. Ali Məhkəmə yenidən baxılması üçün işi Şirvan Apellyasiya Məhkəməsinə göndərdi. Bu ilin mart ayının 13-də sözügedən məhkəmə yenidən İmişli rayon Məhkəməsinin qətnaməsini təsdiqlədi. Ancaq yenidən komitənin sədr müavini Rafiq Cəlilov kasasiya şikayəti verib, işin Ali Məhkəmədə baxışına nail olub. Mənim buna da etirazım yoxdur. Lakin onların bu qədər israrlı şəkildə mənimlə ədavət aparmalarını anlaya bilmirəm". [b]Kənd Təsərrüfatı Nazirliyi sahibkarı müdafiə edib [/b] Həmin ərazidə 20 il ərzində yüzlərlə rayon sakini məskunlaşıb: "Mənə də qaranlıq qalan məqam odur ki, niyə məhz mənimlə ədavət aparırlar. Üstəlik, mənim aldığım sahə tam qanuni sənədlərlədir. Komitənin hüquqşünasları isə iddia ərizələrində yazıblar ki, guya bir hektar ərazi zəbt olunub. Ancaq onların davası məni 0,20 hektarlıq yerimlədir. Bu barədə komitənin hüquqşünasına da sual verdim. Düz-əməlli cavab verə bilmədi. Onu da qeyd edim ki, onların bu iddiası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə Xidmətinin rəhbəri tərəfindən də yalanlanıb. Sözügedən qurumun rəhbərliyi Şirvan Apellyasiya Məhkəməsinə məktub göndərərək, mənim obyektimin yerləşdiyi ərazinin onlara aidiyyatı olmadığını təsdiqləyib". [b]Sahibkarın ümidi Prezidentədir! [/b] Sadıq Hüseynov bildirir ki, indi Ali Məhkəmədə keçiriləcək növbəti prosesi gözləyir: "Əminəm ki, ilyarımdır mənim haqlı olduğumu təsdiqləyən məhkəmə instansiyaları və Ali Məhkəmənin özü bu dəfə də haqlı olduğumu təmin edəcək. Əgər bundan sonrada komitə yetkililəri məndən əl çəkməsələr, o zaman möhtərəm prezidentimiz İlham Əliyevə şikayət edəcəm. Əminəm ki, sahibkarların qayğısına qalan, ölkədə yeni iş yerlərinin açılmasına bütün gücü ilə çalışan ölkə başçısı mənə qarşı haqsız ədavətin aparılmasına son qoyacaq". [b]P.S.[/b] Yeri gəlmişkən, həqiqətən də komitənin rayon mərkəzindən 4-5 kilometr aralıda yerləşən və müvafiq sənədlərlə 20 sotluq bir ərazidə tikinti aparmış S.Hüseynova qarşı aparılan mübarizə anlaşılmır. Əgər komitə rəhbərliyi qanunun aliliyi uğrunda mübarizə aparırsa, o zaman sahibkara "gəl, yerin dövlət rüsumunu ödə, qanunla bu yeri özəlləşdir, şəxsi mülkün olsun",- deyə bilərlər. Bu, ilyarımdır məhkəmə instansiyalarına gedib-gələn komitə hüquqşünasları ilə sahibkarın əzab-əziyyətdən qurtarması ilə yanaşı, həm də hüquqşünaslara ayrılan ezamiyyət xərclərinə qənaət etmək demək olardı. Yəqin ki, bu təklif S.Hüseynova da sərf edər. Əgər nəzərə alsaq ki, 10 min kavadratmetr sahəni əhatə edən İmişlinin mərkəzi bazarının hər kv.metrini Kərəm Həsənov 16 qəpiyə özəlləşdirib, o zaman S.Hüseynovun da yerinin elə də baha başa gəlməyəcəyi faktdır. [b]P.P.S. [/b]Bu şikayət məktubunda adıçəkilən və İmişlidə Hacı Məhi kimi tanınan Məhəmməd Qanbayev bizə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin məhkəməsini xatırlatdı. Sabiq nazirin məhkəməsində Hacı Məhinin hazırkı müavini, o vaxt isə şöbə müdiri əvəzi işləmiş Təyyar İsmayılov da şahid qismində Fərhad Əliyevin əleyhinə ifadə verib. Orada T.İsmayılov ona da 10 min ABŞ dolları verərək, həmin pulu vətəndaşlara paylayıb, guya çek almalarının tapşırıldığını deyirdi. Çekə görə vətəndaşlara nə qədər pul verdikləri ilə bağlı sualı cavablandırarkən hazırkı müavin təxminən belə cavab verdi: "Elə adam vardı ki, ona 100 qram araq alıb, imza etdirirdik". Bunun belə olduğuna inanmayanlar o dövrdə məhkəmələrdən yazan qəzetlərin stenoqramını tapıb, oxuya bilərlər. Son olaraq onu da qeyd edək ki, əgər Məhəmməd Qanbayev Həcc ziyarətinə gedib Hacı olubsa, Təyyar İsmayılov da Məşədidir. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur. [b]F.ƏHMƏD[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA