Bakının aktiv və ipoteka üçün daha cəlbedici olan ərazilərindəki evlər bahalazıb

img

13-07-2009 [01:31]


?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyinin apardığı monitorinqdə 2009-cu ilin iyun ayı ərzində təkrar bazar üzrə son 1 il 2 ay ərzində bağlanan əqdlərin dinamikasında ilk dəfə artım qeydə alınıb (4,3%). Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ay ərzində ümumi təklif portfelində köhnə mənzillərin payı ötən aya nisbətən cüzi artıb. Köhnə mənzillərin ipoteka kreditlərinə cəlb olunması təkrar bazar üzrə təklifin artımı ilə müşahidə olunub. Təklifin artmasına əsasən kommersiya məqsədi daşıyan mənzillərin yenidən satışa çıxarılması səbəb olmuşdur. Araşdırmalar göstərir ki, təklif üzrə artım ümumi təklif portfelində ciddi dəyişikliklərə səbəb olmayıb. Yeni tikililərin təkrar bazardakı payı ötən ayla müqayisədə artsa da, iyun ayında təklif portfelinin daha çox köhnə tikililər hesabına genişlənməsi nəticəsində təkrar bazarda yeni tikililərin ümumi təklif portfelindəki payı 58%-ə enib. Bazarda təklifin 2,7% artmasına baxmayaraq (təklif olunan mənzillərin sayı 5250-ni keçib) qiymətlərdə də fantastik artım qeydə alınıb (8,4%). Qiymətin artımı şəhərin bəzi aktiv və ipoteka üçün daha cəlbedici olan ərazilərində hətta 15%-ə yaxınlaşıb. İpoteka kreditləşməsi nəticəsində tələbin qismən artması müvəqqəti xarakter daşıdığından qiymət artımlarının da müvəqqəti olacağı gözlənilir. Əmlakın bu növü üzrə likvid dəyər nisbi artsa da, risk dərəcəsi hələ də yüksək olaraq qalmaqdadır. Təkrar bazar üzrə ekspozisiya müddəti daha 8 gün azalaraq 111 günə enib. Ekspozisiya müddətinin azalması əmlakın gəlirlik əmsalına müsbət təsir göstərməyib və təkrar mənzil bazarı üzrə gəlirlik aşağı düşüb (-4,1%). Aparılan araşdırmalardan məlum olub ki, təkrar bazarda şəhər üzrə mənzillərin qiymət indeksi qiymətə müvafiq olaraq artıb (8,4%). Bazara təqdim olunan ?yeni tiklilər?in təklif portfelində xüsusi çəkisi yenə də artmaqda davam edir. Bu dəyişiklik ilkin bazarda aktivliyin azalması, paralel olaraq yeni tikililərin təkrar bazara çox sürətlə inteqrasiyası ilə izah olunur. Yeni tikililərin təkrar bazarda ümumi təklif portfelində həlledici mövqeyə qalxması nəticəsində otaq sayına görə təklif portfelində 3 otaqlı mənzillərin mövqeyi güclənib. Uzun illərdir ki, bazarda 2 otaqlı mənzillər üzrə tələb və təklifin digər mənzilləri üstələmə tendensiyası artıq yeni tikililərin hesabına 3 otaqlı mənzillərlə əvəz olunub. İyun ayında aparılan araşdırmalar təkrar bazarda da ilkin bazarda olduğu kimi 3 otaqlı mənzillərin ümumi portfeldəki payının (40,9%) 2 otaqlıları (34,8%) üstələdiyini təsdiq edir. İyunda təkrar bazarda ümumi təklif portfelinə Yasamal rayonu (26,1%) başçılıq edib. İyun ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar Xətai, Nərimanov və Yasamal olub. Bu rayonların ən vacib cəhəti ipoteka üçün daha səmərəli olmaları göstərilir. Ay ərzində ən çox orta qiymət artımı Xətai rayonunda (10,7% ) qeydə alınmışdır. Yasamal, Xətai, Nəsimi və Nərimanov rayonlarının təklif portfelindəki payı mütləq çoxluq təşkil etmiş və bu 4 rayonun ümumi təklif portfelindəki payı birlikdə 77%-ə bərabərdir. İyun ayında otaqlar üzrə 4 və 5 otaqlı mənzillərin sayında azalma qeydə alınıb. Təklif üzrə ən çox azalma 5 otaqlılarda qeydə alınıb (2,6%). 4 otaqlı mənzillərdə isə 1,3% təklif üzrə azalma müşahidə olunub. 1, 2 və 3 otaqlı mənzillərin təklif üzrə payı müvafiq olaraq 1,7%, 3,2 və 2,8% artıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA