Ən çox tikinti Bakının Yasamal rayonunda aparılır

img

10-07-2009 [05:48]


?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyinin apardığı monitorinqin nətitcələrinə görə, 2009-cu ilin iyun ayının sonuna Bakı şəhəri üzrə ?ƏBİ? İB tərəfindən qeydə alınmış, tikintisi davam etdirilən yeni tikilililərin sayı keçən aydakı 455 ədədə qarşı 484 ədəd olub. Ay ərzində 2 binada son satış tamamlandığı üçün tikintisi aparılan binaların siyahısından çıxarılıb. Bu binalar Yasamal və Binəqədi rayonlarında qeydə alınıbdır. Daha 3 binada isə inşaat işləri tikinti şirkəti tərəfindən müvəqqəti olaraq dayandırılmışdır. İyunda daha 18 yeni binanın təməli qoyulmuş, 16 bina isə rüb ərzində monitorinq qrupunun siyahısına daxil edilmişdir. Təməli qoyulan binaların əksəriyyəti Yasamal rayonu ərazisində qeydə alınmışdır ki, bu tikintilər həmin rayonun Yeni Yasamal qəsəbəsi və təzə Avtovağzal ərazilərində aparılır. Bu ərazilər boş və infrastruktura yaxın olduğu üçün tikinti şirkətlərinin daha çox marağını cəlb edir. Yuxarıda qeyd edilən 484 binanın inşası 173 tikinti təşkilatı tərəfindən aparılır. Qeyd edək ki, keçən ay 455 binanın tikintisi 168 tikinti şirkəti tərəfindən həyata keçirilirdi. Ən çox yeni tikili əvvəlki ayda olduğu kimi Yasamal rayonu ərazisində aparılır. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdəki mövqelərini qoruyurlar. Üç rayon üzrə tikintisi aparılan yeni binaların ümumi tikinti portfelindəki payı 63,6% təşkil edir. Qalan rayonlarda isə hələlik tikintinin həcmində hər hansı ciddi dəyişiklik baş verməyibdir. Şəhər üzrə ilkin bazara satış üçün təklif olunmuş mənzillərin orta qiyməti may ayı ilə müqayisədə iyun ayı ərzində daha 2,4% azalaraq 970 $/kv.metrdən 947 $/kv.metrə enib. Orta qiymətə uyğun olaraq qiymət indeksi də 8,9 bənd azalaraq 359,4 bəndində qərarlaşıb. Qiymət azalması ötən aylardan fərqli olaraq, qiyməti nisbətən baha olan binalarda qeydə alınmışdır. Bu isə iqtisadi böhrana baxmayaraq qiymətlərini stabil saxlamağa çalışan bəzi tikinti şirkətlərinin yay mövsümü ilə əlaqədar olaraq qiymət siyasətinə yenidən baxması nəticəsində qeydə alınıb. İyun ayında ilkin bazar üzrə əvvəlki ayla müqayisədə Nərimanov (0,7%), Binəqədi (0,7) və Xətai (1,5%%) rayonlarında qiymət artımı qeydə alınıb. Qalan rayonlar üzrə müxtəlif qiymət azalması müşahidə edilibdir. Ən çox qiymət azalması isə Səbail (4,7%) və Nəsimi (3,9%) rayonlarında baş verib. İpoteka kreditlərinin verilməsinə başlanması ayın əvvəllərində ilkin bazarda nisbi aktivlik yaratsa da, bu özünü qiymətlərdə və bağlanan əqdlərin dinamikasında göstərməyib. Ayın ikinci ongünlüyündən etibarən bazarda daha kəskin passiv tendensiya müşahidə olunub. Araşdırmalar göstərir ki, ilkin bazarda qiymətlər 2007-ci ilin aprel ayında qeydə alınmış nəticəyə qədər azalıb. Şəhər üzrə tikintisi aparılan binalarda orta mənzil sahəsi keçən aydakı nəticədən (1,1%) azalaraq 122,4 kv.m-ə enib. Orta blok göstəricisi 4,3% azalaraq 2,3 blok təşkil edib, orta mərtəbə göstəricisi isə ötən ayla müqayisədə 0,6% azalaraq 15 mərtəbə təşkil etmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA