"Hökumət azağı təbəqənin daha da pis vəziyyətə düzməməsi üçün tədbir görməlidir"

img

05-07-2009 [02:57]


[b]"Tarif Şurasında digər məhsulların qiymətinə baxılmasına ehtiyac yoxdur. Çünki elektrik enerjisinin qiyməti kifayət qədər qalxıb, benzinin qiyməti kifayət dərəcədədir"[/b] Tarif Şurasının qərarı ilə əhaliyə satılan təbii qazın qiymətinin iki dəfə qaldırılması ölkə ictimaiyyəti tərəfindən narazılıqla qarşılandı. Hakimiyyət nümayəndələri bunun normal bir hal olduğunu desələr də, qiymət artımının yaxın dövr ərzində ciddi fəsadlar törədəcəyi istisna edilmir. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, baş nazirin keçmiş müavini Vahid Əhmədov da qiymət artımından narazıdır: - Düzü, biz gözləmirdik ki, belə bir qiymət artımı olsun. Proqnozlaşdırmamışdıq ki, qazın min kubmetri 47,2-dən 100 manata qalxacaq. Əlbəttə ki, bu böyük artımdır. İndi hökumət üzvləri müəyyən izahatlar verirlər ki, qiymət artımı israfçılıqla və digər məsələlərlə əlaqədardır. Amma mənim hesablamalarıma görə, qazın əvvəlki qiyməti olan 47 manat bütün məsrəfləri ödəyir. Yəni burada ciddi problem olmamalıdır. [b]- Deyirsiniz ki, 47,2 manat qazın maya dəyəri ilə eynidir. Bəs, onda hökumət niyə əsas gətirir ki, qaz əhaliyə maya dəyərindən aşağı satılır? [/b] - Mən deyə bilmərəm, onlar bunu necə hesablayır. Amma bizim hesablamalarımıza görə, hətta qazın əhaliyə gətirib çatdırılmasına qədər bütün xərclər həmin o 47 manatda oturur. Yəni ziyan yoxdur, hətta 5-6 manat da qalır ki, ondan mənfəət kimi istifadə olunsun. Bəlkə də hökumtin başqa hesablamaları da var. [b]- Ümumiyyətlə, hökumət nümayəndələrinin izahatları reallığa uyğundurmu, yəni bu qiymət artımı əhaliyə təsir etməyəcəkmi? [/b] - Sözsüz ki, hər bir qiymət artımı əhaliyə təsirini göstərir. Qazın qiymətinin qalxması da sosial vəziyyəti aşağı olan insanlara problemlər yaradacaq. Mən də razıyam ki, israfçılıq var, qazpulunun əhali tərəfindən ödənilməsində çox ciddi problemlər mövcuddur. Bəzilərinin imkanı olmadığı üçün ödəmir, bəzilərinin isə imkanı olsa da, ödəmək istəmir. Bu səbəbdən də hökumət qiymət artımına gedib. Amma bunu birdən-birə yox, mərhələli şəkildə etmək olardı. [b]- Vahid müəllim, qazın qiymətinin artması istehsal sahlərinə necə təsir edə bilər? [/b] - Mənə elə gəlir ki, bu artım bəzi istehsal sahlərindən yan ötməyəcək. Qazdan istifadə edən fiziki şəxslərin problemləri olacaq. Məsələn, pomidor, xiyar, ümumiyyətlə, bəzi tərəvəz istehsalçılarına problem yaradacaq. Bu qiymət artımı çörəkbişirmə sexlərinə də təsirini göstərəcək. Ümumi götürəndə də qazın qiymətinin iki dəfə qaldırılması ağırdır. Həm də nəzərə almalıyıq ki, ödənişlərdə də böyük problemlər var. İstər Bakı şəhərində, istərsə də rayonlarda qazpulunun ödənilməsi təxminən 60 faizə yaxındır, bəzi rayonlarda isə bu rəqəm 40 faizdir. [b]- Ancaq qiyməti qaldırmaqla bu problemi həll etmək mümkün deyil.[/b] - Müəyyən mənada mümkün ola bilər. Çünki həmişə qazpulunu verən insanlar yenə də ödənişlərini edəcəklər. Mən istərdim ki, yeni başlanan kart sistemi əhatəli şəkildə tətbiq edilsin. Yəni kartı əvvəlcədən alırsan, limitin qurtaran kimi qaz kəsilir. Bu, çox yaxşı metoddur, amma buna da yeni başlayıblar, özü də uzun bir prosesdir. [b]- Ümumiyyətlə, qiymət qaldırılmazdan əvvəl əhalinin əmək haqları, gəlirləri hökumət tərəfindən nəzərə alınmamalıdırmı? [/b] - Əlbəttə ki, hökumət bunu nəzərə almalıdır. Əvvəllər qiymətlər qalxanda hökumət müəyyən kompensasiyalar ödəyirdi. Sonralar bu kompensasiyalar ləğv edildi və birbaşa yardıma keçildi. Hesab edirdim ki, bu, düzgündür. Amma ünvanlı sosial yardımı, pensiyanın baza hissəsini və yaşayış minimumundan aşağı əmək haqı alan insanlar böyük bir kütlədir. Ona görə də hökumət aşağı təbəqənin daha da pis vəziyyətə düşməməsi üçün tədbir görməlidir. Ola bilsin ki, prezidentin də müdaxiləsi ilə bu istiqamətdə addımlar atılsın, ünvanlı sosial yardımın həcmi, pensiyalar artırılsın. Ünvanlı sosial yardım gətirilib minimum ehtiyac meyarına çatdırılsın ki, insanlar heç olmasa, ehtiyacını ödəyə bilsin. O cümlədən pensiyanının baza hissəsi də müəyyən qədər artırılmalıdır. Hesab edirəm ki, qazın qiymətinin artırılması faktiki olaraq, yaşayış minimumu və ondan aşağı məvaciblə təmin olunan təbəqəyə daha pis təsir göstərəcək. Qeyd etdiyim kimi, fiziki şəxs kimi təsərrüfat fəaliyyəti ilə məşğul olanlar da müəyyən qədər əziyyət çəkəcəklər. O fikirlə razı deyiləm ki, qiymət artımı, ümumiyyətlə, təsirsiz ötüşəcək. [b]- Bəs, hökumət yoxsul təbəqənin iqtisadi durumunun yaxşılaşdırılması istiqamətində hansısa addım atacaqmı? [/b] - Mən hökumətdə təmsil olunmuram, ona görə də belə bir addım atılacağı, yaxud atılmasının planlaşdırılması barədə məlumatım yoxdur. Amma bir iqtisadçı və parlament üzvü kimi düşünürəm ki, hökumət mütləq tədbir görməlidir. Çünki aşağı təbəqədəki insanlar müəyyən qədər kompensasiya almalıdır ki, o qiyməti ödəyə bilsin. [b]- Qiymət artımı kənd təsərrüfatı məhsullarının qiymətinə necə təsir göstərə bilər? [/b] - İqtisadiyyatda belə bir qanunauyğunluq var ki, bir sahədə qiymət artımı varsa, istər-istəməz digər sahələrə də sirayət edir. Harda fiziki şəxs varsa və hər hansı bir tədarüklə məşğuldursa, qiymət artımı ona təsir edəcək. Bununla da onun istehsal etdiyi məhsulun qiyməti artacaq. İstehsal olunan malın maya dəyərində qazın qiyməti varsa, sözsüz ki, o malın qiymətində bahalaşma olacaq. Məsələn, hansısa malın maya dəyərində qazın min kubmetri 47 manat otururdusa, indi 100 manat oturacaq. Deməli, 53 manat həmin malın qiymətinin üzərinə gəlməlidir, bunun başqa çarəsi yoxdur. Ola bilsin ki, bir-iki ay ərzində bu qiymət artımı hiss olunmasın, amma bir qədər sonra mütləq təsir göstərəcək. [b]- Ümumi götürdükdə, hökumətin bu qərarını əhalinin əksəriyyətinin zərərinə verilmiş qərar kimi qəbul etmək olarmı? [/b] - Mən deməzdim ki, bu, əksəriyyətin zərərinə olan qərardır. Elə təbəqə var ki, onlar onsuzda istifadə etdiyi qazın pulunu ödəyir, bundan sonra da ödəyəcək. Hökumət də hesablayıb ki, qazın qiyməti iki dəfə qalxasa da, həmin təbəqə pulunu verəcək. Bu mənada ümumi məbləğdə artım olacaq. Düzdür, problemlə üzləşən təbəqə də var, yəqin ki, onlar üçün bir şey fikirləşəcəklər. İndi ciddi problem iri vergi ödəyiciləri ilə bağlıdır. Onların çoxlu borcları var. O cümlədən də "Azəriqaz"ın. Bilirsiniz ki, "Azəriqaz" Dövlət Neft Şirkətinə pul ödəməlidir ki, lazım olan qədər qaz ala bilsin, pul ödəməsə, Neft Şirkəti ona qaz verən deyil. Doğrudur, müəyyən təzyiqlər, hökumətin göstərişindən sonra verə bilər, amma bazar münasibətlərindən danışanda vəziyyət başqa cür olur. [b]- Sizcə, Tarif Şurasının digər enerji daşıyıcılarının - elektrik enerjisinin, benzinin, dizelin qiymətini qaldırmaqla bağlı qərarı gözlənilirmi? [/b] - Elə bir vəziyyət yaranıb ki, bəri başdan proqnoz vermək mümkün deyil. Biz gözləmirdik ki, qazın qiymətinə baxılar və qiymət iki dəfə qaldırıla bilər. Amma birdən-birə qaldırdılar. Elə 2007-ci ildə elektrik enerjisinin qiymətindəki artım da gözlənilməz oldu. Ona görə də heç kim deyə bilməz ki, nə olacaq. Bu, Tarif Şurasının fövqəladə səlahiyyətində olan məsələdir. Tarif Şurasına müraciət olunur, məsələyə baxılır, hökumət müzakirə edir, sonra qiymət qaldırılır. Məsələn, "Azərenerji" də Tarif Şurasına elektrik enerjisinin qiymətinin qaldırılması ilə bağlı müraciət etmişdi, amma hökumət əhalinin vəziyyətini nəzərə alaraq, qiymət artımına getmədi. Yəni hər hansı bir qərar veriləndə analiz olunur, sonra addımlar atılır. Ona görə də sabah enerji daşıyıcılarının qiymətinin artıb-artmayacağı ilə bağlı proqnoz vermək çətindir. Şəxsən mən düşünürəm ki, Tarif Şurasında digər məhsulların qiymətinə baxılmasına ehtiyac yoxdur. Çünki elektrik enerjisinin qiyməti kifayət qədər qalxıb, benzinin qiyməti kifayət dərəcədədir. Hətta bəzi ölkələrdə bu qiymət aşağı düşüb, çünki neftin qiyməti yenib. Ona görə də indiki mərhələdə buna ehtiyac görmürəm. Mən heç bunun hüquqi bazasını da görə bilmirəm. [b]- Müxalifət hökumətin bu addımını sərt tənqid etdi və aparılan səhv iqtisadi siyasət nəticəsində yaranan büdcə kəsirlərini əhalinin hesabına doldurulması kimi qiymətləndirdi. Müxalifaətin bu iddiaları ilə razısınızmı?[/b] - Müxalifətin iddialarının müəyyən hissəsi ilə razıyam, amma müəyyən hissəsi ilə yox. Bunların hamısı iri vergi ödəyiciləridir. Dölət büdcəsinin əsas hissəsini vergi ilə bunlar təmin edirlər. Əgər burada kəskin kəsrlər varsa, ödəmələrdə problemlər yaranırsa, dövlət müəyyən addımlar atmalıdır. Parlamentdə 2009-cu ilin büdcəsinə baxanda, ən çox tənqid etdiyimiz elə iri vergi ödəyiciləri idi. İkincisi, bu məsələlərin müsbət, yaxud mənfi tərəfləri bir-iki aydan sonra üzə çıxacaq. [b]- Dünyada iqtisadi böhran variknə, qiymətlərin aşağı düşdüyü bir vaxtda Azərbaycanda əhaliyə satılan qazın qiymətinin iki dəfə qaldırılması heç bir məntiqə sığmır. Bu mənada müxalifətin iddialarını əsaslı saymaq olar...[/b] - Əlbəttə ki, qlobal maliyyə böhranında qiymətlər aşağı düşür, nəinki qalxır. Siz fikir verin, qiymət qalxdı, səhərisi "Azəriqaz" Dövlət Neft Şirkətinə birləşdirildi. Bu, prosesin bir hissəsidir. İndi biz buna o qədər də əhəmiyyət vermirik, amma bu birləşdirməni müsbət hal kimi dəyərləndirirəm. Çünki Neft Şirkəti qazın qiymətinə də, ödəməyə də, qazın alqı-satqısına da özü cavab verəcək. Yəni bu, həm dövlət büdcəsinə daxilolmaları, həm də həmin şirkətlər arasındakı münasibətləri yoluna qoyacaq. [b]- Xaricə satılan təbii qazın qiymətinə yenidən baxıla bilərmi? [/b] - Mənə el gəlir ki, xaricə satılan qazın qiymətinə mütləq baxılmalıdır. Həm Gürcüstana, həm də digər ölkələrə satılan qazın qiyməti yenidən nəzərdə keçirilməlidir. Rusiya ilə yeni müqavilə bağladıq. Hələlik Rusiyaya satılan qazın qiyməti dəqiq açıqlanmır. Mənə elə gəlir ki, bu məbləğ hardasa 300 dollar olacaq. Amma çalışmaq lazımdır ki, kim yüksək qiymət verirsə, Azərbaycan qazı ona satılsın. [b]Zaur ƏHMƏD[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA