02-07-2009 [02:23]
[b]Respublikamızın iqtisadiyyatına 300 min manat investisiyanın qoyan əcnəbilərin Azərbaycanda yaşamalarına icazə verilir[/b]
?Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi Qaydaları?nın təsdiq edilməsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamağa icazə verilməsi üçün əsas verən ölkə iqtisadiyyatına qoyulan investisiyanın məbləğinin və Azərbaycan Respublikasının banklarına qoyulan pul vəsaitinin məbləğinin müəyyən edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti 30 iyun 2009-cu il tarixində 102 saylı qərar verib. Qərara əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamağa icazə verilməsi üçün əsas verən ölkə iqtisadiyyatına qoyulan investisiyanın minimum məbləği 300.000 (üç yüz min) manat müəyyən edilib.
Eyni zamanda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamağa icazə verilməsi üçün əsas verən Azərbaycan Respublikasının banklarına qoyulan pul vəsaitinin minimum məbləği 15.000 (on beş min) manat müəyyənləşdirilib.
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi üçün müəyyənləşdirilən qaydalar isə aşağıdakılardan ibarətdir:
1. Bu Qaydalar "Miqrasiya idarəetmə sisteminin inkişafı və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 658-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 avqust tarixli 805 nömrəli Fərmanının 4.7-ci bəndinin icrası ilə əlaqədar hazırlanmış və viza əsasında və ya viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi qaydasını müəyyən edir.
2. Viza əsasında və ya viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gəlmiş, 18 yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə onların və ya qanuni nümayəndələrinin müraciəti əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilə bilər.
3. 14 yaşına çatmamış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə onların valideynlərinin, övladlığa götürənlərinin, qəyyumlarının və ya himayəçilərinin müraciəti əsasında, 14-17 yaşında olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə isə onların razılığı alınmaqla valideynlərinin, övladlığa götürənlərinin, qəyyumlarının və ya himayəçilərinin müraciəti əsasında verilə bilər.
4. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilir.
5. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə aşağıdakı hallarda verilə bilər:
- həmin şəxslər Azərbaycan Respublikası vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda;
- həmin şəxslər Azərbaycan Respublikası vətəndaşı ilə nikaha daxil olduqda;
- həmin şəxslər ölkə iqtisadiyyatına Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə investisiya qoyduqda;
- həmin şəxslər Azərbaycan Respublikasının banklarına Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə pul vəsaiti qoyduqda;
- həmin şəxslər Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi icazə aldıqda;
- həmin şəxslər Azərbaycan Respublikasının təhsil müəssisələrində əyani təhsil aldıqda;
- həmin şəxslər iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda.
6. Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilmir, əvvəl verilmiş icazə isə ləğv edilir:
- onların Azərbaycan Respublikasında müvəqqəti yaşaması Azərbaycan Respublikasının milli təhlükəsizliyinə - dövlətin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, xalqın və ölkənin milli maraqlarına, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinə və ya ictimai asayişə zərər vura biləcəyi hallarda;
- həmin şəxslər Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə;
- onların şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda;
- həmin şəxslər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda;
- həmin şəxslər əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıldıqda;
- Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş Azərbaycan Respublikası vətəndaşı ilə bağlanmış nikah etibarsız hesab edildikdə;
- onlar xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikası ərazisini tərk etdikdə;
- şəxsin Azərbaycan Respublikasında yaşaması arzuolunmaz hesab edildikdə.
7. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşamaq üçün icazənin müddətinin bitməsinə ən azı 22 (iyirmi iki) iş günü qalmış bu barədə icazə verilməsi üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər.
8. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edərkən aşağıdakı sənədləri və məlumatları təqdim etməlidirlər:
- müvəqqəti yaşamaq üçün icazə verilməsi barədə ərizə-anket - 1 ədəd (əlavə olunur);
- əcnəbinin ölkə ərazisinə daxil olduğu pasportunun və ya onu əvəz edən sənədinin, vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti;
- müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların mövcudluğunu notarial və ya ona bərabər tutulan qaydada təsdiq edən sənəd;
- əcnəbinin və vətəndaşlığı olmayan şəxsin sağlamlığı haqqında arayış;
- əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olmasına və ya yaşamasına hüquq verən müvafiq sənədin surəti;
- biometrik identifikasiya tələblərinə uyğun əl-barmaq izləri və 3,5x4,5 ölçüdə üz təsviri - 2 ədəd;
- 14-17 yaşında olan uşaqların notarial qaydada təsdiq olunmuş yazılı razılığı;
- yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi;
- dövlət rüsumunun ödənilməsi haqqında qəbz.
9. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazələrin verilməsi ilə bağlı vəsatətlərə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin rəyi nəzərə alınmaqla, 20 (iyirmi) iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən baxılır.
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciət etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında 10 (on) iş günü ərzində Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə rəy verir.
10. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən 10 (on) iş günü ərzində müvafiq rəy bildirilmədikdə bu əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir.
11. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilməsi məsələsi həll edilərkən, hər bir konkret halda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti yaşamaq üçün icazə almaları ilə bağlı təqdim olunan sənədlər və faktlar Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən araşdırılır.
12. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə müraciət etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin müsbət həll edilməsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda imtina edilməsi əsaslandırılmalı və bu barədə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yazılı formada məlumat verilməlidir.
13. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi (bundan sonra - vəsiqə) verilir.
14. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şəxsiyyətlərini təsdiq edən etibarlı sənədlər (pasport və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənəd) və vəsiqə əsasında Azərbaycan Respublikasından gedə və Azərbaycan Respublikasına qayıda bilərlər.
15. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə 1 (bir) ilədək müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə müddəti 1 (bir) ildən çox olmayaraq 4 (dörd) dəfə uzadıla bilər. Həmin icazənin müddəti uzadıldıqda, vəsiqə yenisi ilə əvəz edilir.
16. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması ilə əlaqədar müraciət etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu Qaydaların 8-ci bəndində nəzərdə tutulan sənədləri təqdim etməlidirlər.
17. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar dəyişdikdə və ya vəsiqə itirildikdə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu barədə 10 (on) iş günü müddətində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə məlumat verməli və vəsiqənin yenidən rəsmiləşdirilməsi və ya ləğv edilməsi üçün ərizə təqdim etməlidirlər. Vəsiqə yenidən rəsmiləşdirildikdə, yalnız vəsiqənin yenidən rəsmiləşdirilməsi səbəbi ilə bağlı sənədlər təqdim edilir.
18. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin müddəti əcnəbilərin pasportlarının və ya onu əvəz edən sənədlərinin, vətəndaşlığı olmayan şəxslərin isə şəxsiyyətini təsdiq edən sənədlərinin etibarlılıq müddətinin bitməsinə 6 (altı) aydan az vaxt qaldıqda uzadılmır.
19. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınırlar.
20. Vəsiqənin müddəti bitənədək Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddəti uzadılmamışdırsa, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.
21. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə əlaqədar müraciət etmiş, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış və ya bu icazənin verilməsindən imtina edilmiş, o cümlədən Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazəsi ləğv edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən vahid miqrasiya məlumat sisteminə daxil edilir və bu sistem vasitəsilə onların uçotu aparılır.