Kərəm Həsənovun Arif Qarazovla bağlı verəcəyi qərarda əvvəlki münasibətlərin də rolu olacaq

img

28-06-2009 [05:23]


Prezident İlham Əliyevin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin strukturu və tabeliyində olan qurumların əsasnaməsini təsdiq edən 24 iyun 2009-cu il tarixli fərmanından sonra gözlər yeni komitənin sədri Kərəm Həsənova dikilib. Əksər ekspertləri daha çox düşündürən isə yeni komitənin strukturuna daxil olan 4 qurumdan - 1) Əmlak Məsələləri Dövlət Komitəsinin aparatı; 2) Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti; 3) Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi; 4) Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələrindən məhz birinə - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə kimin rəhbərlik edəcəyidir. Məsələ burasındadır ki, prezidentin 19 may 2009-cu il tarixli sərəncamı ilə yeni yaradılan sözügedən qurumun tabeliyinə uzun illər Arif Qaraşovun rəhbərlik etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti də verilib. Digər qurumlar isə yeni komitənin tərkibində yenidən yaradılacaq. Ona görə də çoxları "oturuşmuş" strukturları olan xidmətin ətrafında baş verənləri həssaslıqla izləyirlər. Prezidentin 4 gün əvvəl təsdiqlədiyi yeni komitənin əsasnaməsinə görə, indi Arif Qaraşovun vəzifə taleyi tamamilə Kərəm Həsənovun ixtiyarına buraxılıb. Yəni onun həmin strukturda vəzifəyə yenidən təyin edilib, edilməməsi komitə sədrinin ixtiyarındadır. Bütün bunları əks etdirən müddəa isə əsasnamənin "Xidmətin fəaliyyətinin təşkili" bölümündəki 12-ci bəndində açıq yazılıb: "Xidmətə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən rəis rəhbərlik edir". Görəsən, Kərəm Həsənov 1992-ci ildən bu sahəyə rəhbərlik etmiş Arif Qaraşova yenidən etimad göstərəcəkmi? Bu və ya digər suallar ətrafında vəziyyəti "Reytinq"ə şərh edən xidmət əməkdaşlarından birinin sözlərinə görə, indidən nəyisə proqnozlaşdırmaq çətindir: "Bu suala birbaşa nə "hə" və nə də "yox" demək mümkündür. Bu sualın cavabı xidmətdə aparılan yoxlamalarla yanaşı, hakim dairələrin Arif Qaraşova bəslədiyi münasibətdən asılıdır. Əgər hakim dairələrdən Kərəm Həsənova Arif Qaraşovun təyinatı ilə bağlı ciddi tapşırıq gələrsə, xidmətin başında yenidən onu görmək mümkündür. Əks halda, yox. Ancaq bütün hallarda xidmətdə indiyədək Qaraşova sədaqəti ilə tanınmış əksər vəzifəli şəxslər, o cümlədən iki müavini və aparatın rəhbəri işlərini itirəcəklər". Müsahibimizin iddiasına görə, Kərəm Həsənov ilk öncə Qaraşovun müavinlər olmuş İlham Bayramovla Qabil Ələsgərov və mərkəzi aparatın rəhbəri Gülhüseyn Kazımovla vidalaşmaq istəyir: "Həmçinin Bakı Ərazi İdarəsinin rəisi Qoçəli Cəfərovun da karyerasına son qoyulacağı şübhəsizdir. Onların postuna isə Kərəm Həsənovun istədiyi şəxslər təyin ediləcək. Doğrudur, belə bir ehtimal azdır, ancaq Arif Qaraşov yenidən xidmətin başına gətirilərsə, onun yeni təyinatlara müqavimət göstərməsi qətiyyət mümkün olmayacaq. Çünki əsasnamənin 15.3 bəndinə görə, xidmətin rəis müavinləri, struktur bölmələri, yerli qurumlarının rəhbərləri və müavinlərinin təyinatları birbaşa Kərəm Həsənovdan asılıdır. Belə bir vəziyyətdə isə Arif Qaraşovun bu vəzifəyə təyin olunmağa can atacağı inandırıcı görünmür. Hər halda, əsasnaməyə görə, Kərəm Həsənov iki ay müddətinə qədər strukturları formalaşdırdığı kimi, təyinatlara da aydınlıq gətirəcək". Xidmətin əməkdaşı Arif Qaraşovla bağlı yayılan şayiələrə də münasibət bildirib: "Bəziləri onun həbs ediləcəyini, bəziləri isə səfir göndəriləcəyini deyirlər. Bir başqa qrup isə Qaraşovun baş nazirin müavini Abid Şərifovun yerinə təyin ediləcəyini söyləyir. Azərbaycan elə bir ölkədir ki, bunların hər biri mümkündür. Məncə, bunlarla yanaşı, onun sabiq maliyyə naziri Əvəz Ələkbərov kimi vəzifəsiz saxlanılması ehtimalı da inandırıcı sayılmalıdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA