1,3 milyard dollarlıq xarici borc Azərbaycanın 10-a yaxın kommersiya bankını müflis edəcək

img

03-06-2009 [11:01]


?Azərbaycanın kommersiya banklarında böhran meylləri daha çox müşahidə edilməkdədir. Qlobal maliyyə böhranı ölkəmizə kommersiya bankları vasitəsilə daxil olub. 2008-ci ilin avqust ayında böhran öz təsirini aşkar şəkildə göstərməyə başlayanda Azərbaycanın kommersiya bankları kütləvi qaydada kredit verməyi dayandırdılar?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib: ?Kommersiya bankları qlobal maliyyə böhranı başlamamışdan əvvəlki bir ildə xarici borcları üç dəfə artıraraq, xaricdən 2,5 milyard dollar həcmində borc cəlb ediblər. Böhran başlanandan sonra isə beynəlxalq maliyyə qurumları həmin borcların geri qaytarılmasını tələb etdilər. Qeyd edim ki, alınan borcların 80 faizi qısa müddətli və orta müddətli borclar idi. Bu baxımdan, kommersiya bankları həmin borcları qaytarmağa məcbur oldular. 2008-ci ildə Azərbaycanın kommersiya bankları 1 milyard dollar həcmində xarici borc qaytardılar. 2009-cu ilin birinci rübündə isə 200 milyon dollar qaytarıldı. Bütün bunlara baxmayaraq, kommersiya bankları özünün borc asılılığını aradan qaldıra bilmədi. Hazırda kommersiya banklarımızın 1,3 milyard dollar xarici borcu var. Təbii ki, bütün bunlar kommersiya banklarının likvidliyinin artırılmasına imkan vermir. Beynəlxalq hesabatlarda qeyd olunduğu kimi, kommersiya banklarının fəaliyyətində problemlər və böhran qalmaqdadır. Hətta kommersiya bankları vaxtlı-vaxtında öz bankomatlarını vəsaitlə təmin edə bilmirlər. Bu gün Azərbaycanda böhrandan ən çox ziyan çəkən bank sektorudur. Düzdür, bank sektorunda böhranın aradan qaldırılması üçün iki addım atılıb. Bu addımlardan biri Prezidentin imzaladığı fərmandır ki, kommersiya banklarının növbəti 3 il müddətində mənfəət vergisindən azad edilməsi və Mərkəzi Bankın uçot dərəcəsinin 15 faizdən 2 faizə qədər azaltması ilə bağlı qərarın qəbul edilməsidir. Amma bu yardımlar dolayı olduğundan, kommersiya banklarına qısa zamanda böhrandan çıxmaq imkanı vermədi?. İqtisadçı-ekspertin sözlərinə görə, kommersiya banklarına birbaşa yardımların edilməsinə ehtiyac var: ?Prezident yanvarın 16-da 2008-ci ilin iqtisadi və sosial yekunlarına həsr olunmuş müşavirədə xaricdə saxlanılan vəsaitin 2,5 milyard dollarının ölkəyə gətirilməsi və kommersiya bankları vasitəsilə real sektora verilməsi ilə bağlı göstəriş vermişdi. Lakin Prezidentin göstərişdən xeyli vaxt keçməsinə baxmayaraq, hökumət həmin vəsaitləri ölkəyə gətirmədi. Azərbaycan MDB ölkələri arasında yeganə ölkədir ki, öz bank sektoruna birbaşa yardımlar etmir. Halbuki, Rusiya kommersiya banklarına 43 milyard dollar, Qazaxıstan isə 8 milyard həcmində yardım etmişdi. Ancaq təəssüflər olsun ki, Azərbaycan bu addımı atmadı?. V.Bayramovun fikrincə, ölkədə bir neçə bankın bağlanma təhlükəsi var: ?Hazırda bir neçə bankın müflisləşmə təhlükəsinin olmasına baxmayaraq, kommersiya bankları onları müflis elan etməyəcək. Çünki həmin banklar müflis elan olunarsa, bu, bank sektorunda ajiotajın yaranmasına gətirib çıxaracaq. Güman edilir ki, həmin bankların sayı təxminən, 10-a yaxındır. Hesab edirəm ki, böhran bitdikdən sonra Mərkəzi Bank həmin bankları müflis elan edəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA