Ticarət qaydalarını pozanlara qarzı cərimələr sərtləzdirildi

img

29-05-2009 [02:33]


Əhalinin keyfiyyətli və təhlükəsiz mallarla etibarlı təminatı üçün müxtəlif tədbirlər görülsə də, ayrı-ayrı sahibkarlıq subyektləri tərəfindən müvafiq qanunvericiliyin tələblərinin pozulması hallarına hələ də son qoyulmayıb. Məhsulun emalı, saxlanması və daşınması zamanı normativ sənədlərin tələblərinin pozulması, istehsal müəssisələrinin və ticarət obyektlərinin zəruri avadanlıqlarla təchiz edilməməsi və istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə mənfi təsir göstərən digər halların mövcudluğu bu istiqamətdə effektiv tədbirlərin həyata keçirilməsini zəruri edib. Elə bu səbəbdən də ticarət qaydaları ilə əlaqədar inzibati xətalar üzrə tətbiq olunan bir sıra cərimələr sərtləşdirilib. İqtisadi İnkişaf Nazirliyi İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumatda yeni cərimələrin məbləği açıqlanıb. Buraxılması və ya satılması qadağan olunmuş malların satılmasına, yaxud qadağan olunmuş işlərin görülməsinə görə vəzifəli şəxslər 1650 manatdan 2200 manatadək, fiziki şəxslər 350 manatdan 500 manatadək cərimələnəcəklər. Malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulması və ya temperatur rejiminə əməl edilməməsinə, eləcə də satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə cərimələrin məbləği 500 manatdan 1000 manatadəkdir. Satışda olan malların üzərində qiymət kağızlarının olmamasına görə fiziki və hüquqi şəxslər 800 manatdan 1000 manatadək cərimələnəcəklər. Azərbaycan Respublikası ərazisində satılan malların və görülən işlərin qiymətlərinin manatla göstərilməməsinə görə cərimələr 1100 manatdan 1650 manatadək olacaq. Saxlama müddəti ötmüş məhsulların satılmasına görə cərimələr vəzifəli şəxslər üçün 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər üçün 4000 manatdan 5000 manatadək müəyyənləşdirilib. Standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək cərimə olunacaqlar. Satılan malların ölçüsünə, çəkisinə, hesabına dair istehlakçıların aldadılmasına görə cərimələr vəzifəli şəxslər üçün 500 manatdan 1000 manatadək, hüquqi şəxslər üçün 2000 manatdan 3000 manatadək müəyyənləşdirilib. Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə fiziki şəxslər 800 manatdan 1000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək cərimə olunacaqlar. Bundan başqa, istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə yoxlama və nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədən fiziki şəxslər 500 manatdan 600 manatadək, vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək cərimə ödəməli olacaqlar. İqtisadi İnkişaf Nazirliyi sahibkarları bir daha istehlakçıların hüquqlarına hörmətlə yanaşmağa və bu sahədə qanun pozuntularına yol verməməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA