ipoteka kreditlərinin verilmə mexanizmi vətəndazların hüquqlarını məhdudlazdırır

img

27-05-2009 [07:24]


?İpoteka kreditlərinin verilməsi daha çox tikinti bazarının aktivləşdirilməsi, işgüzar fəallığın artırılması və nəhayət ki, tikinti bazarında qiymətlərin sabitləşməsinə xidmət edir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında İqtisadi Tədqiqatlar Mərkəzinin sədr əvəzi Vüsal Qasımlı deyib. Onun fikrincə, bu gün ölkə əhalisinə daha çox sosial ipoteka lazımdır: ?Mənə elə gəlir ki, bunun sosial xarakterini bir qədər gücləndirmək vacibdir. Bildiyiniz kimi, indi verilən kreditlərin maksimum məbləği 50 min manat civarındadır. Hazırda 50 min manat ev bazarında elə də ciddi rəqəm deyil. İpotekanın verilməsi zamanı qoyulan girov kifayət qədər sərt mexanizmdir. Düzdür, bu bir tərəfdən Amerikadakı ipoteka böhranının Azərbaycanda təkrarlanmamasına hesablanır. Ancaq belə məqamda maraqlı bir sual ortaya çıxır. Əgər vətəndaşın girov qoymağa evi varsa, o, nəyə görə ipoteka krediti almalıdır? Mənə elə gəlir ki, bu dəfə ipotekanın verilməsi müddətini normal hesab etmək olar. Lakin ipoteka kreditini daha uzunmüddətli etmək mümkün idi. Bütün hallarda indiki mexanizmə təklif edərdim ki, daha çox sosial çalarlar güclənsin. Eyni zamanda, ipoteka kreditləşməsi qiymətli kağızlar bazarının inkişafına da xidmət edəcək. Çünki ipoteka qiymətli kağızları Bakı Fond Birjasında realizasiya ediləcək və təxminən, bazardan 50 milyon dollar qiymətli kağızlar yığmaq fikirləşirlər. Düşünürəm ki, bu, yaxşı mexanizmdir, tikinti və qiymətli kağızlar bazarında əlavə bir stimul olacaq. Bütövlükdə, bu, bir tərəfdən qiymətli kağızlar bazarının timsalında maliyyə infrastrukturunun, tikinti bazarının timsalında isə istehsal və sosial infrastrukturun inkişafına müsbət təsir göstərəcək?. İqtisadçı-ekspert onu da bildirib ki, ipoteka kreditlərinin verilməsi mənzil bazarında müəyyən bir canlanma və mənzillərin qiymətində intervalların sabitləşməsinə də xidmət edəcək: ?Mənzil bazarının miqyası ilə müqayisədə verilən ipoteka kreditinin məbləği kifayət qədər cüzidir. Bu tendensiya 2006-cı ildə ilk dəfə ipoteka kreditləşməsi başlayanda da olmuşdu. O zaman da mənzil bazarı ilə müqayisədə ipoteka kreditlərinin məbləği kifayət qədər az idi. Amma 2006-ci ildə bazarda psixoloji canlanma yaratdı və qiymətlər sürətlə yüksəlməyə başladı. Ona görə də hesab edirəm ki, bu il 2006-cı ildəki qədər olmasa da, mənzil bazarında müəyyən bir canlanma yaranacaq?. V.Qasımlı ipoteka kreditlərinin verilməsi zamanı bir sıra məhdudiyyətlərin qoyulmasının əleyhinə olduğunu da deyib. Onun qənaətincə, mənzilə daha çox ehtiyacı olan vətəndaşların istədiyi mənzili ala bilməsinə şərait yaradılmalıdır: ?Məsələn, şərtlərdən bir də odur ki, guya vətəndaş evi fiziki şəxsdən deyil, yeni binanı tikən şirkətdən almalıdır. Məncə, vətəndaşlara ipoteka kreditlərinin verilməsində bu qədər məhdudiyyətlərin qoyulması düzgün deyil. Hər bir şəxs ipoteka kreditini alandan sonra ürəyi istədiyi yerdən mənzil almaq hüququna malik olmalıdır. Ümumiyyətlə, bu məsələdə alıcıların hüquqları açıqcasına pozulub?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA