Bu ay Bakıda torpaq və mənzil bazarında qiymətlərdə azalma müzahidə olunub

img

26-05-2009 [05:56]


?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyi 2009-cu il aprel ayı üçün torpaq bazarı ilə bağlı hesabatını açıqlayıb. Hesabatda bildirilir ki, ötən aylarda olduğu kimi, aprel ayında da Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma müşahidə olunmuşdur. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 3,2% azalaraq 21630 $/sot səviyyəsindən 20743 $/sot səviyyəsinə enib. ƏBİ-dən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, aprel ayında Bakı şəhəri üzrə torpaq bazarına təklif olunan 810,7 ha torpaq sahəsinin 76,9%-ni boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib: ?Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası aprel ayında bir qədər də zəifləyib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında müvafiq olaraq azalma müşahidə olunub və bazarın aktivliyi əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib. Bazarın digər seqmentlərində olduğu kimi, torpaq bazarında da formalaşan passiv tendensiya əsasən iqtisadi böhranın təsiri ilə bağlı olub. Ay ərzində şəhər ətrafı və şəhərdən kənar rayonlarda torpaq üzərində aparılan əməliyyatlar şəhərin mərkəzinə nisbətən çox olsa da, qiymət azalması daha çox III və IV zonalarda qeydə alınmışdır. Şəhərin mərkəzində qiymətlərin həddən artıq yüksək olması I və II zonalarda tələbin aşağı düşməsi ilə paralel qiymətlərin də azalmasına səbəb olub. Amma III və IV zonalarda təklifin çox olması, tikintinin tempinin aşağı enməsi nəticəsində torpağa olan tələbin sürətlə azalması bu zonlar üzrə qiymətlərin daha çox enməsinə təkan vermişdir. Qiymətlərin hələ də real dəyərindən yüksək olması torpağın gəlirliyinə ciddi təsir göstərməsə də, bazarın bu seqmentində ekspozisiya müddətinin artmasına və likvidlik dərəcəsinin düşməsinə təsir göstərib. Son aylar bazarda baş verən proseslər bazarın bu seqmenti ilə aparılan əməliyyatlarda risk dərəcəsini artırıb. ƏİB-in hesabatında o da bildirilib ki, ən çox qiymət azalması isə Səbail (-5,4%) rayonunda qeydə alınmışdır. Son dörd ayda ilk dəfə olaraq, nisbi də olsa, Qaradağ rayonunda qiymət artımı (0,7%) qeydə alınmışdır: ?Araşdırmalar göstərir ki, Qaradag rayonunda ?Binə Ticarət Mərkəzi?nin fəaliyyətə başlaması bu rayonda əmlakın qiymətinə təsirsiz ötüşməyib. Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Suraxanı və Nərimanov rayonları başçılıq edirlər. Ən passiv rayon isə ötən aylar olduğu kimi Nəsimi rayonudur. Ay ərzində bazara təklif olunan ən bahalı torpaq sahəsi Nərimanov (Atatürk prospekti) rayonunda (330000 min $/sot), ən ucuz torpaq sahəsi isə Sabunçu (Ləiş qəsəbəsi) rayonunda (350 $/sot) qeydə alınıb. ?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyi 2009-cu il aprel ayı üçün ilkin mənzil bazarı ilə bağlı hesabatını açıqlayıb. Hesabatda bildirilir ki, 2009-cu ilin aprel ayının sonuna Bakı şəhəri üzrə tikintisi davam etdirilən yeni tikilililərin sayı keçən aydakı 461 ədədə qarşı 454 ədəd olmuşdur. Yeni tikililərin sayının kəskin azalmasına, iqtisadi böhran nəticəsində tikintinin tempinin aşagı düşməsi, eyni zamanda bəzi binalarda tikinti işlərinin başa çatması səbəb olub. ?ƏBİ?-nin araşdırmaları göstərir ki, tikintinin tempində nəzərəçarpacaq geriləmə davam etməkdədir: ?Ay ərzində 10 binada satış tamamlandığından onlar tikintisi davam etdirilən binaların siyahısından çıxarılmışdır. Daha 3 bina isə bazara yeni daxil olub. Qeyd edilən 454 binanın inşası 178 tikinti təşkilatı tərəfindən aparılır. Qeyd edək ki, keçən ay 461 binanın tikintisi 189 tikinti şirkəti tərəfindən həyata keçirilirdi. Ən çox yeni tikili əvvəlki ayda olduğu kimi Yasamal rayonu ərazisində aparılır. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdəki mövqelərini qoruyurlar. Tikintisi aparılan yeni binaların ümumi tikinti portfelində bu üç rayonun payı 62,3% təşkil edir. Qalan rayonlarda isə hələlik tikintinin həcmində hər hansı ciddi dəyişiklik müşahidə olunmayıb. Şəhər üzrə satış üçün təklif olunmuş mənzillərin orta qiyməti aprel ayı ərzində 1.9% azalaraq 1006 $/kv.metrdən 987 $/kv.metrə enib. Ay ərzində heç bir rayon üzrə qiymət artımı qeydə alınmayıb. Bütün rayonlar üzrə müxtəlif qiymət azalması müşahidə edilib. Orta qiymətə uyğun olaraq qiymət indeksi də 7,4 bənd azalaraq 374.7 bəndində qərarlaşıb. Şəhər üzrə tikintisi aparılan binalarda orta mənzil sahəsi keçən aydakı nəticədən 0.4% artaraq 121,7 kv.m-ə qalxıb. Orta blok göstəricisi keçən aydakı 2,2-dən 2,4-ə qalxıb, orta mərtəbə göstəricisi isə ötən aydakı kimi 15,1 mərtəbə olub?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA