Azərbaycanın Türkiyəyə satdığı təbii qaz anlazmasında ölkələrarası münasibətlər böyük rol oynayacaq

img

06-05-2009 [06:21]


Artıq Azərbaycan və Türkiyə arasında təbii qazın qiyməti ilə bağlı danışıqlar başlayıb. Danışıqlarda Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Türkiyənin ?Botaş? şirkətinin işçi qrupları iştirak edirlər. Çox maraqlıdır ki, danışıqlar qapalı aparılır və ictimaiyyətə ətraflı məlumat verilmir. Qeyd edək ki, rəsmi Bakı ilə rəsmi Ankara arasında qaz anlaşması aprelin 15-də bitib. Bundan əlavə, Azərbaycan öz qazını Türkiyəyə hər min kub metrini 120 dollardan satırdı. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən ?İqtisadi və Sosial Araşdırmalar? İctimai Birliyinin sədri Vüqar Bayramov isə Azərbaycanın öz təbii qazını yalnız Türkiyə deyil, Gürcüstana da dünya bazarından ucuz qiymətə satdığını deyib. Onun sözlərinə görə, Türkiyəyə satılan təbii qaz dünya bazarı ilə müqayisədə təxminən 3 dəfəyə qədər aşağıdır: ?Məsələn, Rusiya Avropaya öz təbii qazını hər min kub metri üçün 350 dollardan satır. Qeyd edək ki, Türkiyə-Azərbaycan arasında qazla bağlı anlaşma imzalanan zaman dünya bazarında təbii qazın qiyməti 180 dollar idi. Ən baha qiymət Avropada 200 dollar təşkil edirdi. Ona görə də 120 dollar 180 və ya 200 dollardan bir o qədər də çox fərqlənmirdi. Ancaq yanvarın 1-dən ?Qazprom? Avropaya satdığı qazın qiymətini artırdı. Məsələn, ?Qazprom? Ukraynaya 2008-ci ildə öz təbii qazını 180 dollardan satırdısa, yanvarın 1-dən qiymətlərin artırılması nəticəsində 300 dollara satmağa başladı. Ona görə də qeyd etməliyik ki, indiki halda Türkiyəyə satılan qazın qiyməti kifayət qədər aşağıdır?. İqtisadçı-ekspert onu da bildirdi ki, Azərbaycan tərəfi təbii qazın qiymətini birmənalı şəkildə artıra bilməz: ?Xatırlayırsınızsa, Rusiya Ukraynaya satdığı qazın qiymətini artırmaq üçün yanvarın 1-ni gözlədi. Müqavilənin müddəti bu tarixdə bitdiyindən artırmağa başladı. Ona görə də, Azərbaycanın haqqı var ki, qazın qiymətində artırımlar etsin. Ancaq güman edilir ki, bütün hallarda Azərbaycanın Türkiyəyə satdığı qazın qiymətinin kəskin artırılması gözlənilmir. Hesab edirəm ki, təbii qaz ətrafında gedən danışıqlarda ölkələrarası münasibətlər də böyük rol oynayacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA