"Azərenerji"nin rəhbəri Etibar Pirverdiyev hökumətə kələk gəlir

img

28-04-2009 [12:57]


"Azərenerji" Səhmdar Cəmiyyətində kadr seçimində ciddi nöqsanlar, korrupsiya faktları və ən əsası, təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən tez-tez insan ölümləri baş verir. Neqativ hallara şərait yaradan sözügedən Səhmdar Cəmiyyətin prezidenti Etibar Pirverdiyev isə bunlarla kifayətlənməyərək, hökumətə kələk gəlməkdən də çəkinmir. Bu barədə "Reytinq"ə hökumətə yaxın mənbə məlumat verib. Onun sözlərinə görə, Etibar Pirverdiyev 1 kvt enerjiyə sərf olunan şərti yanacağın qiymətini süni şəkildə artırır. Halbuki, bunun aşağı salınması mümkündür: "Hazırda Azərbaycanda 1 kvt/saat enerjiyə sərf olunan şərti yanacağın miqdarı 386 qramdır. Uzun illərdir ki, bu rəqəm dəyişmədən saxlanılıb. Halbuki, İqtisadi İnkişaf Nazirliyinin mütəxəssisləri dünya ölkələrinin təcrübəsindən çıxış edərək, bu rəqəmin 20 faiz azaldılmasının mümkünlüyünü təsdiqləyiblər. Hətta bu, əsaslandırılmış şəkildə dövlət proqramına da daxil edilib. Səhv etmirəmsə, 2006-cı ildə həmin proqramı ölkə prezidenti İlham Əliyev də təsdiqləyib. Ancaq ötən üç il ərzində E.Pirverdiyev bu istiqamətdə heç bir addım atmayıb. Bu isə onun hökumətə kələk gəlməsindən başqa bir şey deyildir. Çünki enerjinin maya dəyəri 20 faiz aşağı düşərsə, bu, istehlakçılara satılan enerjinin qiymətinin də aşağı düşməsinə səbəb olardı. Yəni o, dövlət proqramına əməl etməklə, həm hökuməti, həm də xalqı qazanclı çıxara bilər. Lakin hər zamankı kimi, Pirverdiyevi yalnız öz mənfəəti düşündürür". Müsahibimiz Pirverdiyevin bu hərəkətlərinin hökuməti də çətin vəziyyətdə qoyduğunu deyir: "Etibar Pirverdiyevin saxta hesabatları səbəbindən Tarif Şurası 6 yanvar 2007-ci ildə energidaşıyıcılarının qiymətini qaldırdı. O zaman Etibar Pirverdiyev sözügedən quruma müraciətində fantastik rəqəmlər daxil etmişdi. Təəssüf ki, hökumət bunları araşdırmadan qismən qəbul etdi. Belə ki, "Azərenerji"nin müraciətində təklif olunurdu ki, 1 kvt/s elektrik enerjisinin topdansatış qiyməti 5,2 qəpik (ƏDV daxil olmaqla), tranzit ötürülmə tarifi isə 3 qəpik olsun. Bunlar isə ən azı 20 faiz şişirdilmiş qiymətlər idi. Elə bunu da nəzərə alan Tarif Şurası bu rəqəmləri müvafiq olaraq 4,1 qəpik və 0,2 qəpik səviyyəsində təsdiqlədi. Həmçinin, özəl kiçik su elektrik stansiyalarında istehsal edilən elektrik enerjisinin topdansatış qiyməti 1 kvt/saat üçün 2,5 qəpik və külək elektrik stansiyaları üçünsə 4,5 qəpik səviyyəsində müəyyənləşdi. Bundan başqa, Şuranın qərarına əsasən, elektrik enerjisinin qiymət fərqindən sui-istifadə hallarının qarşısının alınması məqsədilə mövcud istehlakçı qrupları üzrə tariflər eyniləşdirilərək, bütün istehlakçılar üçün 6 qəpik vahid tarif müəyyən edildi. Köhnə tariflərə görə isə elektrik enerjisinin hər bir kvt/saatı əhaliyə 1,92 qəpiyə, büdcə və istehsalat təşkilatlarına 3,12 qəpiyə, kommersiya təşkilatlarına 5,9 qəpiyə satılıb. Bunları ona görə xatırladıram ki, Azərbaycanda enerjinin qiymətinin qaldırılmasına ehtiyac yox idi. Əgər Tarif Şurasının da təsdiq etdiyi kimi, 1 kvt enerjinin topdansatış qiyməti 4,1 manatdırsa, demək, onun istehsalı ən uzağı 3,9-4 qəpiyə başa gəlir. İstehlakçılara satış isə 6 qəpikdir. Yəni "Azərenerji" rahat şəkildə 2 qəpiyini qazanır. İndi düşünəndə ki, maya dəyəri 20 faiz də şişirdilib, o zaman Etibar Pirverdiyevin rahat şəkildə 1 kVt/saat enerjinin satışından 3 qəpik qazanc götürdüyünü demək olar. Hansı ki, dünyanın heç bir ölkəsində xalqdan yarıbayarı qazanc götürmək anlayşı yoxdur. Pirverdiyevin bu qədər bəsit şəkildə hökuməti və xalqı aldada bilməsinə, hər hansı ad vermək mümkün deyil". Müsahibimiz fikirlərini bir qədər də konkretləşdirərək, E.Pirverdiyevin hökuməti və xalqı istehlak edilən elektrik enerjisinin təqribən 20 faizinin itkiyə getməsilə aldatdığını deyir: "Doğrudur, enerji sahəsində itkilərin olması qaçılmazdır. Amma bunun 20 faiz həcmində olmasını söyləmək və buna qarşı illərdir ki, heç nə olmamış kimi yanaşmaq, ən azı o deməkdir ki, "Azərenerji" öz işinə məsuliyyətli yanaşmır". "Azərenerji" SC-nin rəhbəri Etibar Pirverdiyevin belə hərəkətinin heç bir əndazəyə sığmadığını söyləyən müsahibimizin sözlərinə görə, bu qurumun rəhbəri təkcə qeyd olunan bu fakt əsasında xalqın "soyulmasına" zəmin yaratmır: "Hazırda bəzi bölgələrdə əsasən yüksəkgərginlikli və şəbəkələrarası elektrik xətlərində ciddi itkilərin olduğu qeyd edilir və bunu da xətlərin köhnə olması ilə əlaqələndirirlər. Ancaq bu itkilərin böyük hissəsi oğurluq enerji satışına görə yaranır. Bu isə şəbəkə rəislərindən başlayaraq, "Azərenerji"nin rəhbərliyinə qədər uzanan asan korrupsiya xəttidir. Bu və ya digər faktları tam üzə çıxarıb, təsdiqləmək üçünsə, "Azərenerji" və onun tabeliyindəki müəssisələrdə qısamüddətli yoxlamalar təşkil etmək kifayətdir. O zaman Etibar Pirverdiyevin hansı dolabları çevirdiyini sübut etmək çətin olmayacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA