26-04-2009 [03:55]
[b]İqtisadçı-ekspertin verdiyi proqnoz belə düşünməyə əsas verir [/b]
Milli Məclisin iqtisadi siyasət daimi komitəsinin sədri Ziyad Səmədzadə qlobal böhranın Azərbaycana ciddi təsir etmədiyini bildirib. İqtisadçı-alim deyib ki, neft büdcədə nəzərdə tutulan 70 dollardan aşağı qiymətə satılsa da, yaranacaq kəsir Dövlət Neft Fondunun vəsaitləri hesabına ödəniləcək.
İqtisadi Tədqiqatlar Mərkəzinin sədr əvəzi Vüsal Qasımlı da hesab edir ki, böhran digər ölkələrlə müqayisədə Azərbaycana az təsir göstərib: "Azərbaycanın böhrana qarşı bu cür davamlı olmasının əsas səbəbi iqtisadiyyatın miqyası ilə müqayisədə valyuta ehtiyatlarının 35 faiz təşkil etməsidir. Xarici borclarımız isə 20 faiz təşkil edir. Həmçinin Azərbaycan dünya iqtisadiyyatına zəif inteqrasiya etdiyindən, beynəlxalq iqtisadi proseslərdən kənarda qalır. Biz neftin qiyməti aşağı düşəndə bu təsiri daha aydın hiss edirik. Dünya birjalarında neftin hər barelinin 1 dollar aşağı düşməsi nəticəsində bir ildə Azərbaycan 200 milyon dollar itirir".
İqtisadçı-ekspert icmal büdcənin əsasında bir neçə faktı nəzərə çatdırdı: "İcmal büdcənin gəlirləri 22 milyard 680 milyon manat hesablanıb. Xərc hissəsi isə 14 milyard 758 milyon mantadır. Bu o deməkdir ki, 2009-cu ildə Azərbaycanın icmal büdcəsində gəlirlər xərclərdən 7 milyard 922 milyon manat artıqdır. Məsələ burasındadır ki, bu hesablama neftin qiymətinin hər barel üçün 70 dollar olduğu həddə qədərdir. Üstəlik, burada o da nəzərə alınıb ki, bu il Azərbaycan 60 milyon ton neft hasil edəcək. Amma faktiki olaraq, neftin qiyməti hazıda 70 deyil, 50 dollardı və neft hasilatı 60 milyon deyil, 45 milyona endirilib. Bizim hesablamalarımıza görə, neftin qiymətinin 40 dollarlıq həddi icmal büdcə üçün kritik həddir. Yəni qiymətlər 40 dollar həddində qalsa, Dövlət Neft Fondunun aktivləri bu ilin sonuna azala bilər. Büdcə ilə bağlı verilən son açıqlamalara görə, büdcənin sosial xərclərinə toxunulmayacaq. Biz bu məsələdə hökuməti dəstəkləyirik. Hazırda Azərbaycanda iş yerlərinin ixtisar olunması, əmək haqlarının gecikdirilməsi və bəzən də əmək haqlarının aşağı salınması kimi hallar müşahidə edilir. Bu baxımdan sosial xərclərin aşağı salınmasına qətiyyən yol vermək olmaz. Bizim apardığımız iqtisadi-riyazi hesablamalar da onu göstərir ki, Azərbaycan iqtisadiyyatı tələb iqtisadiyyatıdır. Yəni ölkəmizdə tələbin həcmi aşağı düşərsə, iqtisadiyyatın işgüzar fəallığı və məşğulluq səviyyəsi də aşağı düşəcək. Ona görə də inanmıram ki, büdcəyə dəyişiklik ediləndə sosial xərclər aşağı salınsın. Əksinə, hökumət sosial xərclərin ünvanlı olmasını, şəffaflığını, hesabatlılığını və səmərəliliyini təmin etməlidir".
İnvestisiya layihələrinə gəlincə, müsahibimiz layihələrin azaldılmasına tərəfdar olduğunu deyib. Onun fikrincə, investisiya layihələrində müəyyən ixtisarlara yol verilməlidir: "Ümumiyyətlə, investisiya layihələri prioritetləşdirilməlidir. Hansı layihələrin icrasına başlanılıbsa, onların davam etdirilməsinə ehtiyac var. Məsələn, yol çəkilərkən beton örtük dağıdılıbsa, bu prosesi yarımçıq saxlamaq mümkün deyil. Ancaq ikinci dərəcəli əhəmiyyət kəsb edən investisiya layihəsi varsa, onun icrasını müvəqqəti təxirə salmaq olar. Dövlət büdcəsinin strukturunda 2009-cu il üçün xərclər 12 milyard 355 milyon manat nəzərdə tutulub. Və bunun 6 milyard 655 milyon manatı cari xərclərdir. Amma əsaslı xərclər 5 milyard 609 milyon manatdır. Yerdə qalan 90 milyon manat isə kreditlər, faizlər, xidmətlərlə bağlı xərclərdir. Bu xərcləri azaltmaq olmaz. Burada söhbət əsasən 5,6 milyard dollarlıq əsaslı xərclərin azaldılmasından gedir. Bundan əlavə, dövlət maliyyə nəzarətini gücləndirməlidir. Biz əgər investisiya layihələrinə ayrılan həcmləri azaldacayıqsa, onda mütləq onun səmərəliliyini artırmalıyıq".
İqtisadçının qənaətincə, Dövlət Neft Fondunun vəsaitlərindən sürətli istifadə gələcəkdə ölkədə pul qıtlığı yarada bilər: "Əgər biz qeyri-neft sektorunun normal inkişafına nail olmasaq və bu sektorun dövlət büdcəsinin formalaşmasında iştirakını təmin edə bilməsək, Dövlət Neft Fondunun vəsaitləri sürətlə "əriyəcək". Ümid edirəm ki, hökumət bu təhlükəni nəzərə alacaq. Çünki Azərbaycan gəlirləri neft hasilatından əldə edir. Neft hasilatı 2011-2012-ci illərdə kulminasiya həddinə çatacaq. Bundan sonra neft hasilatı azalmağa başlayacaq. Odur ki, qeyri-neft sektorunun inkişafına nail olmalıyıq. İndiki halda düşünmürəm ki, biz qeyri-neft sektorunu inkişaf etdirə bilirik. Amma buna baxmayaraq, bu ilin birinci rübündə qeyri-neft sektorunda 14 faizlik artım qeydə alınıb. Çox təqdirəlayiq haldır ki, Azərbaycanda bu yaxınlarda çox böyük investisiya layihəsinə başlanılıb. Məsələn, Qaradağ Sement Zavodunda yeni bir istehsal kompleksinin işə düşməsi üçün 300 milyon avrodan artıq investisiya qoyulub. Həmçinin şimal bölgəsində yeni qlükoza zavodunun tikintisinə start verilib".
Sonda Vüsal Qasımlı bildirib ki, növbəti ilin büdcəsi formalaşanda hökumət bir o qədər də çətinlik çəkməyəcək: "Artıq Amerika iqtisadiyyatında birinci rübdə müşahidə olunan müsbət tendensiyalar onu deməyə əsas verir ki, bu ilin axırına kimi böhranın dərinləşməsinin qarşısını almaq mümkün olacaq. O cümlədən neftin qiymətləri gələn ilin əvvəlindən başlayaraq, təxminən 60-80 dollarlıq kartora düşəcək. Düşünürəm ki, bu, Azərbaycan iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcək. Azərbaycanda büdcənin formalaşması ilə bağlı, yaxın 3-5 ildə ciddi problemlər olmayacaq".