Azərbaycanda bir neçə bank sıradan çıxacaq

img

19-04-2009 [03:46]


[b]Qadir İbrahimli: "Rəqabət qabiliyyəti aşağı olan banklara hökumət tərəfindən vəsait ayrılmasının heç bir effekti olmayacaq"[/b] Ölkədə fəaliyyət göstərən banklar qlobal iqtisadi böhrandan daha çox əziyyət çəkirlər. Son aylar bəzi banklar vətəndaşlara verdikləri kreditləri də azaldıblar. Milli Bankın özəl banklara yardım məqsədilə ayırdığı 2,5 milyard dollar vəsaitin də bu problemi çözəcəyi inandırıcı görünmür. Məlumatlara görə, bu məbləğ Milli Bankın reytinq cədvəlində ilk "onluq"da dayanan banklar arasında bölüşdürüləcək. Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Qadir İbrahimli Milli Bankın bu qərarını normal qarşıladığını deyib: "Bəlkə də bu, o qədər də ideal qərar deyil. Ancaq mümkün reallıqlar çərçivəsində qiymətləndirəndə Milli Banka müəyyən qədər haqq qazandırmaq olar. Azərbaycanda təxminən 42-43 bank fəaliyyət göstərir. Elə banklar var ki, onlar ancaq Bakı şəhərində fəaliyyət göstərir. Yəni, onların rngionlarda filialları yoxdur. Belə olan halda bu bankların ayrılmış vəsaiti səmərəli istifadə etməsi mümkün deyil. Mən, digər bankların bu prosesdən kənarda qalmasını alqışlamıram. Bu banklar Azərbaycanın maliyyə sektorunun kompanentləridir və onlara da hansısa formada yardımlar edilməlidir. Ancaq burada seçim imkanı olmalıdır. Əlbəttə, Milli Bank 2,5 milyard dolları bütün banklar arasında bərabər həcmdə bölə bilməz. Çünki bankların heç də hamısı eyni gücə malik deyil. Bu, Rusiya təcrübəsində də belədir. Rusiyada da bütün banklar dövlətin yardımından yararlana bilmədi. Ancaq reytinq cədvəlində adları olan banklara yardım edildi. Mənə elə gəlir ki, bu prosesdən kənarda qalan banklar alternativ maliyyə mənbələri haqda düşünməlidirlər. Bu, həm xarici, həm də yerli qaynaqlar ola bilər. Hansısa formada həmin banklara da yardımlar edilməlidir ki, böhran dalğasından qurtula bilsinlər. Çünki Azərbaycanda bank bazarının iştirakçıları çox məhduddur. 8,5 milyon əhalisi olan bir ölkə üçün 43 bank çox aşağı göstəricidir. Xarici ölkələrdə 40-50 min əhaliyə bir bank, Azərbaycanda isə 200 min əhaliyə bir bank düşür. Ola bilsin ki, bu bankların bir neçəsi sıradan çıxsın və bu göstərici daha da yüksəlsin". Ayrılacaq vəsaitin hesabına ölkə banklarının vəziyyətinin nə dərəcədə yaxşılaşacağına gəlincə, iqtisadçı, ölkədə bəzi bankların geniş şəbəkəsinin olduğunu dedi: "Beynəlxalq Bank", "Texnikabank", "Rabitəbank", "Respublika Bank" kimi banklar ölkədə geniş şəbəkəyə malikdirlər. Əhali bu bankların xidmətlərindən daha çox istifadə edir və onlara etimad göstərir. Bu etimadın itməsi ölkənin bank sektoruna yaxşı mənada heç nə vəd eləmir. Bu nöqteyi-nəzərdən hökumətin özü də həmin banklara yardım etməkdə maraqlıdır. Bu gün ölkədə elə banklar var ki, fəaliyyət göstərir, amma onlara əhali tərəfindən xüsusi etimad yoxdur. Ona görə də dövlət tərəfindən bu cür banklara maliyyə yardımının ayrılması müəyyən anlaşılmazlıqlar yarada bilər". Sonda Q.İbrahimli bildirdi ki, banklara maliyyə yardımının edilməsi böhranın təsirini o qədərdə azaltmayacaq. Onun qənaətincə, söhbət ancaq böhranın mümkün həddə qədər azaldılmasından gedə bilər: "İstənilən halda Azərbaycanda bir neçə bank böhran nəticəsində sıradan çıxacaq. Bunu artıq birmənalı qarşılamaq lazımdır. Məndə olan məlumatlara görə, yaxın günlərdə vəziyyəti ağır olan banklar ya öz fəaliyyətlərini dayandıracaq, ya da başqa bir bankla birləşmək haqda qərar qəbul edəcəklər. Buna təbii yanaşmaq lazımdır. Əgər həmin bank öz işini vaxtında düzgün qura, bank sektorunda rəqabət qabiliyyəti yarada bilməyibsə, bu gün dövlətin ona göstərəcəyi maliyyə yardımının heç bir effekti olmayacaq. Bu onun öz günahıdır və burada kimisə günahlandırmaq düzgün olmazdı". Orxan HACIYEV

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA