Uzaqlar istismar edilir

img

12-04-2009 [08:10]


[b]Yusif Bəkirov: "Uşaqları dilənçiliyə və fahişəliyə cəlb etməklə onların normal təhsil almasına mane olurlar" [/b] Son vaxtlar ölkədə uşaq əməyinin istismarı adi hala çevrilib. Bəzi ekspertlər bunu sosial vəziyyətin ağır olması ilə əlaqələndirirlər. Ancaq istismar olunan uşaqların sonradan xarici ölkələrə satılması hallarına da rast gəlmək mümkündür. Beynəlxalq təşkilatlar da dəfələrlə Azərbaycanın bu məsələdə tranzit ölkə rolunu oynadığını bəyan ediblər. Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov açıqlamasında uşaq əməyindən istifadə edilməsinin yolverilməz oldğunu deyib. Onun sözlərinə görə, Azərbaycan 2004-cü ildə 182 saylı beynəlxalq konvensiyaya qoşulub: "Düzdür, bütün ölkələrdə, xüsusən də inkişaf etmiş ölkələrdə uşaq əməyindən istifadə edilir. Ancaq uşaq əməyindən pis formada istifadə edilməsi kimi faktlar qətiyyən yoxdur. Azərbaycanın qoşulduğu beynəlxalq konvesiyada da bu amil nəzərə alınıb. Təəssüflər olsun ki, bu gün Azərbaycanda uşaq əməyinin pis formada istismarı halları mövcuddur. Baxmayaraq ki, dövlət rəsmiləri bunu inkar edirlər, ancaq fakt faktlığında qalır. Hələ də Azərbaycan bu konvensiyanın şərtlərinə əməl etmir. Əlbəttə, bunun səbəbləri var. Məsələn, BMT-nin Beynəlxalq Əmək Təşkilatı var. Bu təşkilat sözügedən konvensiyanın tənzimlənməsinə nəzarət edir. Azərbaycan hökuməti uşaq əməyinin pis formada istismarı haqqında bu təşkilata bir dəfə də olsun hesabat verməyib. Bu fakt heç bir ölkədə müşahidə olunmayıb. Azyaşlı uşaqların cinsi istismara məruz qalması danılmaz faktdır. İnternatlarda direktorlar uşaqları məcbur edirlər ki, gedib tikintilərdə işləsinlər. Bu faktları əsas götürüb deyə bilərik ki, ölkəmizdə uşaq əməyi ən ağır formada istismar olunur". Ekspert bu cür faktların sayının çox olmasını ölkədə sosial vəziyyətin ağırlığı ilə əlaqələndirdi. Onun sözlərinə görə, Azərbaycanda minimum əməkhaqqı 75 manat olduğu üçün insanlar bir çox sosial-iqtisadi problemlərini həll edə bilmirlər: "Uşağın yaşaması və ya sağlam böyüməsi üçün dövlət tərəfindən heç bir sosial proqram həyata keçirilmir. Uşaqları dilənçiliyə və fahişəliyə cəlb etməklə onların normal təhsil almasına mane olurlar. Dövlət bu cür mənfi hallara qarşı mübarizə aparmamaqla ölkənin gələcəyini təhlükə qarşısında qoyur. Sovet dövründə də uşaq əməyindən istifadə olunurdu. Məsələn, o vaxtkı statistikaya görə, 12 min uşaq zavodlarda, fabriklərdə işləyirdi. Və ya rayonlarda pambıq, üzüm yığımına cəlb edilirdi. Ancaq əməyin kobud formada istismarına icazə verilmirdi. Dövlət onlara şərait yaratmalıdır ki, işləyib ailələrinə kömək etsinlər. Amma dövlət uşaqlara sosial yaşayış minimumu verməli, onların istismar edilməsinin qarşısını almalıdır". Ekspert uşaq əməyinin istismarının arxasında bəzi məmurların dayandığını da vurğuladı. Onun qənaətincə, uşaq əməyinin istismarı təhlükəli prosesdir: "Bəzi yüksək rütbəli məmurlar uşaq əməyini istismar edən şəxsləri himayə edirlər. Hüquq-mühafizə orqanlarının uşaqlarla iş prinsipini qənaətbəxş saymaq da olar, saymamaq da. Məsələn, bu yaxınlarda hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən küçədə dilənçilik edən uşaqları bir yerə toplayıb, Mərdəkandakı ağır tərbiyə olunan uşaqlar üçün nəzərdə tutulmuş internata göndərdilər. Bu iş metodu ilə nəyəsə nail olmaq mümkünsüzdür. Sözsüz ki, internat direktorları pul alıb, o uşaqları buraxacaqlar. Biz sosial vəziyyəti yaxşılaşdırmasaq və ya onların əməyini müdafiə etməsək, bu sahədə heç bir dönüş yarada bilməyəcəyik. Ümumiyyətlə, bununla bağlı qanunvericilikdə müəyyən boşluqlar var. Məsələn, uşağını dilənçiliyə məcbur edən valideyn cəmi 20 manat cərimələnir. Ancaq xarici ölkələrdə bu cərimə həbslə və milyon dollarla ölçülür. Xaricdə uşaq əməyindən istifadə edilərkən ilk növbədə sahibkarla müqavilə bağlanır, sənəddə tibbi sığorta və dərslərə davamiyyət məsələləri də öz əksini tapır. Azərbaycanda isə bunu ancaq xəyal edə bilərik". Orxan HACIYEV

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA