Dövlət Statistika Komitəsi əhalinin növbəti siyahıyaalınmasına hazırlıq izlərinin baza çatdırıb

img

10-04-2009 [06:18]


Bu gün Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında aprelin 13-dən 22-dək ölkədə keçiriləcək əhalinin növbəti siyahıyaalınmasına hazırlıq işlərinin başa çatması ilə bağlı Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyevin mətbuat konfransı keçirilib. Əhalinin siyahıyaalınmasının prezident İlham Əliyev tərəfindən 2006-cı il iyunun 7-də imzalanmış Fərmana əsasən keçirildiyini diqqətə çatdıran A.Vəliyev üç ildə bu istiqamətdə görülən işlərdən danışıb. Bildirib ki, artıq hər bir rayonun, şəhərin, qəsəbənin və kəndin sərhədləri dəqiqləşdirilmiş və sxematik planları işlənib hazırlanmış, küçə adlarının, bina, mənzil və yaşayış evlərinin nömrələri qaydaya salınıb. Respublikada təxminən 19 min sayıcı məntəqəsi təşkil olunmuş, hər beş sayıcı məntəqəsi bir təlimatçı məntəqəsində, hər yeddi təlimatçı məntəqəsi isə bir siyahıyaalma şöbəsində birləşdirilib. Komitə sədri onu da deyib ki, DSK-nın yerli orqanları tərəfindən siyahıyaalmada iştirak edəcək 24 minədək şəxs seçilib, onları təlimatlandırmaq üçün seminarlar təşkil olunub. Müxtəlif təşkilat, müəssisə və idarələrin işçiləri olan bu kadrlar 10 gün ərzində ərazilərindəki evləri gəzməklə siyahıyaalmanı həyata keçirəcəklər. Xarici ölkələrdə olan Azərbaycan vətəndaşları isə səfirliklər vasitəsilə siyahıya alınacaqlar. Siyahıyaalmanın məqsədi cari uçotun məlumatlarını dəqiqləşdirmək, həmçinin cari uçotda öz əksini tapmayan suallara (milliyyət, ana dili, ikinci dil və s.) aydınlıq gətirməkdir. Anketlərə 35 sual daxil edilib. Bunlardan 29-u hər bir şəxsə aid, 6-sı isə mənzil şəraiti barədə suallardır. 1999-cu ildə keçirilmiş siyahiyaalma vərəqələrində isə 21 sual olub. Siyahıyaalma başa çatdıqdan sonra təxminən beş gün ərzində təlimatçı-nəzarətçilər sayıcıları ilə birlikdə seçmə qaydada evlərin 25 faizində nəzarət gəlişi keçirəcəklər. Təlimatçılar tərəfindən qəbul olunmuş anketlər yoxlandıqdan sonra siyahıyaalma şöbələrinə təhvil veriləcək. Mayın ortalarından başlayaraq bir ay ərzində siyahıyaalma vərəqələri DSK-da qəbul olunacaq. Siyahıyaalma materiallarının tam işlənib başa çatdırılması və 10 cildlik kitab şəklində çap olunması gələn ilin ortalarına nəzərdə tutulub. Sonda DSK-nın sədri Arif Vəliyev sualları cavablandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA