Şahin Mustafayev məsuliyyətdən yayınır

img

07-04-2009 [01:22]


[b]İqtisadi inkişaf naziri ÜTT ilə bağlı məsuliyyəti Mahmud Məmmədquliyevin üzərinə atmaq istəyir[/b] Şahin Mustafayevin iqtisadi inkişaf naziri təyin edilməsindən 5 ay ötsə də, hələlik o, başçılıq etdiyi qurumun fəaliyyətində nəzərəçarpacaq yenilik etməyib. Əksinə, Ş.Mustafayev nazir olduğu müddətdə Azərbaycan iqtisadiyyatı son illərin ən böhranlı günlərini yaşayır. İqtisadi inkişaf naziri isə qlobal iqtisadi böhranın Azərbaycana təsirlərinin minimuma endirilməsi ilə bağlı diqqətçəkən hər hansı təklif verməyib. Ş.Mustafayevin fəaliyyəti nazirlikdə kadr dəyişikliyi ilə yekunlaşır. Demək olar ki, İqtisadi İnkişaf Nazirliyinin (İİN) bütün gəlirli sahələrinə yeni nazir öz adamlarını yerləşdirib. Məsuliyyət tələb edən məsələlərə növbə çatdıqda isə Ş.Mustafayev məsuliyyətdən yayınmaq üçün bütün imkanlarını işə salır. Bizə bilgi verən şəxsin sözlərinə görə, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüklə bağlı danışıqlarda da Ş.Mustafayev məsuliyyəti digər qurumların üzərinə qoymağa çalışır: "O, İqtisadi İnkişaf Nazirliyində struktur dəyişikliyi adı altında bu sahə ilə məşğul olan Xarici Ticarət Siyasəti və Ümumdünya Ticarət Təşkilatı Şöbəsini də ləğv etdi. Nazir sözügedən şöbəyə başçılıq edən və Azərbaycanın ÜTT-yə üzv olmasına hazırlıq üzrə komissiyanın katibi, professor Ədalət Muradovu iqtisadi siyasət şöbəsinə müdir təyin etməklə, onu proseslərdən kənarlaşdırdı. İndi İİN-də ÜTT ilə məşğul olan 2-3 gənc qalıb. Onlar da dəqiq bilmirlər ki, hansı siyasət həyata keçiriləcəkdir. Siz www.wto.az saytına baxdıqda da bunu görə bilərsiniz. Ötən ilin sonundan bu sayt yenilənmir. Halbuki saytın yaradılmasında məqsəd ÜTT ilə bağlı yenilikləri operativ olaraq Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmaq idi. Ş.Mustafayevin nazirlikdəki islahatından sonra isə saytın işləməsinə məsul olan şəxs qalmayıb. Burada bir maqamı da diqqətdən qaçırmayın ki, Azərbaycanın ÜTT-yə üzv olmasına hazırlıq üzrə komissiyaya sabiq iqtisadi inkişaf naziri Heydər Babayev başçılıq edəndə əsas təşəbbüsü o, öz əlinə almışdı. H.Babayev hətta bəzi məmurların maraqlarını da tapdalayaraq ÜTT ilə münasibətdə öz mövqeyində israr edirdi. O, vəzifəsindən kənarlaşdırıldıqdan sonra ÜTT ilə bağlı danışıqların məsuliyyəti Ş.Mustafayevin üzərinə düşdü. Məndə olan məlumata görə, Ş.Mustafayev ÜTT-yə üzvlüklə bağlı məsuliyyəti xarici işlər nazirinin müavini, həm də Azərbaycanın ÜTT-yə üzv olmasına hazırlıq üzrə komissiyanın sədr müavini Mahmud Məmmədquliyevin üzərinə qoymaq istəyir. Nazir özü isə danışıqlar prosesindən kənarda qalmağa çalışır". Həmsöhbətimizin iddiasına görə, Ş.Mustafayev uzaqgörənlik etmək istəyir. Çünki ÜTT-yə üzvülük bəzi monopolist məmurların maraqlarına zərbə vuracaq. Həmçinin bu prosesdən ölkə iqtisadiyyatının da zərər çəkəcəyi proqnozlaşdırılır. Yəqin ki, bu səbəbdən Ş.Mustafayev kənarda duraraq, problem yarandıqda, "Bu güzəştlər xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev tərəfindən qəbul edilib", - demək istəyir. Hələlik Ş.Mustafayev bu məqsədinə nail ola bilir. Çünki aprel ayında ÜTT ilə bağlı keçiriləcək danışıqlarda təşəbbüsü M.Məmmədquliyev öz üzərinə götürüb. "Reytinq"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA