"Azəryolservis" vətəndazı aldadıb

img

05-04-2009 [06:54]


[b]ASC-nin əməkdaşı Dəvəçi sakininin kompensasiya tələbini yerinə yetirmək əvəzinə ondan rüşvət istəyir [/b] "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanov Dəvəçi rayonu, Təzəkənd kəndinin sakini Kərimov Qurban Nəsbulla oğlunu yollarda qoyub. Q.Kərimov "Reytinq"ə ünvanladığı məktubunda bildirir ki, pay torpağı üçün ödəniləcək kompensasiya məbləğini - 8000 manatını hələ də "Azəryolservis"dən ala bilmir: "Torpaq islahatı aparılarkən mülkiyyətimə Təzəkənd kəndinin ərazisindən 0,254412 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində tərəvəz becərib sataraq 4 nəfərlik ailəmi dolandırırdım. Artıq 3 ildir ki, həmin torpaqdan istifadə edə bilmirəm. Buna səbəb isə 2007-ci ildən etibarən Dəvəçi- Xaçmaz yolunda "İpək yolu"nun inşasının başlanmasıdır. Təyinatı üzrə bizə verilən torpaq sahəsi Dəvəçi-Xaçmaz yolunun sol tərəfində yerləşməsi səbəbindən təzə inşa edilmiş "İpək yolu"nun mühafizə zolağına düşüb və həmin sahə tamamiylə zəbt olunaraq, istifadə üçün yararsız hala salınıb. Tikinti şirkəti tərəfindən mənə məxsus əraziyə çıqnıl daşları tökülüb. Yolun inşası ilə məşğul olan tikinti şirkəti həmin sahəni istifadəsiz hala salıb. 2007-ci ilin sentyabr ayında ölkə prezidenti və digər aidiyyatı orqanlara müraciət edərək mülkiyyətimdə olan torpağa görə mənə kompensasiya ödənilməsini xahiş etdim". Şikayətçinin bildirdiyinə görə, edilən müraciətdən sonra bələdiyyənin sədr müavini ilə özünü yolun tikintisini aparan təşkilatın nümayəndəsi kimi təqdim edən 2 nəfər şəxs Q.Kərimovun yanına gəlib və ondan həmin torpaq sahəsinə aid olan Dövlət aktını surətini istəyib: "Onlar mənimlə şirkət arasında razılıq sənədinə imza atdırdılar. Onların dediyinə görə, mülkiyyətimdə olan və plana düşən torpaq sahəsinin əvəzinə ailəmə bazar qiymətlərinə uyğun kompensasiya ödənməlidir. Amma həmin danışıqdan sonra onları bir daha görə bilmədim. Bu günə kimi yararsız hala düşmüş torpaq sahəsinə görə tikinti aparan şirkət tərəfindən mənə kompensasiya ödənilməyib". Q.Kərimovun Torpaq və Xəritəçəkmə Komitəsinin Dəvəçi rayon şöbəsinə ünvanladığı məktubun cavabında isə deyilir: "Pay torpağınızın dəqiqləşməsi ilə bağlı şikayətiniz araşdırıldı. Arışdırma zamanı məlum oldu ki, həmin torpaq sahəsi bütünlüklə təzə inşa edilmiş "İpək yolu"nun mühafizə zolağına düşmüşdür. Qanunvericiliyə əsasən, həmin sahənin dəyəri tikinti aparan təşkilat tərəfindən ödənilməlidir". Şikayətçi bununla bağlı 01.09.2007-ci ildə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-yə də məktub ünvanlayıb. 13 noyabr 2007-ci ildə isə ASC-nin rəhbəri Cavid Qurbanov sözügedən məktuba cavab yazıb: "Aidiyyatı təşkilatlara tapşırıq verilib və qısa vaxt ərzində yaradılmış narahatlıq aradan qaldırılacaq". C.Qurbanovun göndərdiyi cavab məktubundan bir il dörd ay keçəndən sonra, yəni 2009-cu ilin fevral ayında isə "Azəryolservis"in Haşımağa adlı əməkdaşı sözügedən ünvana üz tutub. Sincanboyad bələdiyyəsində aparılan uzun müzakirələrdən sonra ASC-nin nümayəndəsi şikayətçiyə "əlin cibində olsun" deyib: "Mən də dedim ki, axı üç ildir sahəmi əkə bilmirəm, ailəmi çətinlikdə dolandırıram. Öhdəliyimdə olan 0,254412 ha torpaq sualtı olduğu üçün ildə iki dəfə tərəfəz əkirdim. Bir ildə 1500 manat məbləğində gəlir əldə edirdim. Bu isə üç ildə 4500 manat deməkdir. Torpağın normativ bazar qiyməti ilə 9000 manatı 0,254412-ə böləndə isə 35375,689 manat edir. Bu illər ərzində mənə dəyən ziyanın məbləği 8000 manatdır". Torpaq Məcəlləsinin 70-ci maddəsinin 2-ci bəndinə əsasən "Torpaq sahələri mülkiyyətçilərinin, istifadəçilərin və icarəçilərin razılığı olduqda müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı (ya da müqavilə) əsasında geri alına (satın alına) bilər. Həmin məcəllənin 70-ci maddəsinin 5-ci bəndinə əsasən, hüququ və fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri dövlət bələdiyyə və ya ictimai ehtiyaclar üçün qanunvericilikdə müəyyən edilmiş qaydada satın alındıqda onun dəyəri qabaqcadan xeyrinə torpaq sahəsi alınan müəssisə, idarə və təşkilatın, yaxud müvafiq icra orqanının və ya bələdiyyənin vəsaiti hesabına torpağı geri alındığı üçün mövcud olan bazar qiyməti ilə həmin şəxsə tam həcmdə ödənilir". Şikayətçi yazıb ki, əgər o, həmin torpağı satışa çıxarsaydı bu məbləğ 10.000 manat edərdi. Çünki sözügedən sahə onun şəxsi milkiyyəti sayılır. Şikayətçi onu da bildirir ki, onunla "Azəryolservis" ASC arasında heç bir müqavilə imzalanmayıb və qiymət razılaşdırılmayıb: "Azəryolservis" ASC-nin əməkdaşı Haşımağa isə tutduğu vəzifəsindən tamah məqsədilə istifadə edərək məndən rüşvət istəyir. Hazırda mənə 8000 manat məbləğində kompensasiya ödənilməlidir. Amma Haşımağa kimilər dövlətin daxili siyasətinə və dövlət proqramlarına qarşı çıxaraq vətəndaşları narazı salırlar". B.RÜSTƏMLİ

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA