Banklarımız maliyyə problemi yazayır

img

31-03-2009 [08:52]


[b]Əgər hökumət konkret addım atmasa, ölkədə bank sektorunun çökməsi qaçılmaz olacaq [/b] Qlobal iqtisadi böhran Azərbaycanın bank sektoruna daha çox təsir göstərməkdədir. Buna görə də bəzi banklar kreditləri azaldıb. Ancaq bir müddət öncə Milli Bankın rəhbəri Elman Rüstəmov banklarda kredit bazarının yaxşılaşdırılması istiqamətində addımlar atılacağını bildirmişdi. Maraqlı məqam da ondan ibarətdir ki, artıq bir çox banklar kreditləri dollarla verməyə başlayıblar. Iqtisadçı-ekspert Qadir İbrahimli isə əksər bankların kredit verilməsini dayandırmasını maliyyə resurslarının zəif olması ilə əlaqələndirir. Onun sözlərinə görə, Azərbaycan banklarının əsas maliyyə mənbəyi Avropa banklarından aldığı kredit sanksiyaları idi: "Alınan kredit sanksiyalarının həcmi təkcə 2008-ci ildə 2 milyard dollara yaxın idi. İndi isə dünyada baş verən maliyyə və iqtisadi böhranla bağlı Avropa bankları kreditlərin verilməsini dayandırıb. Hələ üstəlik verdiklər kreditləri geri tələb edirlər. Bu baxımdan da əhaliyə kreditlərin verilməsində kəskin azalmalar var. Düzdür, belə bir məlumat yayılıb ki, guya hökumət xaricdə olan maliyyə ehtiyyatlarını ölkəyə gətirib, banklara yardım edəcək. Ancaq real odur ki, Avropa bankları verdikləri kreditləri geri tələb edirlər. Ona görə də ölkə bankları həmin öhdəlikləri yerinə yetirməyə məcbur olublar. Bu baxımdan hələki Azərbaycanın banklarında durğunluq müşahidə olunur. Milli Bankın məcburi ehtiyyat normasını son bir neçə ayda azaltması onu deməyə əsas verir ki, banklarımız maliyyə problemi yaşayır. Əgər hökumət ən qısa müddətdə konkret addım atmasa, ölkədə bank sektorunun çökməsi qaçılmaz olacaq". Q.İbrahimli deyib ki, kreditlərdən ən çox ticarət və tikinti sektoru istifadə edir: "Aqrar və sənaye sektorları isə kreditlərdən daha az istifadə edirlər. Hətta böhrandan əvvəl də bu sektorlarda kredit problemi var idi. Ölkədə kreditlərin verilməsində məntiqsizlik var. Məsələn, vətəndaş xarici avtomobil almaq üçün bankdan kredit götürür. Ancaq bir neçə hektar torpaq sahəsi olan fermer 2000-2500 dollar pul tapıb, öz sahəsini əkə bilmir. Halbuki onun aldığı krediti qaytarmaq şansı daha böyükdür. Problem odur ki, bizim banklar real imkanı olan sahələrə kreditlər vermək əvəzinə, krediti qaytarmaqda çətinlik çəkən sektorlara daha həvəslə pul ayırırlar". İqtisadçı, bəzi bankların kreditləri dollarla verməsinə də münasibət bildirib. Onun sözlərinə görə, banklar devolvasiyadan ehtiyyat etdikləri üçün bu cür üsullara əl atırlar: "Siyasi bəyanatlarla devolvasiya prosesinin qarşısını almaq mümkün deyil. Burada ölkənin real iqtisadi göstəriciləri mühüm rol oynayır. Əgər ölkənin milli valyutanın sabitliyini saxlamağa imkanı varsa, devolvasiya baş verməyəcək. Yox, bu imkanlar tükənibsə, o zaman devolvasiya qaçılmaz olacaq. Məsələn, Rusiya külli miqdarda vəsait xərcləməklə rublun kursunun sabitliyini saxlaya bilirdi. Ancaq iqtisadi böhrandan sonra Rusiyaya rublun məzənnəsini aşağı salmağa məcbur oldu. Məncə, ən yaxşı halda Azərbaycan yaxın bir ildə manatın kursunu saxlaya biləcək. Hazırda ölkənin 14 milyard dollar valyuta ehtiyyatı var. Üstəlik, neft gəlirlərinin daha çox gələn dövrüdür. Yəni hələlik real təhlükə yoxdur. Amma inanmıram ki, bu proses uzun müddət davam etsin. Əlbəttə, hər şey dünyada baş verən böhranın ölkəmizə təsirindən asılıdır. Hələki bu təsir Rusiyada olduğu qədər böyük deyil. Bunun bir səbəbi də Azərbaycanın zəngin təbii resurslara sahib olması ilə bağlıdır. Əgər dünya bazarında neftin qiyməti iki dəfə ucuzlaşsa, hökumət manatın kursunu sərbəst buraxmaq məcburiyyətində qala bilər. Bu həm xarici faktordan, həm də hökumətin böhran vəziyyətində hansı addımları atmasından asılıdır. Hələlik isə müşahidələrim onu deməyə əsas verir ki, hökumətin davranışları böhranın yayılma sürətinə adekvat deyil. Nəqliyyat sektoruna kifayət qədər investisiya qoyulub. Axı, aqrar sektora da yatırımlar qoyulmalıdır. Ölkə əhalisinin 40 faizi bu sektorda çalışır. Amma neft sektorunda əhalinin cəmi 1,5 faizi çalışır. Azərbaycan kənd təsərrüfatını, turizmi və digər qeri-neft sektorlarını inkişaf etdirməklə böyük valyuta ehtiyyatları qazana bilər".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA