31-03-2009 [07:16]
[b]Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının üzvü Əli Məsimli hesab edir ki, yalnız kosmetik xarakterli tədbirlərlə böhrandan çıxmaq olmaz
[/b]
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının üzvü, millət vəkili Əli Məsimli qlobal maliyyə böhranı iə bağlı "Böyük iyirmilik" ölkələrinin Londonda keçiriləcək sammitini ANSPRESS-ə şərh edib.
[b]- ?Böyük iyirmiliy?ə daxil olan ölkələrin aprelin 2-də keçiriləcək sammitində dünya maliyyə böhranının qarşısının alınması istiqamətində hansısa qərarlar qəbul edilə bilərmi?
[/b]
- Maliyyə böhranı kifayət qədər dərinə işləyib və onun səbəbləri həddindən artıq çoxdur. Böhranın həm obyektiv, həm subyektiv, həm də spekulyasiya xarakterli səbəbləri var. Ona görə də maliyyə böhranı hələ bir müddət davam edəcək. Söhbət yalnız maliyyə böhranının daha dağıdıcı xarakter almasının qarşısının alınması üçün müvəqqəti tədbirlərdən gedə bilər. Ona görə ki, hələlik görülən tədbirlər sadəcə maliyyə böhranını aradan qaldırmaq üçün əlavə pul vəsaitinin bazara atılmasıdır. Bu da yanğını kerosinlə söndürmək kimi, yaxud narkomana əlavə doza verməklə müvəqqəti onu sakitləşdirməyə bənzər tədbirlərdən ibarətdir. Əgər köklü surətdə problemin həllindən söhbət gedirsə, onda dünya maliyyə sistemində, dünya iqtisadi sistemində köklü islahatlar proqramı işlənib hazırlanmalı və onun çox ciddi koordinasiyasının həyata keçirilməsi istiqamətində işlər görülməlidir. Beynəlxalq Valyuta Fondunun, Dünya bankının işləri köklü surətdə yenidən qurulmalıdır. Faktiki surətdə istər 1998-ci ildə baş verən maliyyə böhranı zamanı, istər 10 il sonrakı- 2008-ci ildə baş verən daha qlobal maliyyə böhranı zamanı hadisə baş verəndən sonra Beynəlxalq Valyuta Fondu proqnoz verməyə başladı ki, böhran başlanıb. Yəni təşkilatlar hadisələrin arxasınca sürünür və bu hadisələrə yalnız birtərəfli təsir göstərmə reseptlərindən uzağa getmədikləri üçün hələlik böhrandan tamamilə çıxmaq yox, sadəcə onun müəyyən dərəcədə dağıdıcı təsirini azaltmaq istiqamətində addımlar atılmasından söhbət gedə bilər.
[b]- Böhranın dağıdıcı təsirlərinin qarşısını almaq üçün sammitdə hansı addımlar atıla bilər?[/b]
- Sammitdə iki istiqamətdə daha çox işlər gedəcək. Birinci, koordinasiya. Ölkələr böhrandan çıxmaq üçün öz güclərini səfərbər etməli, bilavasitə fəaliyyətlərini koordinasiya etməlidirlər. Amma bu, kifayət etmədiyinə görə, ayrılıqda hər bir ölkə antiböhran proqramını hazırlayıb həyata keçirməlidir. Hesab edirəm ki, bu iki istiqamət prosesdə aparıcı rol oynayacaq. Əlbəttə ki, yeni hüquqi normativ aktların işlənib hazırlanması istiqamətində təkliflər, yeni maliyyə mənbələrinin axtarılması, tapılması, yaxud da Beynəlxalq Valyuta Fonduna və digər beynəlxalq strukturlara əlavə vəsaitlərin verilməsi, daha çox böhrana məruz qalan ölkələrə kömək prosedurlarının sadələşdirilməsi və sair isiqamətdə təkliflər irəli sürülə bilər.
[b]- İqtisadi böhranın subyektiv səbəbləri deyəndə nəyi nəzərdə tutursunuz? Subyektiv səbəblər hansılardır?[/b]
- Söhbət ondan gedir ki, böhran zamanı iqtisadi fəallığın artırılması istiqamətində işlər görülməlidir. Yeni texnika, texnologiyanın bilavasitə iqtisadiyyata tətbiqi məsələsi sürətləndirilməlidir. Amma bu pul sferasında görülən işlər bütün böhranlar zamanı görülən işlərdir. Yəni, maliyyə sabitliyinin təmin edilməsi istiqamətində, bank sahəsində görülən işlərdir ki, həmin pulların xeyli hissəsi ya yeyilir, ya öz təyinatına görə istifadə edilmir. Yaxud da o, bilavasitə yalnız müəyyən vaxt kəsiyində böhranın səngidilməsinin görüntüsünü yaradır. Amma böhran elə bir vəziyyət yaradıb ki, artıq bunu 1929-1933-cü illərin böyük depressiyaları ilə müqayisə edirlər. Hesab edirəm ki, müəyyən uğyun, oxşar cəhətləri olsa da, 1929-33 illərin böhranı böyük depressiya idi. 2008-ci ildə başlayan və bu il davam edən, nə vaxt qurtaracağı məlum olmayan indiki böhran isə böyük depressiya yox, böyük xaosdur. Böyük xaosdan da çıxmaq həddən artıq çətin olacaq. Bu istiqamətdə atılan maliyyə resurslarının xeyli hissəsi öz təyinatına görə istifadə edilməyəcək.
Əgər bu sahədə ciddi sistemli dərin böhranlara qarşı, cəmiyyət həyatının bütün sahələrində- siyasi, iqtisadi, sosial, hərbi, geopolitik və digər sahələrdə dünya iqtisadiyyatını qorumaq istiqamətində səylər birləşməsə, bu cür kosmetik xarakterli tədbirlərlə vəziyyətdən çıxmaq olmaz. Çünki bu gün böhranın görünən tərəfi aysberqin görünən tərəfi kimi qiymətləndirilməlidir. Aysberqin də görünməyən tərəfi görünən tərəfindən bir neçə dəfə böyük olur. İndi atılan addımlar, görülən işlər yalnız aysberqin görünən tərəfindəki problemin həllinə yönəlib. Amma görünməyən tərəfində spekulyativ xarakterli məsələlər var. Başqa bir tərəfdən, indiki böhranın obyektiv tərəflərilə yanaşı, subyektiv tərəfləri də var. Subyektiv tərəflərin də xeyli hissəsi bilərəkdən bu böhranın yaradılmasıdır. İnsanların, hansısa qrupların bəd əməllərinin nəticəsi kimi bu böhranın ortaya çıxması məsələsidir ki, ondan ötrü də indi irəli sürülən təkliflər böhrandan çıxmaq üçün yetərli olmayacaq. Artıq yeni dünya düzəninin formalaşması, dünyanı faciədən, faciədən qorumaq, dünya iqtisadiyyatını qorumaq üçün yeri modellər işlənib hazırlanmalıdır. Yeni konsepsiyalar işlənib hazırlanmalıdır. Beynəlxalq Valyuta Fondu, Dünya bankı bu cür beynəlxalq və regional təşkilatlar yenidən qurulmalıdır, ölkələr arasında münasibətlər tamamilə elitaların maraqlarına uyğun yox, dünyanın, bəşəriyyətin maraqlarına cavab verən modellərə doğru tamamilə yenidən bir sistem formalaşmalıdır. Onda böhrandan çıxmaq olar. Amma onlar olmayıb, yalnız kosmetik xarakterli əlavə 2 trilyon dolların, ya avronun ortaya atılması böhrandan çıxmaq yox, sadəcə müvəqqəti sakitləşdirmədən uzağa gedə bilməz.
[b]- ?Böyük iyirmiliy?in sammitində qəbul edilən qərarların Azərbaycana nə təsiri ola bilər?[/b]
- Dünya iqtisadiyyatı son onilliklərdə çox nəzərə çarpacaq dərəcədə inteqrasiya olunub. Azərbaycan da dünya iqtisadiyyatının tərkib hissəsi kimi müəyyən istiqamətlərdə dünya iqtisadiyyatı ilə inteqrasiyadadır. Hansı sahələrdə Azərbaycan daha çox inteqrasiyadadırsa, o sahələrdə Azərbaycana qlobal böhranın nəticələri daha güclü təsir göstərir. Məsələn, Azərbaycanın xarici ticarətinin böyük hissəsi neft və neft məhsullarından ibarətdir. Ona görə neftin qiymətinin birdən-birə ötən ilin ortalarından bir barreli 147 dollardan gəlib 40-50 dolların ətrafına düşməsi, Azərbaycanın büdcə gəlirlərini, Dövlət Neft Fondunun gəlirlərini xeyli dərəcədə aşağı salır. Amma Azərbaycanın maliyyə sektoru dünya maliyyə sektorundan asılı olmadığına görə, burada birləşmiş qablar qanunu prinsipi işləmədiyinə görə, dünya maliyyə böhranının Azərbaycanın maliyyə bazarına təsiri neft bazarı ilə müqayisədə azdır. Bu nöqteyi-nəzərdən MDB-yə daxil olan Rusiya, Qazaxıstan bu böhrandan həm dünya neft bazarı vasitəsilə, həm dünya maliyyə bazarı vasitəsilə zərbə aldığı halda, Azərbaycan yalnız bir zərbə- dünya neft bazarı vasitəsilə alır. Bu böhran inkişaf etmiş ölkələrdə yaranıb. Yaranmış xaotik vəziyyəti inkişaf etmiş ölkələr qaynadıb. İnkişaf etmiş ölkələr nə vaxt böhrandan çıxacaqsa, onda digər ölkələr, o cümlədən Azərbaycan da böhran təhlükəsindən azad olmağa başlayacaq. Ona görə də nə qədər dünya ölkələri böhrandan tez çıxsa, Azərbaycan iqtisadiyyatında da vəziyyətin yaxşılaşması istiqamətində müsbət tendensiyalar özünü göstərməyə başlayacaq. Bu, bilavasitə xaricdən əlavə kredit resurslarının gətirilməsi, Azərbaycanın tikinti sektorunda yaranan problemlərlə bağlı məsələlərdir. Xaricə mal göndərən Azərbaycan şirkətlərinin qarşılaşdığı problemlər və digər bu kimi problemlərdi ki, onların zəifləməsi, aradan qalxması üçün dünya iqtisadiyyatının canlanması, dünya iqtisadiyyatında gedən proseslərin müsbətə doğru dəyişməsi çox vacibdir. Çünki Azərbaycan artıq qazanın içindədir, inteqrasifya prosesinə bu və ya digər dərəcədə qoşulduğuna görə, burada birləşmiş qablar prinsipilə yenə də dünya iqtisadiyyatının vəziyyətdən çıxması Azərbaycanın da böhrana qarşı duruş gətirməsində mühüm rol oynayacaq. Amma onu da qeyd edim ki, Azərbaycanın özünün antiböhran proqramı var. Həmin proqram, sistem həyata keçirilməklə, böhranın Azərbaycana təsirini xeyli dərəcədə azaltmaq və başqa ölkələrlə müqayisədə vəziyyətlən daha tez çıxmaq olar.