Nabukko: imkanlar və perspektivler

img

17-03-2009 [06:07]


[b]Əsrin müqaviləsi olan "Bakı-Tbilisi-Ceyhan" neft kəməri müqaviləsindən sonra qapımızın ağzında daha bir nəhəng layihə durur. Bu layihənin beynəlxalq aləmdə qəbul edilmiş adı "Nabukko"dur. Karbohidrogen ehtiyyatları, onların istismarı və nəqli ilə heç bir əlaqəsi olmayan bu adın (Nabukko Babil hökmdarı Navuxanasorun adından götürülüb) arxasında çox böyük geosiyasi məqsədlər, milyardlarla ölçülən iqtisadi gözləntilər, "Şərq-Qərb" oxu boyunca yeni sosial-iqtisadi gəlişmələrin gizlənməsi yəqin ki, heç kim üçün sirr deyil. [/b] Kəməri aktuallaşdıran məqamlar kifayət qədər anlaşılandır. Ötən əsrin sonuncu onilliklərindən başlayaraq Avropa ölkələrinin Rusiyadan qaz asılılığı problemi özünü bütün çılpaqlığı ilə büruzə verir, Rusiyadan Avropaya uzanan qaz kəmərinin alternativsizliyi hər vasitə ilə bu asılılıqdan canını qurtarmağa çalışan ölkələri düşünməyə vadar edir. Bu gün Avropa Birliyinə daxil olan ölkələr qaz nəqlinin elə bir şəbəkəsini qurmaq istəyirlər ki, bu zaman: a) siyasi münasibətlərin gərginliyindən asılı olmayaraq onun maneəsiz nəqlinə; b) qiymətlərlə bağlı iqtisadi sərfəliliyə və nəhayət; c) heç də bunlardan az əhəmiyyət kəsb etməyən ekoloji standartlara nail olunsun. Son aylar Ukrayna və Rusiya arasındakı davamlı qaz mübahisələri diqqəti bir daha layihənin aktuallığına yönəltmiş oldu və nəticədə lap bu yaxınlarda, yanvar ayının sonlarında Rumıniyanın paytaxtı Buxarest şəhərində məsələyə dair beynəlxalq konfrans keçirildi. Sadaladığımız məsələləri də nəzərə alsaq layihənin əsas məqsədinin Avropa Birliyinə daxil olan ölkələrin qaz ixracında monopolist kimi çıxış edən Rusiyanın "Qazprom" Şirkətinin asılılığından yaxa qurtarmaq, Xəzər hövzəsinin qaz ehtiyyatlarının nəqli hesabına bu ölkələrin qazla təminatında siyasi konyunktura müvafiq olaraq, ara-sıra baş verən böhranlı hallardan sığortalanmağın olması qənaətinə gələ bilərik. Çox böyük ehtimalla bu qaz kəməri gələcəkdə İran və İraqın da şəbəkəyə qoşulması üçün geniş imkanlar açılmasını nəzərdə tutur. Bu gün Avropa Birliyinin qaza olan tələbatı 480-490 milyard kubmetrdir və 2030-cu ilə bu rəqəmin 580 milyard kubmetrə qədər artacağı proqnozlaşdırılır. Belə bir mənzərə birliyə daxil olan ölkələri məkanın enerji gələcəyilə bağlı alternativlər axtarışına çıxmağa vadar edir və bu tamamilə təbiidir. Nabukko layihəsi bu alternativlərin içərisində ən böyüyü sayıla bilər. O, öz həcmi, əhatə dairəsi, gerçəkləşdirilməsinə qoyulan yatırımın miqdarı, ehtimal olunan qazanc, ölkələrarası kooperasiyanın çoxtərəfliliyi baxımından digər layihələri xeyli geridə qoyur. Nabukko layihəsi bütövlükdə Türkiyə üzərindən son məntəqəsi Avstriyanın Çexiya ilə sərhədinə yaxın yerdə yerləşmiş Baumqarten yaşayış məntəqəsinə qədər uzanan, uzunluğu təxminən 3300 km, nəqliyyat borusunun diametri 1,42 m olan qaz kəmərinin çəkilməsindən ibarətdir. Onun qabaqcadan müəyyənləşdirilmiş smeta dəyəri təxminən 8 milyard avrodur. Buraya uzunluğu 690 km, kapital qoyuluşu 1 milyard avro olan Cənubi Qafqaz kəmərini də elavə etsək kifayət qədər böyük rəqəm alınar. İdeya müəllifləri Avstriyanın "OMV" Səhmdar Cəmiyyəti və Türkiyənin "Botaş" şirkətidir. Bununla belə, Almaniya, Rumıniya, Macarıstan və Bolqarıstanın bir sıra tanınmış şirkətləri də artıq bu şəbəkəyə daxil olmuş, layihənin gerçəkləşdirilməsində bərabərhüquqlu və bərabər şərtli payçı kimi iştirak edirlər. Layihənin maliyyələşdirilməsi işini Avropa İnvestisiya Bankı həyata keçirəcəkdir. Hazırda layihənin gerçəkləşdirilməsi üçün planlaşdırma işləri aparılır və onun müəyyən detalları dəqiqləşdirilir. Planlaşdırmaya görə, qaz kəməri artıq 2013-cü ildə istismara verilməli və həmin zaman üçün təxminən 31 milyard kubmetr qaz kəmərə daxil olmalıdır. Kəmərə vurulan qazın ilk partiyası Azərbaycana aid olacaqdır. Kiçik zaman məsafəsindən sonra Türkmənistan, İraq və İran qazının da kəmərə vurulması nəzərdə tutulur. Lakin sonuncu iki ölkə ilə bağlı qərarlar hələ tam qəbul edilmədiyi üçün bu barədə yalnız yüksək ehtimallar irəli sürə bilərik. Nabukko haqqında danışarkən diqqət yetiriləsi məqam şübhəsiz ki, onun arxasında gizlənən iqtisadi niyyətlər, bu layihənin geosiyasi əhəmiyyəti, işə cəlb edilmiş oyunçuların maraqları olacaqdır. Burada biz ilk növbədə regional və geosiyasi çəkili üç mərkəzin üzərində xüsusilə dayanmaq istərdik. Bu mərkəzlər Avropa Birliyi ölkələri, Rusiya və Türkiyədir. Sonuncudan başlayaq: Bəzi ekspertlərin gəldiyi qənaətə görə, Nabukko layihəsi Türkiyənin Avropa Birliyinə qovuşması üçün ən əlverişli bir vasitə rolunu oynaya bilər. Bu qənaəti bölüşdürmək olar. Belə ki, layihə gerçəkləşdirildiyi halda bu ölkə beynəlxalq əhəmiyyət kəsb edən iki nəhəng şəbəkənin: Bakı-Tbilisi-Ceyhan və Nabukkonun açarlarını öz əlində saxlayan yeganə ölkə olacaq. Lakin burada olduqca həssas bir məqam var. Məsələ burasındadır ki, Türkiyə qonşu Rusiya ilə bağladığı "Mavi axın" adlanan müqavilənin şərtlərinə görə, öz ölkəsinin qaza olan ehtiyaclarının az qala dörddə üçünü ödəyə bilir. 2008-ci ilin göstəricilərinə görə, "Qazprom" bu ölkəyə təxminən 24 milyard kubmetr qaz ixrac etmişdir ki, bu da daxili tələbatın 63-64 faizi deməkdir. Nabukko ilə bağlı vəziyyətin yuxarıda deyilən şəkildə qərarlaşması hər iki ölkə arasında artıq müəyyən gerginliklər yaradıb. Mətbuatın da yaydığı xəbərlərə görə prezident Gülün bu günlərə təsadüf edən Moskva səfəri zamanı qaz məsələsi müzakirələrin əsas predmetlərindən biri olub. Rusiyanın özünü bu cür aparmasını başa düşmək olar. O, Türkiyənin Nabukko layihəsində lobbist kimi çıxış etməsini özünün gerçəkləşdirməyə çalışdığı və Qara dənizin altı ilə Rusiyanı Cənubi Avropa ilə birləşdirən "Cənub axını" layihəsinə zərbə hesab edir. Rusiya Türkiyənin "Cənub axını"nda tərəfdaş kimi iştirak etməsinə çalışır və bu yolda müəyyən çağırışlar da edib. Bu məqamda ortaq variant kimi kəmərin ona hər addımbaşı başağrısı verən bir ölkənin - Ukraynanın dəniz dayazlığı (şelfi) deyil, nisbətən daha uzun marşrut olan Türkiyə dayazlığı (şelfi) üzərindən çəkilməsi şərtini irəli sürür. Rusiya mediasının verdiyi xəbərlərə görə, Bolqarıstanın baş naziri Pirvanovdan sonra prezident Gülün Moskvaya dəvət edilməsi məhz bu məqsəd üçündür. Az sonra geri çəkilsə də artıq Türkiyə Nabukko kəməri ilə bağlı Qərbə bir qədər sərt səslənə biləcək mesajlar ötürmüş və onun Türkiyə üzərindən reallaşdırılmasına əngəl törədən bəzi məsələlərə eyham vurmuşdur. Lakin Türkiyənin bu təklifə razılıq verməsi iki mühüm məqama görə şübhəli görünür: əvvəla, indicə qeyd etdiyimiz kimi, Nabukko Avropa Birliyi qapılarının Türkiyənin üzünə açılmasında əvəzsiz rol oynaya bilər. İkincisi, "Cənub axını" ilə müqayisədə Nabukkonun ölkəyə verdiyi iqtisadi mənfəət müqayisəyəgəlməz dərəcədə ikincinin xeyrinədir. Təhlilləri apararkən ikinci şirnikləndirici amilə də diqqət yetirməliyik. Türkiyənin Rusiya ilə son zamanlar yaxınlaşması heç kim üçün sirr deyildir. Bu ölkənin son zamanlar Qarabağla bağlı verdiyi ikibaşlı bəyanatlar, bu sahədə əvvəlki mövqələrindən geri çəkilməsi də bəzi mətləblərdən xəbər verir. Hər iki ölkənin iqtisadi münasibətləri olduqca əhatəlidir, onların qarşılıqlı ticarət dövriyyəsinin ümumi həcmi təxminən ildə 40 milyard ABŞ dolları ilə ölçülən bir rəqəmə yaxındır. İndi gündəmdə duran əsas məsələlərdən biri də "Mavi axın-2" layihəsinin gerçəkləşdirilməsi məsələsidir. Bu layihə iqtisadi sərfəlilik və Qafqazda baş verən hadisələr də daxil olmaqla regional siyasi aspektlər baxımından Türkiyə üçün çox cəlbedici görünə bilər. Üstəlik, Avropa məkanına daxil olan digər ölkələrin də bu layihəyə müəyyən maraqlarını nəzərə alsaq, vəziyyəti daha aydın təsəvvür etmək mümkündür. Məsələn, Xorvatiyanın indilərdə Moskva, onun ardınca Ankaraya səfər edən baş naziri bu kəmərin çəkilişi ilə bağlı yaradılan Konsorsiumda iştiraka maraq göstərdiyini ehtiyyatlı şəkildə olsa da bəyan etmişdir. Bəs, Türkiyənin bu məsələdə nümayiş etdirdiyi siyasi gəlişmələri necə izah etmək olardı? Qardaş ölkənin son günlər Nabukko ilə bağlı davranışını bir tərəfdən onun bu yolla Avropa Birliyi ölkələrinə yeni mesajlar ötürmək istəyi kimi dəyərləndirmək mümkündürsə də, digər tərəfdən gəlişmələrin arxasında yeni siyasi düzənə hazırlığın gizlənməsini ehtimal etmək heç də məntiqdən kənar deyildir. Bu arada Yunanıstanın Rusiya qazından imtinaya dair verdiyi bəyanata da məhz bu kontekstdə baxmaq yerinə düşərdi. Nabukko layihəsinin ən aqressiv regional güc mərkəzlərindən biri sayılan Rusiya üçün nə demək olduğunu sübut etməyə ehtiyac yoxdur. Bu layihənin gerçəkləşməsi: - Rusiyanın Avropaya qarşı istifadə etdiyi ən güclü təzyiq vasitələrindən birindən məhrum olması; - Azərbaycan və Türkmənistan kimi ölkələrin bilavasitə və birdəfəlik onun təsir dairəsindən çıxması; - İqtisadi mövqelərin əldən verilməsi və monopolist roldan sıxışdırılması; - Yaxın perspektivdə MDB məkanındakı aparıcı mövqeyin zəifləməsi və nəzarətin əldən buraxılması; - İran və Türkiyə kimi ölkələrlə ilişkilərinin daralması demək olardı. Gürcüstanın karbohidrogen ehtiyyatları nəqlində tranzit ölkə rolunu oynamasını hələ də sinirə bilməyən Rusiyanın ötən ilin avqustunda bu ölkəyə qarşı hərbi müdaxiləsi istənilən halda həmin ölkə ilə münasibətlərdə həddindən artıq ehtiyyatlı olmağa bir işarə idi. Bu hadisə bir daha göstərdi ki, Rusiya heç bir gəlişatla razılaşmadan özünün regional deyil, geosiyasi güc mərkəzi olmasını dünya birliyinə istənilən vasitələrlə sübut etməyə çalışır. Ona görə də biz hər hansı bir addımı atarkən köhnə müharibə ocaqlarının (Məsələn, Qarabağ, Abxaziya) yenidən alovlanması, yeni münaqişə mərkəzlərinin (Cavaxetiya, Azərbaycanın şimal bölgələri) yaranması ehtimalını heç bir halda nəzərdən qaçırmamalıyıq. Nabukko layihəsində əsas maraqlı tərəflərdən biri kimi çıxış edən Avropa Birliyi ölkələrinin istəyi bu sahədə çoxvariantlılığa nail olmaq, qazın idxalını daha yüngül şərtlər altında gerçəkləşdirmək və ən nəhayət qazla təminatın arasıkəsilməzliyini qoruyub saxlamaqdan ibarətdir. Avropa Birliyi ölkələri neft və qazla təminat məsələsində artıq bir neçə dəfə böhranlı zamanlar yaşamışlar və onların bu məsələdə özlərini sığortalamaları bütün cəhətlərdən anlaşılandır. Bəs, kəmərin çəkilməsi zamanı təhlükəsizlik məsələlərinin vəziyyətini necə qiymətləndirmək olar? 2008-ci ilin avqust hadisələri göstərdi ki, Cənubi Qafqaz neft və qaz kəmərlərinin təhlükəsizliyi heç də lazımı səviyyədə deyil. Türkiyənin PKK ilə bağlı daxili problemləri də problemi kifayət qədər ciddiləşdirir. Azərbaycana gəlincə, Ermənistanla hərbi münaqişə vəziyyətində olmağımız bu barədə ayrıca danışmağı tələb edən məsələdir. Münaqişədən irəli gələn özəlliklər heç şübhəsiz ki, Azərbaycanın beynəlxalq iqtisadi əlaqələr və bu əlaqələrdən doğan xarici siyasət xəttinə müəyyən korrektələr edir. Bu baxımdan indi həyata keçirilən balanslaşdırılmış xarici siyasət xəttinin məntiqini başa düşmək olar. Bununla belə, bu siyasətdən irəli gələn bəzi zəif "nöqtələrə" diqqət yönəltməmək də mümkün deyildir. Əvvəla, sırf coğrafi məkan baxımından bu siyasət heç də həmişə bizim üçün sərfəli olan pozitiv effekti vermir. Rusiya bizim yaxın qonşumuzdur, onun əli demək olar ki, hər şeyə çatır. Cənubi Qafqaz ölkələrinin son 20 illik tarixi təcrübəsi göstərir ki, sözə baxmayan hakimiyyətləri dəyişmək onun üçün bir o qədər də çətin deyildir. Əksinə, özünə yaxın olan rejimləri seçkilərdən-seçkilərə müdafiə etməsi də siyasi reallıqlardandır. Deməli, istənilən halda hakimiyyət elan edilmiş balanslaşdırma siyasətinin altından bu ölkə ilə sıx təmaslarını davam etdirməyə məcburdur. Təbii ki, rəsmi müstəvidən kənarda olan bu münasibətlər sistemi ölkənin imicinə bir o qədər də yaxşı təsir göstərə bilməz. İkincisi, əslində vəziyyət heç də göründüyü kimi olmaya da bilər. Əgər biz ABŞ və Avropa ilə yaxın və uzaq gələcək üçün əməkdaşlıq ediriksə, Rusiya ilə münasibətlərimiz bu günə söykənən münasibət təsiri bağışlayır. Bunu Rusiyanın özündə də sezməmiş deyillər və belə bir durum rus "qırğılarını" qıcıqlandırmaya bilməz. Nəhayət, üçüncüsü özünün kimin yanında olmasını bildirmədən yeridilən balanslaşma siyasəti - bu hətta indicə qeyd etdiyimiz formada olsa belə, istər-istəməz bütün tərəfləri narazı salır. Bu baxımdan siyasi şərhçilərdən birinin yaxınlarda verdiyi müsahibədə diqqəti Azərbaycanın hələ strateji seçim etməməsi məsələsinə yönəltməsini tamamilə haqlı saymaq olar. Olduqca ciddi məqamlardan biri kimi Azərbaycan hakimiyyətinin daxili müxalifətlə münasibət qurmağa tələsməməsi, hətta biz deyərdik ki, onlara etinasız yanaşması və bu zaman olduqca qorxulu miqyas almış siyasi İslam amilinə qətiyyən diqqət yetirməməsidir. Oxşar mənzərə bir o qədər də uzaq olmayan keçmişdə şah İranında mövcud idi. Hər dəfə Qərb jurnalistləri Rza Pəhləvidən soruşanda ki, dindarlar tərəfindən gözlənilən hərəkata necə baxır, o, israrla bildirirdi ki, dindarların İran hakimiyyəti üçün qorxusu yoxdur və onun mübarizəsi kommunistlərə qarşıdır. Kəmərin təhlükəsizliyi üçün qorxu törədən amillərdən biri də transmilli koorporasiyaların ölkələrin daxili siyasətində oynadıqları mənfi roldan irəli gələn problemdir. Qeyd etmək yerinə düşərdi ki, bu problem siyasi analitiklərimiz tərəfindən heç bir halda, haqqında yazdığımız siyasi İslam amilinə əhəmiyyətli dərəcədə "yem" verə biləcək bir problem kimi dəyərləndirilmir. Bakıda fəaliyyət göstərən beynəlxalq şirkətlərin yerli işçilərlə gəlmə işçilər arasında qoyduqları fərqlər, bu şirkətlərin demokratiya çağırışlarına etinasız yanaşmaları, bəzən də ironik replikaları, karbohidrogen ehtiyyatlarından əldə edilən gəlirlərdəki pay təmsilçilikləri və digər addımlarının ədalətsiz addımlar kimi dəyərləndirilməsinə dair biz çoxsaylı faktlar gətirə bilərik. Həmin şirkətlərdə çalışanların həyat tərzləri ilə azgəlirli yerli əhalinin həyat tərzlərinin müqayisəsi arada böyük uçurumun mövcud olmasını üzə çıxarır. Oxşar mənzərəni qonşu Gürcüstan və digər ölkələrdə də müşahidə etmək mümkündür. Bu isə son nəticədə sosial narazılıqlar üçün əlavə bəhanələrin yaranması deməkdir və heç şübhəsiz ki, Qərbin "imperialist", "qaniçən" kimi dəyərləndirilməsini bir daha aktuallaşdırır. Azərbaycan layihənin gerçəkləşdirilməsi üçün hansı addımları atmalıdır? Bakıda fəaliyyət göstərən beynəlxalq şirkətlərin yerli işçilərlə gəlmə işçilər arasında qoyduqları fərqlər, bu şirkətlərin demokratiya çağırışlarına etinasız yanaşmaları, bəzən də ironik replikaları, karbohidrogen ehtiyatlarından əldə edilən gəlirlərdəki pay təmsilçilikləri və digər addımlarının ədalətsiz addımlar kimi dəyərləndirilməsinə dair çoxsaylı faktlar gətirə bilərik. Həmin şirkətlərdə çalışanların həyat tərzləri ilə azgəlirli yerli əhalinin həyat tərzinin müqayisəsi arada böyük uçurumun olmasını üzə çıxarır. Oxşar mənzərəni qonşu Gürcüstan və digər ölkələrdə də müşahidə etmək mümkündür. Bu isə son nəticədə sosial narazılıqlar üçün əlavə bəhanələrin yaranması deməkdir və heç şübhəsiz ki, Qərbin "imperialist", "qaniçən" kimi dəyərləndirilməsini bir daha aktuallaşdırır. Azərbaycan layihənin gerçəkləşdirilməsi üçün hansı addımları atmalıdır? Etiraf etməliyik ki, Nabukko məsələsində müəyyən çətinliklərimiz var. Əvvəla, bu kəmərin reallaşdırılmasının iqtisadi sərfəliliyini bir tərəfə qoyaq, bu, ən azı Azərbaycana dövlət müstəqilliyini qorumaq baxımından maraqlıdır. Buna görə də ölkəmiz ən böyük təhlükə - Rusiyanı neytrallaşdırmağa, özü də onu Qərbin əli ilə neytrallaşdırmağa çalışır. Çoxsahəli və olduqca incə diplomatiya tələb edən bu məsələnin məntiqi sonluğa çatması bizim üçün çox vacibdir. İkincisi, Nabokkonun təşəbbüskarlarından biri olan Türkiyə Rusiyanın Türkmən qazını alıb-satdığı kimi, Azərbaycan qazını alıb satmaqda da maraqlı görünür. Dağlıq Qarabağ münaqişəsində bu qardaş ölkənin oynadığı pozitiv mövqeni nəzərə alsaq, bu istiqamətdə də incə diplomatiyanın tələb olunması qənaətinə gələ bilərik. Təbii ki, bir şərtlə: münasibətlərdə güzəştlər olsa da, o, heç bir halda qarşı tərəfin üstün mövqelər əldə etməsi hesabına olmamalıdır. Olduqca diqqət cəlb edən bir məqam ABŞ-ın yeni administrasiyasının regional və beynəlxalq layihələrə münasibəti məsələsidir. ABŞ öz strateji müttəfiqlərinin enerji təminatında çox maraqlıdır. Son aylar İranla münasibətlərin mülayimləşməsi fonunda sonuncunun layihənin işində iştirakı heç də qeyri-real görünmür. Belə bir vəziyyətdən istifadə etmək imkanımız kifayət qədər böyükdür və biz bir güllə ilə iki dovşan vurmaq şansı qazanmış oluruq: bir tərəfdən ABŞ-la İran arasında barışdırıcı mövqedən çıxış etməklə öz beynəlxalq imicimizi möhkəmlədə, digər tərəfdən Cənub qonşumuzun layihəyə qoşulmasına nail olmaqla onun neytrallaşdıra bilərik. Bu ərəfədə Azərbaycan prezidentinin İranın xarici işlər nazirini qəbul etməsini həmin istiqamətdə atılan ilk addım da hesab etmək olardı. Nabukkonun işində ən ciddi əngəllərdən də biri bu günə qədər Ermənistanla müharibə vəziyyətində olmağımızdır. Bizə belə gəlir ki, bu ərəfədə siyasi leksikonumuzda daha çox sülh ritorikasına üstünlük verilməsi, münaqişənin çözülməsində yeni variantların axtarılması və həmin istiqamətdə çoxşaxəli beynəlxalq münasibətlərin qurulmasına ehtiyac vardır. Biz Qərbə tez-tez mesajlar verməliyik ki, problemin sülh yolu ilə həllində maraqlıyıq. Qonşu Türkmənistanla münasibətlərin sıcaqlaşması, bu ölkənin simasında özümüzə yeni müttəfiq qazanmaq baxımından da layihənin böyük əhəmiyyəti vardır. Bu münasibətlərin Rusiyanın başı üzərindən qurulması bir qədər qorxulu olsa da, hər halda ona nail olmağa çalışmaq lazımdır. Və nəhayət, Rusiya. Bu ölkə politoloqların sevimli sözü ilə desək, hələ də "ac və silahlıdır". Sonuncu iqtisadi böhran onun daha da aqressiv davranış nümayiş etdirməsi ehtimalını ortaya qoyur. Üstəlik, belə bir şəraitdə təsir dairəsində yerləşən ölkələrin yavaş-yavaş sürüşüb aradan çıxması onu qəzəbləndirməyə bilməz. Həmin ölkələri yenidən təsir dairəsinə salmaq üçün Rusiya ən müxtəlif variantlardan istifadə edir. Ötən il "Qazprom" rəhbərinin Bakıya səfəri zamanı Azərbaycan qazının dünya qiymətləri ilə satın alınması təklifi buna ən bariz nümunə sayıla bilər. Bu təklifə birmənalı şəkildə "yox" deməyin nə qədər təhlükəli olmasını mütləq diqqətdə saxlamaq lazımdır. Digər tərəfdən, Türkiyənin Nabukkoda iştirakına Rusiyanın münasibəti, Rusiyanın "Cənub axını" layihəsi çərçivəsində reallaşdırmasını nəzərdə tutduğu dənizaltı kəmərə zərər gətirən şəkildə Türkiyənin dəniz dayazlığından keçməsinə dair verdiyi təklif, bu ölkənin iqtisadi maraqlardan daha çox geosiyasi maraqlara can atmasını bir daha qabardır. Oxşar davranış Azərbaycana münasibətdə də özünü büruzə verir. Bəs, bu incə məsələdə hansı addımları atmalı? Neft müqaviləsində olduğu kimi pay bölgüsünə yenidənmi Rusiya şirkətlərini cəlb etməli? Bakı-Novorossiysk istiqamətində paralel qaz kəmərimi çəkməli? Bizə belə gəlir ki, bu məsələyə Rusiya-Türkiyə münasibətləri kontekstindən yanaşılması diqqətçəkən variantlardan biri ola bilərdi. Türkiyəni razı salmaq olardı ki, o, həm Nabukko, həm də "Cənub axını" layihəsində eyni dərəcədə iştiraka can atsın. Burada maraqlı bir ideya - "Mavi axın" layihəsinin Nabukko ilə uzlaşdırılması - ideyası da ortaya atıla bilərdi. Ona görə də Azərbaycan Rusiya tərəfinin istəklərini dəqiq öyrənməli, dövlət maraqlarına ziyan vurmamaq şərtilə bu maraqların qarşılıqlı müzakirəsini aparmalı, bizim üçün sərfəli və ya sərfəli olmayan məqamları qarşı tərəfin diqqətinə çatdırmalı, bu barədə açıq danışmalıdır. İmkan düşdükcə Rusiya tərəfinə Qarabağ məsələsində tutduğu mövqe və bu mövqenin birgə layihələrin gerçəkləşdirilməsində əngəl olması çatdırılmalıdır. Bunu qəbul edərsə, biz, rus şirkətlərinin qaz layihələrinin gerçəkləşdirilməsi işinə cəlb edilməsi barədə danışıqlara gedə, Xəzər hövzəsində yeni yataqların axtarılması üzrə birgə kəşfiyyat işlərinə başlanmasına nail ola bilərdik. Rusiyaya təsir imkanlarından biri də bu ölkədə yaşayıb fəaliyyət göstərən, kifayət qədər təsir imkanlarına malik olan soydaşlarımız və Azərbaycan diasporunun imkanlarından yararlanmaqdır. Azərbaycanlı iş adamları, elm və incəsənət xadimlərinin Rusiya siyasətinə təsir imkanları, bəlkə də postsovet ölkələrinin hər hansı birindən üstündür. Niyə bu imkandan istifadə olunmasın? Açığı, Rusiyadakı lobbiçilik siyasəti təkcə hakimiyyətin qorunub saxlanması deyil, həm də bu istiqamətə köklənməsi günümüzün ən aktual məsələlərindən biridir. Azərbaycan hakimiyyəti daha bir təsirli vasitədən yararlanmaq imkanına malikdir. Bu, ikitərəfli siyasi münasibətlərin qurulmasında "görünməz əl" funksiyasını yerinə yetirən şəxsi münasibətlər amilidir. Bizə belə gəlir ki, şəxsi münasibətlər müstəvisində də elə bir ciddi problemimiz yoxdur. Azərbaycanın rəhbərliyindən tutmuş biznes elitasına qədər geniş bir spektrin Rusiyanın ən müxtəlif dairələri ilə şəxsi əlaqələri vardır. [b]Azərbaycan Modernləşmə Mərkəzi[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA