Deputat: ?Hökumət faktları təhrif edib?

img

13-03-2009 [08:20]


Bu gün Azərbaycan hökuməti Milli Məclisdə ötən ilki fəaliyyətinə dair hesabat verib. RİA-nın məlumatına görə, deputatlara hesabatı baş nazirin birinci müavini Yaqub Eyyubov təqdim edib. Onun sözlərinə görə, hökumətin əsas diqqəti ötən il sosial məsələlərə yönəldilib. Bunun nəticəsində orta aylıq əmək haqqı 268 manata, əmək pensiyalarının orta aylıq məbləği isə 96 manata çatdırılıb. Bütün sahələrdə çalışan vətəndaşların əmək haqları artırılıb, ünvanlı sosial müavinət alanların sayı 700 mini keçib, məcburi köçkünlər üçün son 5 ildə 36 qəsəbə salınıb. 2003-cü ildən 2008-ci ilədək dövlət büdcəsi 10 dəfədən çox, səhiyyə sektoruna büdcədən yönəldilmiş vəsaitlər 6,3 dəfə, kənd təsərrüfatı və meşə təsərrüfatına 5,2 dəfə, təhsil sektoruna 4,8 dəfə, sosial müdafiə və sosial təminata 3,9 dəfə, idman, bədən tərbiyəsinə 4,5 dəfə, müdafiə sektoruna ayrılan vəsaitlər isə 9,7 dəfə artıb. Ötən 5 ildə yoxsulluq səviyyəsi 3-4 dəfə azalaraq 2008-ci ildə 13,2%-ə düşüb. Son 5 ildə əksər rayonlarda iqtisadi artım 2 dəfədən, bəzilərində isə 2,5 dəfədən çox olub. Hesabat dövründə Azərbaycan banklarının aktivləri 53%, kapitalları 47,8%, əhalinin banklardakı əmanətləri isə 29,6% artıb. Ölkənin strateji valyuta ehtiyatları 2009-cu ilin əvvəlinə 18 mlrd. ABŞ dolları təşkil edib. Ötən il ərzində valyuta ehtiyatlarının idarə olunmasından 412 mln. dollar məbləğində gəlir əldə olunub. Neft hasilatı 2,9 dəfə, qaz hasilatı 3 dəfədən çox artıb, ölkənin qazlaşdırılması 85% təşkil edib. Ümumi gücü 750 MVt təşkil edən 6 yeni elektrik stansiyası istismara verilib, enerji istehsalı 24,3% artıb. Nəqliyyat sektorunda həyata keçirilən tikinti və yenidənqurma layihələrinə 2,4 mlrd. manatdan, telekommunikasiya sektoruna isə 775,4 mln. manatdan çox vəsait sərf olunub. Müdafiə sektoruna yönəldilən vəsait 9,7 dəfə artıb. Təkcə ötən il Azərbaycanda ölkənin müdafiəsi üçün həyata keçirilən tədbirlərə dövlət büdcəsindən 1 mlrd. 344 mln. manat vəsait sərf olunub. Müdafiə təyinatlı məhsulların istehsalı üçün Müdafiə Sənayesi Nazirliyinə büdcədən 141 mln. manat vəsait ayrılıb və bu sahədə bir sıra mühüm işlər həyata keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov hesabatı yüksək qiymətləndirib. Hökumətin hesabatının ətraflı və dəqiq hazırlandığını deyən spiker, hesabatda sosial-iqtisadi, mili təhlükəsizlik, mülki müdafiə və digər sahələrlə bağlı aparılan təhlillərin əks olunduğunu vurğulayıb. Ötən il maliyyə böhranının dünyada pik həddə çatdığını deyən sədri, bunun Azərbaycana cüzi təsir göstərdiyini deyib. Onun fikrincə, bu, hökumətin anti-böhran siyasətinin nəticəsidir. ?Bəzən deyirlər ki, hökumətin anti-böhran siyasəti yoxdur, amma belə siyasət var. Bu ərzaq təhlükəsizliyinin təmin edilməsi, istehlak mallarının qiymətlərinin mümkün qədər aşağı salınması, əsassız inhisarçılığın aradan qaldırılması və s. ibarətdir?, - deyə Əəsədov əlavə edib. ?Hökumət faktları gizlədir? Hökumətin hesabatına münasibət bildirən millət vəkili Nəsib Nəsibli sənədin ötənilkindən heç də fərqlənmədiyini bildirib. ?Sadəcə rəqəmlər dəyişdirilib. Dünyada böhran gedir, hələ bir neçə il də davam edəcək. Amma bu hesabat olduqca optimistdir. Sanki böhran Azərbaycana təsir etməyib. Lakin reallıq başqadır. Azərbaycanda da böhran hiss olunmaqdadır. Azərbaycanda korrupsiya, inhisarçılıq, neftdən asılılıq hökm sürür. Amma hökumət bunun qarşısını almaq üçün heç ir tədbir görmür?, - deyə millət vəkili bildirib. Nəsib nəsibli bildirib ki, hökumət dünya iqtisadiyyatındakı böhranın Azərbaycana təsiri ilə bağlı faktları gizlədir. ?İri layihələrin dayanması, ölkədə hətta xırda sahibkarlıq subyektlərinin ciddi problemlərlə üzləşməsi, manatın məzənnəsinin süni şəkildə saxlanması üçün ölkənin külli miqdarda valyuta ehtiyatlarının xərclənməsi Azərbaycan iqtisadiyyatının böhran içərisində olduğunun göstərir?, - deyə millət vəkili bildirib. Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı da dünyadakı iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsir göstərmədiyini iddia edərək bunu, hökumətin səmərəli fəaliyyəti ilə əlaqələndirib. Millət vəkili Əli Hüseynov da həmkarının fikirlərini dəstəkləyib. O deyib ki, ümumdünya maliyyə böhranının Azərbaycana o qədər də təsiri olmayıb. ?İqtisadi böhranın qarşısını almaq üçün dövlət başçısı hökumətə qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib. bu istiqamətdə müəyyən işlər görülüb. 2008-ci ildə əhalinin təkcə pul gəlirləri 36 faiz artıb. Dünyada isə bunun əksi olan proses gedir. Azərbaycan iqtisadiyyatı təkcə neftdən, qazdan asılı deyil?, - deyə millət vəkili əlavə edib. Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Azərbaycanda antiböhran proqramının tətbiq olunmasının vacibliyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA