Hökumət büdcəyə yenidən baxaraq, neftin baza qiymətini 25 dollar/bareldən götürəcək. Azərbaycanın maliyyə naziri Samir Şərifov ANS-ə verdiyi açıqlamada bildirib ki, 2015-ci ilin dekabrında manatın növbəti ucuzlaşması, dövlət büdcəsi xərclərində bir sıra dəyişiklikləri zəruri edib.
Bu xərclər hansılardır? Nazir manatın devalvasiyası isə əlaqədar xərclər bölməsini 1 milyarda yaxın artıracağını söyləyib: "İlk növbədə bizim xarici valyutada borclarımıza xidmət edilməsi ilə bağlı xərclər, xaricdə saxladığımız diplomatik nümayəndələrimizin xərcləridir. Çünki xaricdə olan nümayəndəliklərimizin maaşı xarici valyuta ilə ödənilir. Eyni zamanda beynəlxalq təşkilatlara olan üzvlük haqlarımız və buna oxşar xarici valyutada ifadə olunmuş öhdəliklərimiz var. Bütün bunlar dövlət büdcəsində yeni məzənnə ilə əks olunmalıdır.
Digər tərəfdən, manatın devalvasiyası ilə əlaqədar müəyyən inflyasiya təzyiqləri, yəni qiymətlərin artımı mövcuddur. Bunun üçün dövlət müəyyən tədbirlər görür və yeni sərəncamlar imzalanıb. Bunun bir qismi pensiyaçıların sosial müdafiəsini gücləndirməyə, əmək haqlarının və sosial müavinətlərin artırılmasına yönəlib. Bir sıra yeni sosial yönümlü sərəncamların da imzalanması gözlənilir. Buraya işsizliyin azaldılması, ünvanlı sosial yardıma dövlət büdcəsindən əlavə vəsaitlərin ayrılması və tələbələrin təqaüdlərinin artırılması aid olacaq. Amma bütün bu işləri görmək üçün lazım olan 1 milyard manat dövlət büdcəsində olmalıdır. Amma hazırda təsdiq olunmuş büdcədə bu mövcud deyil".
S.Şərifov büdcənin gəlirlər hissəsinin indiki proqnozdan 200 milyon manat az gəlir daxil olacağını bildirir: "Dövlət büdcəsinə baxılmağı tələb edən digər səbəb isə hazırda mövcud olan gəlir mənbələrindən həmişəkindən daha az gəlir əldə edəcəyimizdir. Bildiyiniz kimi, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq neft şirkətləri dövlət büdcəsinə mənfəət vergisi ödəyir. Bu mənfəət isə onların əsas fəaliyyət növü olan neft-qazdan bilavasitə asılıdır. Bu sahədəki vəziyyət isə hər kəsə aydındır. Neftin qiyməti durmadan enir. 2016-cı ilin dövlət büdcəsi hesablananda neftin bir barelinin qiyməti 50 dollar idi. Büdcəyə yenidən baxılanda isə bu rəqəm 25 dollar olacaq. Bu isə neft sahəsindən əldə olunan gəlirlərin azalması deməkdir. Amma ilin ikinci yarısından sonra isə neftin qiymətində artım gözlənilir. Nəzərə alsaq ki, neftdən əldə olunan gəlirin bir qismi xaricdən gəlir, onda vəziyyət bir az yumşalır. Büdcəyə 200 milyon manat az gəlirin daxil olmasını proqnozlaşdırırıq".
Nazir deyir ki, büdcədəki dəyişikliyə əsasən, gəlirlər və xərclər üzrə proqnozlar 2 milyard manata yaxın artırılacaq: "Vergilər Nazirliyi və Gömrük Xidmətinin xətti ilə daxil olan xərclərə də yenidən baxmışıq. Çünki manatın devalvasiyası Vergilər Nazirliyində müəyyən inflyasiyalar yarada bilər. İqtisadiyyat Nazirliyində isə inflyasiyanın səviyyəsi 10-12 faiz kimi hesablanır. Bunları nəzərə alaraq 2016-cı ilin dövlət büdcəsində gəlirlərimiz artır. Hazırda gəlirlərimiz 14,5 milyarddırsa, yeni təsdiq olunacaq büdcədə isə bu rəqəm 16,4 milyard təşkil edəcək. Dövlət Neft Fondundan isə dövlət büdcəsinə edilən transfertlə manat baxımından çox gəlir əldə olunur. Yəni 1,2 milyard səviyyəsində. Ümumi gəlirimiz isə 1,9 milyard artacaq. Hesab edirəm ki, bunun hesabına tarazlığı əldə edəcəyik.
Xərclərə gəlincə, bu gəlirimiz qədər də artacaq. Bu il gəlirlərimizin artımı 1,9 milyarddan bir qədər aşağı olacaq. Xərclərimiz isə təxminən 2 milyarda yaxın bir səviyyədə artacaq. Bunun əsasını isə sosial yönümlü xərclər tutur. Bu zaman isə dövlət büdcəsində kəsir yaranır. Bu kəsirin aradan qaldırılması istiqamətində işlər aparılmalı və yeni maliyyə imkanları axtarılmalıdır. Biz isə artıq bunu etmişik".
"2015-ci ilin dövlət büdcəsinin icrası zamanı müəyyən qənaətimiz var. Bu qənaət büdcə kəsirinin örtülməsinə yönələcək. Bunun üçün bazara müəyyən istiqrazların buraxılmasını təmin edəcəyik. Bunun hesabına da büdcədə yerdə qalan fərqi də örtəcəyik"-nazir vurğulayıb.
Beləliklə, hökumət büdcədə neftin baza qiymətini 25 dollardan hesablasa da, gəlirlər və xərcləri ixtisar etmək fikrində deyil. Əksinə, gəlirlər 1.9 milyard, xərclər hissəsi isə 2 milyard manat artırılacaq.
Qeyd edək ki, 2016-cı il üzrə dövlət büdcəsinin gəlirləri 14,5 milyard manat, xərcləri isə 16,2 milyard manat təsdiqlənib.
Artımı isə iqtisadiyyatın şaxələndirilməsindən deyil, devalvasiya nəticəsində manatın ucuzlaşması və inflyasiya nəticəsində daxil olacaq əlavə vəsait hesabına reallaşdıracaqlar.
Hələ ötən həftə iqtisadçılardan götürdüyümüz açıqlamalarda büdcədə neftin baza qiyməti ilə bağlı ən optimal variant kimi 35-40 dollar hesab edirdilər. Daha aşağı götürüləcəyi təqdirdə büdcənin bütün parametrlərinin dəyişdiriləcəyini bildirirdilər. Hətta neftin qiymətini büdcədə 40 dollardan götürməli olsalar belə həm gəlirlər, həm də xərclər hissəsinə ciddi dəyişikliklər etməyə məcbur olacaqlarını söyləyirdilər. İqtisadçılar belə olan halda, hökumətin büdcə ixtisarına gedəcəyini gözləyirdilər.
Bizimyol.info