Neft Fondu dollar satacaq

img

06-01-2016 [14:16]


Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gələn həftədən etibarən yenidən daxili banklararası bazarda valyuta satışına başlaması gözlənilir.

ARDNF-nin ən son valyuta satışı dekabrın 8-də baş tutub. O vaxtdan etibarən mütəşəkkil valyuta bazarına intervensiya AMB tərəfindən həyata keçirilib. Nəticədə, dekabrın 21-də "üzən məzənnə"yə keçən AMB dekabrın 25-də valyuta hərracları həyata keçirməyə başlayıb.

ARDNF isə büdcəyə transfertlər proqramı çərçivəsində valyuta satışını bir neçə kommersiya bankı vasitəsi ilə həyata keçirir və satış zamanı AZN/USD məzənnəsi adətən rəsmi məzənnədən 10-15 bənd artıq aparılır.

Qeyd edək ki, AMB-nin valyuta ehtiyatlarının hazırda 4,5 mlrd. dolara qədər gerilədiyi ehtimal edilir. ARDNF-nin satışı bitdikdən sonra AMB-nin yenidən intervensiyaya başlaması üçün Mərkəzi Banka sərəncamında olan xarici qiymətli kağızları satmaq lazım gələcək. Bir müddətdən sonra isə AMB-nin əlavə vəsaitə ehtiyacı yaranacaq və bunun ARDNF-dən cəlb edilməsi mümkündür. Bunun üçün Fond AMB tərəfindən emissiya olunacaq qiymətli kağızları alaraq, Mərkəzi Banka əlavə borc resurslar təqdim edə bilər.

Xatırladaq ki, ARDNF-nin bu il dövlət büdcəsinə 6 mlrd. manat transferti planlaşdırılır. Büdcə təsdiq olunarkən bu vəsait dollar ekvivalentində 4,95 mlrd. dollar təşkil edirdisə, hazırda 3,84 mlrd. dollara bərabərdir. Yəni, ARDNF 1,11 mlrd. dollar və ya 22,4% qənaət etmiş olur və qənaətin məbləğinin il ərzində AMB-nin məzənnə siyasətinə uyğun artacağı gözlənilir.
report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA