Mərkəzi Bankın ehtiyatları sürətlə əriyir - Ekspertdən şərh

img

19-12-2015 [12:19]


"Mərkəzi Bank bir ay ərzində ortalama olaraq 1,2 mlrd. manat milli valyutanın dəyərinin qorunub-saxlanması üçün pul xərcləyib". 

Bu barədə iqtisadçı ekspert Məhəmməd Talıblı son durumu şərh edərkən deyib. Onun sözlərinə görə, bu, 1 gün ərzində 40 mln. manatın intervensiya üçün sərf olunduğunu göstərir: "Bu 8 gün ərzində 320 mln. manat edir. Amma Mərkəzi Bank son 8 gün ərzində isə 750 mln. manat xərclədi. Düşünülə bilər ki, ola bilsin, bir həftə daha çox, digər həftə ondan daha az vəsait xərclənə bilər. Burada qeyri-adi nə var ki? Əsla, qərar verməyə tələsməyin. Əgər iqtisadiyyatın özünün təbii axarı ilə gedirsə, onda valyuta dalğalanmaları sərt amplitudalarla getməli deyil. Əgər o varsa, iqtisadiyyatda kənar impulslar və ya bazar iştirakçılarının davranışlarında hansısa tendensiyalar müşahidə olunur. Bunu dərindən təhlil edib monetr proseslərə yön vermək haqqında düşünməyə ehtiyac yaranır. Nə baş verdi ki, valyuta bazarında bu qədər dollar yığımı həyata keçirildi ki, MB nəzərdə tutulduğundan artıq məbləğdə vəsaitin intervensiyası üçün qərar verdi? Burada bir neçə ağlabatan versiyanı istisna etmirəm.

Birinci versiya, Dövlət Neft Fondunun valyutanın satışını dayandırmağa qərar verəndən sonra Mərkəzi Bankın əməliyyatlara artıq vəsaitə tələbin formalaşması ilə bağlılığı var. Valyutanın satış kanalının daralması digər birində satış həcminin artımını bu səviyyədə şərtləndirməli deyildi. Amma bu oldu.
İkinci versiya, FED-in uçot stavkasının yüksəldilməsi dollara tələbi artıracaq ki, bu da hələ ki, daha çox bahalaşmayan dollarla yığımların edilməsi və ya onun bahalı bir valyuta kimi saxlanmasını zəruri etdi. Buna görə, "süni tənəffüz sisteminə qoşulmuş” manatla yığımdansa, əməliyyatları və yığımları dollarla həyata keçirmək daha çox tərcih olunur.
Üçüncü versiya, "ABŞ-ın Demokrataiya Aktı” layihəsinin müzakirəyə çıxarılacağı və onun təsirinə düşən sanksiyaların əhatə etdiyi oliqarxiyanın hazırlıq tədbirlərinə başlaması ilə bağlı ola bilər. Bu ölkədən xaricə pul axınının güclənməsi üçün əsas ola bilər.

Hər bir halda may ayına qədər MB-ın ehtiyatlarının tam əriyəcəyini proqnozlaşdırdığımız halda, deyəsən, o vaxta orada bir şey qalmayacaq. Belə ki, MB-ın yalnız bir həftə ərzində 750 milyon manatın intervensiyasından sonra bankın ehtiyatları 6,2 mlrd. manatdan 5,5 mlrd. manat düşdü".






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA