"Biznesmenlər nəyə bahalı qaz almalıdırlar ki?!" - Gürcülərin yeni qaz savaşı

img

28-10-2015 [17:59]


Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili Azərbaycana qarşı "qaz müharibəsi"ni dəstəkləyir.

ANS PRESS-in məlumatına görə, keçmiş baş nazir, "Gürcü xəyalı" koalisiyasının banisi Bidzina İvanişvili Gürcüstana qazın çatdırılmasının diversifikasiya ideyasını dəstəkləyib. 

Onun sözlərinə görə, Rusiya qazını bütün Avropa alır və bundan sonra Gürcüstan da alsa, burada qeyri-adi heç nə olmayacaq.

Baş nazir əlavə edib ki, Gürcüstan Rusiya qazının Ermənistana ümumi tranzit həcminin 10%-ni götürür. Nəql edilən qazın həcmi nə qədər çox olsa, Gürcüstan bir o qədər tanzit həcmindən artıq pul alacaq.

"Bazarın diversifikasiya olunmasında və bizim biznesmenlərə istədikləri yerdən əlavə qaz almaq imkanı yaradılmasında pis heç nə görmürəm. Biz onlara seçim imkanı verməliyik. Hazırda ona çalışırıq ki, Gürcüstana İran qazı da daxil olsun. Şəxsən mən özüm bu işdə aktivlik nümayış etdirirəm" - deyə İvanişvili qeyd edib.

Milyader, həmçinin, deyib ki, Azərbaycan qazı Rusiya qazından daha ucuzdur: "Biznesmenlər nəyə bahalı qaz almalıdırlar ki?! Qoy, haradan ucuzu tapa bilirlərsə, alsınlar. Buna görə biz Azərbaycana və "SOCAR"-a öz minnətdarlığımızı bildiririk", - deyə İvanişvili əlavə edib.

O, SOCAR-ın əməkdaşları ilə tanışlığından və onlarla əlaqələrinin yaxşı olduğundan da danışıb.

Ötən gün baş nazir "Qazprom”la danışıqların ancaq tranzit məsələləri ilə bağlı olduğunu desə də, energetika naziri Kaxa Kaladze İvanişvilinin də iştirakı ilə Rusiyadan kommersiya təyinatlı qaz alınmasına dair danışıqlar aparıb. Bu isə SOCAR-ın Gürcüstandakı əsas gəlir mənbəyinin əlindən çıxmasına gətirib çıxara bilər.

İvanişvili Gürcüstanda hakimiyyətə gələndən sonra SOCAR-ı enerji daşıyıcılarının qiymətini süni şəkildə artırmaqda ittiham etmişdi. Lakin SOCAR-ın Gürcüstana az qala Azərbaycan əhalisinə satdığı qiymətə sosial təyinatlı qaz satdığı üzə çıxandan sonra hakimiyyət susub.

Bu il oktyabrın 18-də isə Gürcüstanda hökümət kanselyariyası qarşısında "Qazprom” yox!” adı altında etiraz aksiyası keçirilib. Bu da Rusiyadan alınan qazın qiymətinin qəfil qalxması ilə əlaqədar olub.

Ona görə, Gürcüstanın "Qazprom”la apardığı danışıqlar və Azərbaycanla tərəfdaşlığının pozulacağı haqda gəzən söz-söhbətlər fonunda oktyabrın 12-də Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Bakıya səfəri baş tutub. Səfər çərçivəsində prezident İlham Əliyev və İrakli Qaribaşvili arasında iki tərəfli görüş baş tutub. Görüşdə ölkələrin münasibətləri, o cümlədən energetika sahəsindəki əməkdaşlıq müzakirə olunub.

Qaribaşvili Azərbaycanı tərk etdikdən sonra Prezident İlham Əliyevin Gürcüstana səfər edəcəyi elan edilib. İlham Əliyev noyabrın 6-da Gürcüstana gedəcək. SOCAR rəhbərliyi bildirib ki, Gürcüstanın "Qazprom”la danışıqlarından narahat deyil və rəqabətə hazırdır.


Azərbaycanın Gürcüstandan keçən neft və qaz kəmərləri

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA