“Prezidentin fərmanı 30-40 faiz ucuzlaşmaya səbəb olacaq” - Ekspert

img

21-10-2015 [13:44]


Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasda sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olduğunu, yoxlamaların, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarının artdığı ilə bağlı çıxış etmişdi.

Prezident belə halların qarşısının alınacağını, nəticə çıxarmayanların cəzalandırılacağını qeyd etmişdi.

İclasdan bir neçə gün sonra isə prezident qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərib. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Qanun layihəsi Milli Məclisin son plenar iclasında səsə qoyularaq qəbul edilib.

İqtisadçı ekspert Rəşad HəsənovAzNews.az-a açıqlamasında prezidentin fərmanını şərh edib. O, sözügedən fərmanı Prezidentin Nazirlər Kabinetinin son iclasındakı çıxışının davamı kimi qiymətləndirib:"Əgər fərmanda nəzərdə tutulanların yerinə yetirilməsinə nəzarət olacaqsa, bu zaman sahibkarlıq fəaliyyətinə xeyirindən danışmaq olar. Əvvəlki dövrlərdə Azərbaycanda mövcud olan 5-dən artıq dövlət qurumunun müxtəlif fəaliyyət növləri üzrə lisenziya və icazə vermək səlahiyyəti vardı. Bu öz-özlüyündə subyektiv yanaşmalar ortaya qoyurdu. İcazələr verilən zaman fərqli metodlar, prosedur qaydaları tətbiq olunurdu. Bundan əlavə bu hal hansısa formada nöqsanlarla, korrupsiya ilə mübarizə aparmağın qarşısında xüsusi maneə idi. Bu, ona şərait yaradırdı ki, hansısa qurumlar özlərinə yaxın bildiyi sahibkarlara daha üstün mövqe nümayiş etdirirdilər. Bu isə növbəti dövrlər üçün monopoliyanın əsas səbəblərindən sayılırdı”.



Ekspert qeyd edib ki, bundan sonrakı dövrlərdə istənilən sahibkar "Asan” xidmət vasitəsi ilə lisenziyaları əldə edə biləcək:"Çünki fərmanın ən böyük tələblərindən biri məhz bundan ibarətdir. Bu, özü şəfaflığı təmin edəcək, subyektiv yanaşmanı aradan qaldıracaq. Sahibkar tələb olunan formada fəaliyyətini təmin edəcək. Bu, bazar iştirakçılarının sayını artıracaq, rəqabət mühitini gücləndirəcək. Eyni zamanda inhisarçı qiymətlərin aşağı düşməsinə şərait yaradacaq. Əvvəlki illərdə lisenziyaların verilməsində inhisarçılıq vardı. Yüksək qiymətlər mövcud idi. Lakin bu fərman öz-özlüyündə bazarlardakı qiymətlərdə 30-40 faiz azalmaya gətirəcək”.

R.Həsənov lisenziyaların verilməsi ilə bağlı elektron portalın yaradılması ilə bağlı məsələyə də toxunub:"Elektron portalın yaradılması Azərbaycanda elektron hökümətin əhatə dairəsinin genişləndirilməsinə gətirib çıxaracaq. Fərmanda nəzərdə tutulan tələblərin icrası mümkün olarsa həqiqətən Azərbaycanda yaxın dövr ərzində sahibkarlıq fəaliyyəti, real sektor çox ciddi uğur əldə edə bilər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA