"Bu bölgənin insanları hamısı qəhrəmandır..." - Deputatdan Naxçıvanla bağlı etiraz

img

02-10-2015 [23:49]


"2015-ci ilin büdcəsi ilə müqayisədə gələn ilin büdcəsində aqrar sektora, kənd təsərrüfatına ayrılan vəsaitin həcminin 10,2 manat artırılması böyük göstəricidir və müsbət addımdır".

Bunu Milli Məclisin (MM) 5 komitəsinin 2016-cı ilin dövlət büdcəsinə zərfinə həsr olunmuş birgə iclasında parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib

Komitə sədrinin dediyinə görə, kənd təsərrüfatına bu həcmdə vəsaitin artırılması, həm də bu sahəyə sərmayə qoyulması deməkdir:

"Vəsait, sərmayə o yerə ayrılır ki, oradan gəlir əldə edilir, inkişaf müşahidə olunur. Bu baxımdan hesab edirəm ki, həmin 10,2 milyon manat vəsait Azərbaycanın kənd təsərrüfatının inkişafına, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına öz müsbət töhfəsini verəcək".

Bununla yanaşı, komitə sədri gələn ilin büdcəsində Naxçıvan Muxtar Respublikasına ayrılan subsidiyanın həcminin azaldılmasına narazılığını bildirib: "Büdcədə Naxçıvana ayrılan subsidiyanın həcminin 15 milyon manat azaldılması nəzərdə tutulub. Bu, düzgün deyil. Mən demirəm ki, bu vəsaitin həcmini artıraq, heç olmasa, onu 2015-ci ildə nəzərdə tutulduğu kimi saxlayaq. İnanın, Ziyafət müəllim də, Allah şahiddir, biz hər dəfə Naxçıvana təyyarə ilə gedib-gələndə ölüb-dirilirik. Çünki Naxçıvan hava məkanından başqa yol yoxdur.

25 ildən çoxdur ki, Naxçıvanın Ermənistanın blokadasında yaşayır. Bu bölgənin insanları hamısı qəhrəmandır. Naxçıvanı başqa bölgələrlə eyniləşdirmək olmaz, oradakı vəziyyəti, insanları nəzərə almaq lazımdır. Düzdür, blokada şəraitinə baxmayaraq, Naxçıvandakı inkişaf Azərbaycanın digər bölgələrindəki inkişafdan yüksəkdir, amma bununla belə, hər bir məsələni düzgün götür-qoy etmək lazımdır. Oraya ayrılan subsidiyanın həcmini azaltmaq düzgün deyil" (Qafqazinfo.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA