“Hökumət devalvasiyanı ertələməyə çalışacaq” - Ekspertdən proqnoz

img

26-08-2015 [11:05]


"Mərkəzi Bankın ikinci devalvasiya qərarını yaxınlaşdıran ciddi amillər var”.

Bunu Mia.az-a açıqlamasında iqtisadçı ekspert Məhəmməd Talıblı bildirib.

Ekspert hesab edir ki, son zamanlar neftin qiymətinin kritik həddə (40 dollarbarel) yaxınlaşması sürətlənir:"Belə qiymət həddindən sonra ölkəyə valyuta daxilolmaları azalır və Mərkəzi Bank milli valyutanın dəyərini saxlamaq üçün rezervlərini xərcləməkdə çətinlik çəkir. Ona görə, hökumət çalışır ki, Mərkəzi Bankın rezervləri inersiya ilə azalsın və ya ümumiyyətlə azalmasın. Amma dünyada neftin qiymətinin düşmə ehtimalının daha çox olacağını proqnozlaşdırmağa əsas verən obyektiv proseslər də sürətlənir”.

Ekspert buna obyektiv əsaslarının olduğunu deyir:"İri neft istehlakçılarının (ABŞ və Çin) iqtisadiyyatlarında maraqlı proseslər gedir. ABŞ-ın şist neftinin hasilatının yüksəlməsi onun özünün neft idxalını azaltmasına səbəbə olub. Hətta şist qazın ixracına görə ötən il rekord nəticə əldə edib. Çin iqtisadiyyatında iqtisadi artım templərinin geriləməsi də bu ölkə üçün neftə tələbin azalmasına səbəb olub. Yeri gəlmişkən Çin dünya neft tələbatının 12 faizini təmin edir. OPEK ötən ay gündəlik hasilat kvotasında 2 milyon barel daha çox neft hasil edib. OPEK-in əsas neft oyunçusu olduğunu nəzərə alsaq, onun rolunu da doğru qiymətləndirmək lazımdır”.

M.Talıblı hesab edir ki, İrana qarşı beynəlxalq sanksiyaların aradan qaldırılması dünya bazarına daha çox neft hasil edilməsinə gətirib çıxarır:"Bu isə neftə tələbin azalmasını və qiymət enməsinin daha çox olacağını ehtimal etməyə əsas verir. Bütün bunlar neftin qiymətinin düşməsi və devalvasiya üçün obyektiv amillərdir. Subyektiv amil isə ondan ibarətdir ki, hökumət devalvasiyanı mümkün qədər ertələməyə çalışacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA