SOCAR-dan Bakı-Ərzurum qaz kəmərində baş verən partlayışla bağlı - AÇIQLAMA

img

25-08-2015 [15:19]


Xəbər verdiyimiz kimi, avqustun 24-ü gecə saatlarında Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin Türkiyənin Qars vilayətinin Sarıqamış bölgəsindən keçən hissəsində yenidən partlayış törədilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) qaz boru kəmərinin partlayışın baş verdiyi hissəsinin operatoru olan və kəmərin mühafizəsi işini həyata keçirən Türkiyənin "Botaş” şirkəti ilə daimi əlaqədədir.

 SOCAR-dan bildirilib ki, "Botaş” şirkətindən verilən məlumata görə, hazırda boru kəmərində təmir işlərinə başlanılıb və partlayışın səbəbləri araşdırılır. Boru kəmərində təmir işlərinin bir neçə gün davam edəcəyi qeyd olunub.

Bildirilib ki, avqustun 23-ü axşam saatlarından etibarən Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” platformasından qazın hasilatı bərpa edilib. Platformanın tam gücü ilə işlənilməsi prosesi isə mərhələli şəkildə həyata keçirilir.

Xatırladaq ki, "Şahdəniz” layihəsinin operatoru olan bp şirkəti illik iş proqramına əsasən avqustun 2-dən "Şahdəniz” platformasının, həmçinin Səngəçal terminalındakı "Şahdəniz” qurğularının təxminən 20 gün ərzində planlaşdırılmış dayandırılması proqramını həyata keçirib. Plana uyğun olaraq profilaktik, inspeksiya və layihə işlərinin səmərəli aparılması məqsədilə "Şahdəniz” platformasından hasilat avqustun 2-dən başlayaraq tədricən azalmışdı.

Qeyd edək ki, avqustun 3-də də Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin həmin hissəsində partlayış törədilmişdi(Modern.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA